Rahat Amerika...

Saakaşvili 10 dəfə fikirləşməli olacaq
Hər halda Amerikadakı pedaqoji fəaliyyəti Gürcüstan həbsxanasına dəyişmək istəməz

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər. Bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə bildirib. Bundan əvvəl Tbilisi Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etsə də, Kiyev tərəfindən qəbul edilməyib.

Lakin iyulun 26-da keçmiş qubernatorun Ukrayna vətəndaşlığından məhrum edilməsi ekstradisiyanı mümkün hala gətirib. Xatırladaq ki, hazırda ABŞ-da olan Mixail Saakaşvili vətəndaşlıqdan atılmasını sərt tənqid edib və tezliklə Ukraynaya qayıdacağını bildirib.

 Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Poroşenko eks-qubernatoru vətəndaşlıqdan məhrum edərkən bütün məqamları ölçüb-biçib. Onun sözlərinə görə, qərarın Saakaşvilinin Amerikada olarkən verilməsi təsadüfi deyil: 

"Şübhəsiz ki, Ukrayna hakimiyyəti Saakaşvilinin ABŞ-dan geri dönə biləcəyini hesablayıb. Prokurorluq tərəfindən verilən açıqlamanın səbəbi Saakaşvilinin Ukraynaya gəlişinin qarşısını almaqdır. Yəni, bu, sabiq prezidentə xəbərdarlıqdır. Zənn edirəm ki, sonuncu açıqlamadan sonra Saakaşvili ölkəyə qayıdıb-qayıtmamaqla bağlı 10 dəfə düşünməli olacaq. Fikrimcə, risk etməyəcək. Hər halda Amerikadakı pedaqoji fəaliyyəti Gürcüstan həbsxanasına dəyişmək istəməz. Kiyev hökuməti düşünərək bu cür addım atıb. 

Poroşenko bir müddət öncə Gürcüstana rəsmi səfər etdi və bunun ardınca Saakaşvili vətəndaşlıqdan məhrum edildi. Bunun iki səbəbi var. Poroşenko Saakaşvilinin sərt müxalifət fəaliyyətindən narahatdır. İkinci məsələ isə Gürcüstanla münasibətlərin normallaşmasıdır. Bunun şərtlərindən biri Saakaşvilinin Ukraynadan uzaqlaşdırılması idi. Bu iki addımın ikisini də Poroşenko atdı. O baxımdan Saakaşvili rahat Amerika davam etdirəcək”.

İsmayıl