Onlar nə torpaq sahələri ala bilirlər, nə də ev tikə bilirlər
Millət vəkili və iqtisadçı-ekspert sosial evlərdən danışdı
Milli Məclisin bu günlərdə baş tutan iclasında xanım millət vəkili Elmira Axundova sosial evlər məsələsini növbəti dəfə gündəmə gətirib. Deputat bildirib ki, hazırda mənzil qıtlığı ilə əlaqədar çox gərgin vəziyyət yaranıb:
"Şəxsən mənim qəbuluma yüzlərlə adam məhz ev şəraiti ilə əlaqədar gəlir. Bütün regionlarda belə demək olarsa, ucuz sosial mənzillər tikilməli və müxtəlif güzəştlərlə, aşağı qiymətlə xüsusən çoxuşaqlı, aztəminatlı, gənc ailələrin ixtiyarına verilməlidir. Biz bu barədə uzun illərdir ki, danışırıq, amma sözdən irəli getmirik. Sosial Mənzil Fondunun yaradılması tikinti sektorunda canlanmaya səbəb ola bilər. Ona görə ki, sosial mənzillərin tikintisində iştirak edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər ediləcək”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə "Şərq”ə söyləyib ki, müəyyən proqram hazırlanmalı və insanlar mənzillə təmin olunmalıdırlar:
"Söhbət yalnız paytaxt Bakıdan getmir. Evsizlik problemi rayonlarda da mövcuddur. Nə torpaq sahələri ala bilirlər, nə də ev tikə bilirlər. Bu problem var. Sosial evlərlə bağlı çox böyük təcrübələr mövcuddur. Doğrudur, ipoteka ilə əlaqədar müəyyən işlər görülür. 50 milyon manat ayrılıb və evlər tikilir. Bu da yetərli deyil. Sosial evlərin tikilməsi çox vacibdir. Ortada Almaniya və Türkiyə təcrübəsi mövcuddur. O təcrübələrdən istifadə edib, layihəni başlamaq lazımdır. O evləri tikib, 25-30 il müddətinə insanlara verirsən, onlar da gedib, yaşayır”.
Deputat onu da əlavə edib ki, indiki halda bu layihənin başlanması inandırıcı görünmür: "Hazırda çox ciddi problemlər var. Ona görə də sözügedən layihə 2-3-cü plana düşüb. Devalvasiyadan sonra müəyyən problemlər yaranıb. Çətinliklər həllini tapandan sonra bu məsələyə qayıtmaq olar”.
İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, dövlətin ipoteka proqramı bu tələbatın 8-10 faizini ödəyə bilir:
"Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həddi 20 faiz, güzəştli ipotekada isə 15 faizdir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur. Buna görə də hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı, dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır. Bunun üçün nə edilməlidir? Qısaca olaraq aşağıdakıları qeyd etmək istəyirəm. Əvvəla, ipoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməlidir. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var. İkincisi, "Tikinti əmanət bankları haqqında” qanun qəbul olunmalıdır. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edəcək. Üçüncüsü, əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün "Hamı üçün ev” xüsusi dövlət proqramı (2016-2020-ci illər) işlənib hazırlanaraq qəbul edilməlidir. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti bunun reallaşdırılmasına imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmaqla bu problemi həll etmək olar”.
Ayyət Əhməd