“Rahat uyu, Cənab general” - “Şərq”çilər Əliağa Şıxlinskinin məzarını ziyarət edib

"Şərq” qəzeti redaksiyası "Cümhuriyyətçi jurnalistlər” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında müstəsna xidmətləri olmuş general-leytenant Əliağa Şıxlinskinin məzarını ziyarət etdi. "Niyə Əliağa Şıxlinskinin məzarı”, deyə maraqlananlar, soruşanlar ola bilər. 
Ona görə ki, Cümhuriyyətimizi heçdən var edən nəhəng şəxsiyyətlərin məzarları, təəssüf ki, Vətəndə deyil. Şərqdə ilk demokratik, dünyəvi bir dövlət qurmuş şəxslərin adlarını sadaladıqca, acı bir mənzərə ilə üz-üzə qalırıq. Bu torpağa qəlbi ilə, qanı ilə bağlı olan, dövlət qurub dövlətçilik, xalqın dirçəlişi, milli ideyalar uğruna ömürlərini, canlarını fəda etmiş şəxsiyyətlərimizin demək olar, hamısı Vətəndən kənarda, qürbətdə dünyasını dəyişib. 
Eləsi var, nə zaman dünyadan köçdüyü, məzarının harada olduğu da bilinmir. General Əliağa Şıxlinski o məsud şəxslərdəndir ki, Vətən torpağında dəfn olunmaq səadətinə nəsibdir. Bir halda ki, Əliağa Şıxlinskinin məzarı Bakıdadır, onu ziyarət etmək hər zaman, amma xüsusilə AXC-nin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda lazımlıdır, vacibdir. Bir Cümhuriyyət qurucusunun məzarının ziyarəti boynumuzun borcudur.
Xatırladaq ki, Əliağa Şıxlinskinin məzarını qələm dostumuz Ləman Əliəşrəfqızı tapmışdı və bu dahi barədə xüsusi buraxılışa müəlliflik etmişdi. Biz də jurnalist həmkarımızın iziylə generalın məzarını Yasamal qəbiristanlığında ziyarətə getdik. Onu da deyək ki, məzarı tapmaq, yenə çox çətin oldu. Amma tapdıq və məzarı qarşısında dayanıb ruhuna dua oxuduq.
Buradaca bildirək ki, generalın məzarının sağ və sol yanında iki məzar var. Baş redaktorumuz əski əlifbaya vaqif olduğundan başdaşlarındakı yazıları oxudu. Məlum oldu ki, sol tərəfdəki məzar generalın həyat yoldaşı Nigar xanım Şıxlinskinin, sağdakı isə Nigar xanımın anası Səadət xanım Qayıblının (Qayıbova)dır. Vəfat tarixindən məlum olurdu ki, həyat yoldaşı generaldan öncə vəfat edib. Baş redaktorumuz dedi ki, həyat yoldaşının yanında dəfn olunmağı general öz vəsiyyətində yazıbmış.
Söz yenə, təbii ki, "Şərq”in baş redaktoru Akif Aşırlının idi. A.Aşırlı biz "şərqçi”ləri məzarın ətrafına toplayıb Əliağa Şıxlinskinin həyatını danışdı:
- General-leytenant Əliağa Şıxlinski AXC-nin qurulmasında Milli ordunun formalaşmasında böyük xidmətləri olmuş bir şəxsdir. Hər bir dövlətin varlığı nə dərəcədə milli-mədəni köklərlə bağlıdırsa, o dərəcədə də ordusuyla, Vətən uğrunda canını fəda etməyə hazır əsgərləriylə bağlıdır. Ordu, dövlətin əsas atributlarından biridir. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun başında da məhz general-leytenant Əliağa Şıxlinski dayanıb. 1917-ci ilin məlum oktyabr hadisələrindən sonra Zaqafqaziya Seymi yarandı. Zaqafqaziyada 3 dövlətin - Azərbaycan, Gürcüstan, Ermənistan təşəkkül tapması məsələsi vardı. Və bu 3 dövlətin hər birinin də ordusu olmalıydı. 
O zaman qərara alınmışdı ki, Çar Rusiyasının Zaqafqaziyada qalmış hərbi bazaları bu dövlətlərin ixtiyarına verilsin. O zamana qədər Azərbaycanda hərbi diviziya fəaliyyət göstərmişdi, lakin hərbçilərimiz, zabitlərimiz az idi. Əliağa Şıxlinski Çar Rusiyası zamanında Tiflisdə Hərbi Gimnaziyanı topçuluq üzrə bitirmişdi. Birinci Cahan Savaşında Çar Rusiyası ordusunda briqada komandirliyinədək yüksəlmişdi. 1917-ci ilin dekabrında Tiflisə gəlir. Azərbaycan Milli Şurası milli ordu quruculuğunu, müsəlman korpusu yaratmağı ona həvalə edir. Fətəli Xan Xoyskinin Zaqafqaziya Seyminə təqdim etdiyi qanunvericilik aktına görə, Milli Müsəlman Korpusu təşkil olunur və bu barədə qəzetlərdə məlumatlar verilir. Ə.Şıxlinski Milli Müsəlman Korpusunu təşkil edir. Çar Rusiyasının Bakı və Gəncədə olan hərbi hissələri milliləşdirilməli və Milli Müsəlman Korpusuna verilməli idi, lakin buna müqavimət göstərilirdi. Ə.Şıxlinskinin vasitəsilə 1100 nəfərlik Milli Korpusun təməli qoyulur. Məhz bu hərbi birləşmələr bolşeviklərin hücumlarının qarşısını almaq üçün Hacıqabula hərəkət edir. Lakin qüvvələrin qeyri-bərabərliyi milli korpus hissələrinin geri çəkilməsinə səbəb olur. Qafqaz İslam Ordusu Azərbaycana gəldikdən sonra bu korpus Qafqaz İslam Ordusunun tərkibinə qatılır. Ordunun tərkibində Azərbaycan qol ordusu yaradılır. Bu orduya da Əliağa Şıxlinski komandanlıq edirdi. Əliağa Şıxlinski Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə yaxın dost və köməkçisi olub. Bakının bolşevik-daşnak dəstələrindən xilasında, digər hərbi əməliyyatların təşkili və icrasında müstəsna xidmətlər göstərib. Göyçaya Nuru Paşa ilə birgə gedib və orada da hərbi əməliyyatlarda iştirak edib.
 Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Kabinetində Səməd bəy Mehmandarov müdafiə naziri, Əliağa Şıxlinski isə Baş Qərargah rəisi təyin edilib. Əliağa Şıxlinski Çar Rusiyası ordusunda xidmət etdiyi vaxt gəzdirdiyi "xaç” nişanını çıxarıb 23 ay milli ordu mundiri geyinən generalımızdı. Əliağa Şıxlinski "Artilleriyanın Allahı” adını qazanmışdı. O, cəmi 23 ayda gördüyü işlərlə tarixə adını əbədi həkk edən generalımızdı. 1920-ci ildə bolşeviklərin işğalının qarşısını almaq üçün Azərbaycanın 40 minlik ordusu vardı. Lakin erməni daşnaklarının Qarabağda törətdiyi vəhşiliklərin qarşısını almaq üçün ordu hissələri ora göndərilmişdi. Ordu hissələri bir neçə yerə parçalanmışdı. Ona görə də ordumuz bolşeviklərə lazımi müqaviməti göstərə bilmədi. Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Əliağa Şıxlinskini güllələmək istəyib. Lakin Nəriman Nərimanov buna mane olub və genarallar - Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskini xilas etmək üçün onlardan Qırmızı Orduda istifadə edilə biləcəyini deyib. 
N.Nərimanov Leninə məktubunda yazıb ki, bu iki generalı sizin sərəncamınıza göndərirəm. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər Milli ordunun general və zabit heyətinin əksərini Nargin adasında güllələmişdilər. Əliağa Şıxlinskinin qardaşı Cavad Şıxlinski isə Gəncə qiyamına rəhbərlik etmişdi. Əliağa Şıxlinski Azərbaycanda ilk hərbi lüğətin müəllifidir. Bu nəhəng insan Azərbaycanın istiqlalı, müstəqilliyi uğrunda sözün əsl mənasında canını fəda edib. Hərbi biliyindən, səriştəsindən Azərbaycanın milli ordusunun yaranması, təşəkkül tapması üçün istifadə edib. Azərbaycan xalqı Milli Ordu quruculuğunu məhz bu insana borcludur. General-leytenant Əliağa Şıxlinski 1943-cü ildə vəfat edib. Ömrünün son illərində ona yaxın qohumları qulluq edib. 
Vəsiyyətində yazıb ki, məzarının üzərində başdaşı qoyulmasın. Məzarını ziyarət edənlər çiçək dəstəsi də gətirməsinlər. Yas mərasimi təşkil edilməsini də istəməyib və bunu da vəsiyyətində ağrılı bir şəkildə qeyd edib: "Mənim ev əşyalarımı satsanız da, yas mərasimi üçün kifayət etməz”. Bu da böyük şəxsiyyətin sadə, təvazökar həyat tərzi keçirdiyindən xəbər verir. Zatən, qəlbində böyük ürək döyünənlər var-dövlətə heç vaxt maraq göstərmir. Onlar həyatlarının mənasını da, istiqballarını da Azərbaycanın var olmasında görürdülər. Azərbaycan varsa, biz də var olacağıq deyirdilər. Rahat uyu, Cənab General! Azərbaycan Var. Sən də onun, dünya durduqca, ilk Generalısan!..
Təsadüfə bax ki, Əliağa Şıxlinskinin məzarını ziyarət edib bitirdikdə qarşımıza cümhuriyyət dövrünün publisisti, pedaqoq, 1911-1920-ci illərdə nəşr olunan "Məktəb” jurnalının baş redaktoru Qafur Rəşad Mirzəzadənin məzarı çıxdı. 
"Cümhuriyyətçi jurnalistlər”dən daha birini də "tapdıq”. Qafur Rəşadın həyatı da çox keşməkeşli olub. Bu insan ömrünü uşaqlarımızın savadlanmasına həsr edib. 
Dərsliklər nəşr edib. Çox çətin bir dövrdə "Məktəb” jurnalını çap etdirib. 1920-ci ildə isə jurnalın nəşrini artıq davam etdirə bilməyib.
Qafur Rəşadın məzarı başında dayandıq, ruhuna dua oxuduq. Allah rəhmət eləsin. Nə yaxşı ki, sizlər varsınız, Azərbaycanın tarixində!..
Məlahət Rzayeva