Razılıq əldə olunub: “Əvvəlcə 5 rayonumuz işğaldan azad olunacaq”

Novruz Məmmədov: “Nalbandyan mərhələli həll variantını dərhal paket variantı etdi”



Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Lent.az-ın ANS-ə istinadən məlumatına görə, bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər” - deyə administrasiya rəhbərinin müavini bildirib.

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi”. Bunu da Novruz Məmmədov "Feysbuk”dakı səhifəsində yazıb. O qeyd edib: "Nalbəndyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.