Rektor şərait yaratdı

İmtahanların açıq monitorinqi aparıldı
Tələbələrin fikirləri öyrənilib, onların bəziləri təkliflər verib



Azərbaycan Dillər Universitetində imtahanların şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə açıq şəkildə imtahanlar keçirilib.
Belə ki, universitetin rektoru, professor, millət vəkili Səməd Seyidovun müvafiq əmrinə əmrinə əsasən builki imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvətilə tələbələrin valideynləri, QHT üzvləri, ictimai təşkilat nümayəndələri universitetdə imtahanların gedişatını izləyiblər.

İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı-direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov iştirak edib. İmtahanların yüksək səviyyədə keçdiyini və bütün lazımi şəraitin yaradıldığını bildirən tələbələr eyni zamanda imtahanla bağlı öz təkliflərini səsləndiriblər.

İmtahanın aparılmasını müşahidə edən "Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov "Şərq”ə danışarkən imtahanların belə formada açıq və şəffaf keçirilməsinə dair atılan addımı müsbət qiymətləndirib: "Mən ilk dəfə belə monitorinq qrupunda iştirak edirdim. Ancaq digər həmkarlarım belə müşahidələri bir neçə dəfə aparıblar. Müşahidələrimiz zamanı heç bir şübhəli və neqativ halla qarşılaşmadıq. Hətta müəllim-tələbə münasibətlərinin qapalı olduğunu da görmədim. Belə təcrübənin həyata keçirilməsi yaxşı haldır. Bununla yanaşı, imtahan prosesinin izlənməsi təcrübəsini genişləndirmək olar. İmtahanların monitorinqləri zamanı tələbələrin də fikirlərini öyrəndik və onlar da bəzi təkliflər verdi. Sonra biz prorektorla görüşdük və müzakirələr apardıq. Ümumiyyətlə isə imtahan proseslərinin gedişatını normal hesab edirəm”.

H.Həsənov həmçinin bildirib ki, universitet rəhbərliyi belə addım atmaqla tələbələrin təşəbbüslərinə açıq olduğunu göstərib: "Çünki universitetdə imtahanaların və tədris prosesinin şəffaf keçirilməsində maraqlıdır. Belə monitorinqlərin aparılması daha təkmil variantda digər universitetlərdə nümunə kimi həyata keçirilə bilər”.

Qeyd edək ki, ADU-da yaz imtahan sessiyasına mayın 12-dən başlanılıb. Yaz imtahan sessiyası 6 fakültənin Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili) Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti Pedaqoji fakültədə aprelin 20-dən mayın 26-dək, Tərcümə fakültəsi və Əlavə təhsil fakültəsi üzrə isə aprelin 27-dən mayın 31-dək müəyyən edilib. Yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb.

Vüqar Şahinoğlu