"Reklam mətnləri dil normalarına uyğun olmalıdır, amma bizdə..." - Professor




Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov reklamların hazırlanmasındakı nöqsanların aradan qaldırılması ilə bağlı maraqlı təkliflə çıxş edib. O qeyd edib ki, reklamların hazırlanmasında dilçilər iştirak etməlidir. Reklam hazırlayanlar dilçi mütəxəssis deyillər. Bu səbəbdən də reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirak etməsi mütləqdir:

"Reklam hazırlamaq üçün müxtəlif sahələrdən şəxslər dəvət olunur. Həmin mütəxəssislərin isə çoxu Azərbaycan dilini, onun qayda-qanunlarını yaxşı bilmirlər. Hətta bəziləri rus dilli, bəziləri xaricdə təhsil almış olur. Reklam işi aparan qurumlarda dilçi ştatının olması şərtdir.

Təklifə münasibət bildirən tanınmış teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli "Sherg.az”a bildirib ki, bu təklifi müsbət dəyərləndirir:

"Reklamların mətnlərinin hazırlanmasında dilçilərin iştirakının olmağı yaxşı haldır. Amma reklamın hazırlanması çox ciddi texnoloji prosesdir. Ona görə də, dilçilərin reklamların hazırlanmasında iştirak etməklərinə o qədər də ehtiyac yoxdur. Sadəcə olaraq reklam mətnləri yazılarkən onu hazırlayanlar mətnləri dilçiyə, jurnalistə, yazıçıya, yəni dildən anlayışı olan adamlara göstərə bilər. Çünki keçmişdə belə bir təcrübə olub. 1990-cı ilin əvvəllərində məhz bu sahədə mütəxəsisslərin nəzarəti olub. Çünki reklam mətnləri dil normalarına uyğun olmalıdır. 

Amma düşünürəm ki, bizdə reklam işi yeni mərhələyə daxil olub. Cənab Prezidentin sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Güman edirəm ki, o reklam agentliyi işinin tamam fərqli tərzdə quracaq. Fikrimcə, reklam işində səhman, nizam, tənzimləmə olacaq. O cümlədən də əminəm ki, dil məsələləri də qaydasına qoyulacaq”.

Q.Məhərrəmli onu da diqqətə çatdırıb ki, hazırda dilimizlə bağlı ciddi problemlər var:

"İnsanların dilin normalarına əməl etməməsi çox ciddi nöqsanlardandır. Bunun aradan qaldırılması üçündə əsaslı işlər aparılmalı, fəaliyyət göstərilməlidir. Bütün bunlarla da Dilçilik institutu, media, akademiyanın başqa humanitar institutları və bütöv ictimaiyyət məşğul omalıdır. 2013-cü ildə dillə bağlı dövlət dil proqramı tətbiq olunub. Həmin proqramda da bu istiqamətlərin hər biri dəqiq göstərilib, bununla bağlı dilçilik institutu və digər qurumlara da qərarın icrası üçün tapşırıq verilib”.

Kənan Eynuroğlu