Rayonlarda uşaq psixi sağlamlıq kabinetləri açıqlacaq

Psixoloqlar bu addımı təqdirə layiq hal kimi qiymətləndirdilər
Arzu Müzəffərova: "Bu cür xidmətlər psixi sağlamlıq kabinetlərində deyil, geniş bağ -bağatı olan yerlərdə reabilitasiya mərkəzlərində göstərilsə daha gözəl olardı"
Fərqanə Mehmanqızı: "Bölgələrdə autizm, defisit, inkişafdan geri qalan uşaqlar çoxdur. Adətən onlar diqqətdən kənar qalırlar"
Fərəh Quliyeva: "Bəzən valideyinlər övladlarının psixoloji problemlərinin olmasını qəbul eləmirlər. Düşünürlər ki, yemək içməkləri, əyin başları qaydasında olan uşağın nə problemi ola bilər ki!?"
Azərbaycanın 5 rayonunda uşaq psixi sağlamlıq kabinetləri açıqlacaq. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılovun dediyinə görə, yeni uşaq psixi sağlamlıq kabinetləri səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Lənkəran, Şirvan, Mingəçevir, Gəncə, Qubada yaradılacaq. Onun sözlərinə görə, bunlar bölgələrdəki uşaq polinlinikalarının bazasında fəaliyyət göstərəcək və uşaqlar uçün psixi sağlamlıq xidmətləri göstəriləcək. Bunun çox vacib məsələ olduğunu deyən F.İsmayılov qeyd edib ki, autizm, defisit, inkişafdan geri qalan uşaqlara psixi sağlamlıq kabinetlərində müxtəlif mütəxəssislər tərəfindən kompleks yardım göstəriləcək.
Psixi sağlamlıq kabinetlərinin açılmasının təqdirə layiq hal olduğunu vurğulayan psixoloq -konsultant Arzu Müzəffərova hesab edir ki, bu cür xidmətlər psixi sağlamlıq kabinetlərində deyil, geniş bağ -bağatı olan yerlərdə reabilitasiya mərkəzlərində göstərilsə daha gözəl olardı: "Autizm, defisit sindiromlu uşaqların inkişafına geniş sahəli yerlərdə daha tez nail olmaq olur. Bu cür uşaqları adətən valideyinləri cəmiyyətdən uzaq saxlayırlar. Hansı ki, hər sindiromlu uşaq eyni olmur. İnkişafdan geri qalan uşaqlara fərdi yanaşmaqla effekt daha gözəl olur. Belə uşaqların insanlarla, təbiətlə ünsiyyətdə olması inkişaf baxımından daha faydalıdır”.
Psixoloq Fərqanə Mehmanqızı da deyib ki, bölgələrdəki uşaqların ailələrin diqqətdən kənar qalmaması üçün bu kimi mərkəzlərin açılması müsbət haldır: "Bölgələrdə autizm, defisit, inkişafdan geri qalan uşaqlar çoxdur. Adətən onlar diqqətdən kənar qalırlar. Hansı ki, onlar da bizim gələcəyimizdir və dövlət belə uşaqlardan öz qayğısını əsirgəməməlidir”.
Psixoloq Fərəh Quliyeva da əyalətlərdə psixi sağlamlıq kabinetlərinin açılmasının vətəndaşlarımız üçün olduqca əhəmiyyətli olacağını düşünür. Onun sözlərinə görə, bu layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların yararlana biləcəyi mərkəzlər olacaq. Eyni zamanda, valideyinlərin övladlarına qarşı diqqət və qayğıları daha da artmış olacaq. Psixoloqun sözlərinə görə, bu sahədə ciddi inkişafa nail olmaq üçün kompleks addımlar atılmalı, köklü inkişaf sferası olmalıdır. Bunun üçün yetərli qədər şərait və imkanlarımız var. Əyalətlərdəki valideyinlərin autizm, defisit kimi uşaqlarının qayğısına qalmasının bir qədər çətin olduğunu vurğulayan F. Quliyevanın sözlərinə görə, bu cür tədbirləri davam etdirmək yolu ilə onlara dəstək olmaq, yüklərini azaltmaq lazımdır: "Bunun yolu isə maarifləndirmədən keçir. Valideynlərin övladların həyatında oynadıqları rol barədə müzakirələr aparılmalıdır. Həqiqətən də elə valideynlər var ki, uşaqlarına son dərəcə diqqətlə və qayğı ilə yanaşırlar. Hətta övladlarınını ifadə edə bilmədiyi ehtiyacları belə asanlıqla anlayırlar. Mənə elə gəlir ki, beyinlərdəki bəzi şablonlar qırılmalı və qayğının, diqqətin ən gözəl müalicə üsulu olduğunu insanlara aşılanmalıdır. Övladı gün ərzində daha çox ağlamağa meyl edən, həddindən artıq hiperaktiv olan, bacı və ya qardaşını incidən, bağçaya, məktəbə getmk istəməyən, özünə qapanan, ruhdan düşən valideynlər mütləq bir mütəxəssisə müraciət etməlidir. Əvvəllər valideynlərin rayonlardan paytaxta gəlmək imkanları olmurdu deyə onları övladının taleyinə qarşı laqeydlikdə qınamaq da olmurdu. Amma indi rayonlarda açılan psixi inkişaf mərkəzləri onlar üçün bir fürsət rolunu oynayacaq. Bəzən valideyinlər övladlarının psixoloji problemlərinin olmasını qəbul eləmirlər. Düşünürlər ki, yemək içməkləri, əyin başları qaydasında olan uşağın nə problemi ola bilər ki!? Bunun əsas səbəbi isə valideyinlərin psixi sağlamlıq barəsində məlumatsız olmasıdır. Biz uşaqlar gələcəyimizdir ifadəsini tez- tez eşidirik. Halbuki gələcəyimiz olan övladlarımızın sağlam və faydalı böyüməsi üçün ilk şərt valideyinlərin inkişafa açıq olmasıdır. Uşaqlara düzgün tərbiyə verilməsi ilə bağlı onların maariffləndirilməsi çox əhəmiyyətlidir. Əziz valideyinlər, inkişafımız sağlam düşüncəmizdən keçir. Övladlarınıza edə biləcəyiniz ən böyük yaxşılıq onların mütəxəssislərə etibar etməyinizdir. Uşaqlar güləndə bütün dünya üzümüzə gülmüş kimi olur, gəlin dünyamızı üzümüzə daha çox güldürək. Təbii ki, son seçim sizin əlinizdədir. Sizdə əlinizdə olan bu fürsətdən faydalanın və övladlarınızın qayğısına onların psixi sağlamlıq və inkişaflarını düşünərək qalın!”
Şəymən