"Rembo” danışır, amma ayağa qalxa bilmir

Yaralı hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb, ev yemekləri yeyir


Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanan, sol gözünü itirən "Rembo” ləqəbli tankçı hərbçimiz Razi Cavadov komadan tam ayılıb. Yaralı əsgərimizin həkimi ilə danışan və mütəmadi olaraq medianı məlumatlandıran həmkarımız Aqil Aslanın "Şərq”ə verdiyi məlumata görə, düşmənin snayper gülləsindən ağır zədə almış yaralı hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb: "Komadan ayılmasına baxmayaraq patologiyanın ağırlığına görə səhhəti hələ tam olaraq yaxşı sayılmır. Yəni müalicəsi uzun çəkəcək”.
"Rembo”nun ayağa durub gəzə bilmədiyini vurğulayan həmkarımız onu əlil arabasında gəzdirildiyini deyib: " Həkimlə elə yeni danışmışam. Vəziyyəti yaxşıdır və bərpa müalicəsi gedir. Hələlik ayağa qalxa bilmir. Bu dəqiqə masaj və sair proseduraları həyata keçirir. Dərmanları da azaldılıb.
Bundan sonra etap-etap müalicəsi gedəcək. Yanına gələn qohumları ilə danışır, hətta ev yeməkləri də yeyir. İnşallah, ayağa qalxdıqdan sonra hərbçi olduğu üçün ilk növbədə evə - məzuniyyətə buraxılacaq”.

Qeyd edək ki, "Rembo” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alır.

Şəymən