Ramazan ayı iyunun 18-də başlayır

Qazılar Şurası din xadimlərinə xəbərdarlıq etdi
“İftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinin...!”





Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Qazılar Şurasının dünən keçirilən iclasında bildirilib ki, hicri təqvimilə Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyunun 18-nə təsadüf edir.

İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan bayramı - Şəvval ayının 1-i miladi təqvimlə iyulun 19-na və ya 20-nə təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası da hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-na, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-na, iyulun 13-dən 14-nə keçən gecə) təsadüf edir. Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər. Belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

"Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən təvəqqe edirik!

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!”

Məlahət