Hüquq müdafiəçiləri ümid edir, cəmiyyətdə də gözləntilər var
Ölkəmizdə hər bayram ərəfəsi Prezident İlham Əliyevin əfv sərəncamı imzalaması bir ənənəyə çevrilib. Ölkə başçısı bu addımı atmaqla hər bayramda onlarla Azərbaycan ailəsinə ikiqat sevinc bəxş edir. Məhz bu baxımdan Ramazan bayramına sayılı günlər qaldığı bir vaxtda əfvin olacağına dair ümidverici məlumatlar yayılır. Hətta bəzi ictimaiyyət nümayəndələri də dövlət başçısının növbəti dəfə humanist addım atacağına ümidvar olduqlarını iddia edirlər.
Məsələ ilə bağlı "Şərq”ə danışan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da bu sərəncamın imzalanacağını gözləyir: "İşimizi görmüşük. Siyahını aidiyyəti quruma göndərmişik. Bu məsələyə hələ aprel ayında baxmışdıq. Güman edirik ki, Ramazan bayramında bu fərman imzalanacaq”.
Onun sözlərinə görə, əfvin olacağına dair konkret rəy bildirmək düzgün deyil: "Bu, birbaşa ölkə başçısı cənab İlham Əliyevlə bağlıdır. Cənab prezident istəsə, edəcək. Amma ümidvaram ki, əziz bayram günündə bu xoşmərmalı hadisə yaşanacaq”.
Müsahibimiz təqdim etdikləri siyahıda siyasi məhbus adlandırılanların da yer aldığını söylədi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bildirib ki, hər bayramda olduğu kimi Ramazan bayramı ərəfəsində də cəmiyyətdə əfv ümidləri var. Bu da ondan irəli gəlir ki, cənab Prezident İlham Əliyev hər zaman insanlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş etməyə çalışır: "Ümumiyyətlə, bu, bizim ictimaiyyət tərəfindən uzun müddət formalaşmış bir gözləntidir. Əfv vermək cənab Prezidentin sadəcə hüququdur, vəzifəsi deyil. Ölkə başçısı bu hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Ona görə də hazırda əfvin olub-olmamasına Əfv Komissiyasının üzvlərinin münasibət bildirməsi və yaxud da konkret tarix açıqlaması nə hüquqi baxımdan, nə də etika baxımından doğru hesab edilir. Çünki bu bizim səlahiyyətimizdə deyil. Bu yalnız cənab Prezidentin səlahiyyətindədir”. Eyni zamanda A.Quliyev qeyd edib ki, əfv sektoru daim fəaliyyətdə olan bir orqandır: "İlboyu müxtəlif vətəndaşlardan, məhbusların özlərindən, yaxınlarından, qeyri-hökumət təşkilatlarından bizə müraciət daxil olur və müvafiq qaydada həmin müraciətlərlə bağlı arayışlar hazırlanır. Bu arayışlar isə əfv komissiyasının iclasında təqdim olunur və komissiyanın üzvləri hər bir müraciətə çox diqqətlə, təmkinlə baxır, araşdırırlar. Bundan sonra ölkə Prezidentinə müvafiq tövsiyə xarakterli təklif hazırlanır. Hazırda sənədlərin baxılması prosesi gedir. Amma bununla əlaqədar komissiyanın iclası hələ ki, olmayıb.
Əfv Komissiyasının hansı qərara gələcəyi və Prezidentin kimləri əfv edib-etməyəcəyi barədə isə dəqiq heç nə demək olmaz”.
Ayyət Əhməd