Rəqabət olmadığına görə qiymətlər bahadır

“Bir istirahət mərkəzi 10-15 nəfəri qəbul etməklə özünü dolandırır”“Onun üçün qiyməti aşağı salmaq sərfəli deyil. Çünki qiymət aşağı salınsa, gələnlərin sayı artacaq, müştəri çoxalacaq, bu zaman həmin istirahət mərkəzi adamları qəbul edib xidmət göstərə bilməyəcək”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra vacib məsələlərə toxundu. O cümlədən cənab Prezident ölkə əhalisini hazırda ən çox maraqlandıran məsələdən - turizm mərkəzləri, aviabilet və otel qiymətlərinin bahalığından da danışdı.
Dövlət başçısı bildirdi ki, xüsusilə də, I Avropa Oyunlarından sonra ölkəmizə maraq daha da artıb və turist axını güclənməkdədir. Bunu nəzərə alaraq turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması təmin edilməlidir.
Qeyd edilməlidir ki, Prezident bu çıxışı ilə ölkə əhalisinin də ürəyindən xəbər vermiş oldu. Sirr deyil ki, Azərbaycan əhalisi xarici ölkələrə təyyarə səfərlərini Gürcüstan vasitəsilə həyata keçirməyi üstün tutur. Məsələn, İstanbula səfər etmək istəyən azərbaycanlı üçün, Bakıdan avtobusla və ya avtomobillə Tiflisə gedib, oradan təyyarə bileti almaq qat-qat ucuz başa gəlir, nəinki "AZAL”ın Bakı-İstanbul reysi ilə uçmaq. Eləcə də, Avropanın hansısa dövlətinə, hətta keçmiş sovet respublikalarına səfər etmək də Azərbaycana nisbətən Gürcüstandan daha ucuz başa gəlir.
Problem təkcə bu deyil. Ölkəmizdə adi istirahət mərkəzlərində də qiymətlər bahadır. Deyək ki, İsmayıllıda, Qubada dincəlmək üçün bir ailənin həftəlik xərci azı 1000 manat təşkil edir. Amma Tiflisə səfər etmək, Batumi, Qabuleti kimi turizm məkanlarında istirahət etmək üçün 300 manatın olması yetərlidir. Bu məbləğə istədiyin kimi dincələ bilərsən. Məsələn, Batumidə oteldə gecələmək 12 AZN-dirsə, bizim İsmayıllıda otel otağı bir gecə üçün 30-50 manatdır.
Yayın qızmar istirahət mövsümündə isə qiymətlər də "qızışır”. Nabranda koteclərdə gecələməyin qiyməti 20 manata qalxır. Ailəvi istirahət-əyləncə mərkəzlərində ilin yorğunluğunu çıxarmaq istəyənlər, gərək il uzunu əmək haqlarını toplayalar.
Bahalı otellərə heç kim getmir
Azərbaycanda istirahət etmək, həm də yerli əhali üçün niyə bu qədər bahadır?
İqtisadçı Samir Əliyevin fikrincə, bunun bir çox səbəbləri var:
- Turizmin inkişafında iki şərt əsasdır; ya ucuz qiymət, ya da keyfiyyətli xidmət. Məsələn, Asiya ölkələrində qiymət ucuzdur, Avropada isə keyfiyyət yüksəkdir. Dərd burasındadır ki, bizdə bunların heç biri yoxdur. Qiymət bahadır, keyfiyyətsə aşağıdır. Bizim otellərdə xidmətin keyfiyyəti "ulduz”ların sayı ilə tərs-mütənasibdir. Ayrı-ayrı bölgələrdə bahalı otellər tikilib. Bəs kim gedir o otellərə? Orta səviyyəli azərbaycanlı gedib o otellərdə qala bilərmi? Xeyr. Həmin otellərdə ancaq müəyyən məmurlar, oliqarxlar qalır, bir də ki, müəyyən regional, beynəlxalq tədbirlər olanda xarici qonaqlar. Biz turizmin inkişaf etməsini istəyiriksə, bölgələrdə kiçik həcmli, ancaq normal şəraiti olan, orta azərbaycanlının büdcəsinə uyğun mehmanxanalar tikməliyik. Bilirsiz, bütün dünyada qəbul olunmuş qayda budur ki, turistə 5 "ulduz”lu, 7 "ulduz”lu otel lazım deyil. Turist oteldə qalmağa getmir. Turistə gecəni haradasa keçirmək lazımdı. Onun üçün maraqlı da deyil, heç sərfəli də deyil ki, 5 və ya 7 "ulduzlu” oteldə gecələsin. Turist gəzmək, maraqlı, tarixi abidələr görmək, getdiyi ölkə ilə mümkün qədər çox tanış olmaq istəyir. Bunun üçün də gərək tur-gəzintilər təşkil edilsin, görməli yerlər göstərilsin. Azərbaycanda gəzməli yer haradır? Bir dənə həqiqətən də füsunkar görünüşə malik Göy-Gölümüz var, o da qapalı zonaya çevrilib. Sıravi adamlar ora buraxılmır, turistlər də getmir. Son illər Qəbələ inkişaf edib. Orada da, yenə bahalı otellərdir. Ayrı-ayrılıqda gözəl təbiət mənzərələri olan yerlərimiz var, İsmayıllı, Şəki kimi. Ancaq orada infrastruktur problemi var. Tutalım şəlalə gözəldir, amma yolu pisdir, gedib çıxmaq olmur. Şəkiyə gedən avtomobillər ilişib qalır yolda və s. Mənzərə gözəldi, ətrafı zibillikdir. Təhlükəsizlik, xidmət, servis məsələləri də həllini tapmayıb. Belə problemlər var ki, bunlar hamısı ümumilikdə turizmin inkişafını əngəlləyir.
Qiymət bahalığının ikinci ən böyük səbəbi rəqabətin olmamasıdır. Rəqabət olmadığına görə qiymətlər də bahadır, keyfiyyət də aşağıdır. Bir istirahət mərkəzi 10-15 nəfəri qəbul etməklə özünü dolandırır. Onun üçün qiyməti aşağı salmaq sərfəli deyil. Çünki qiymət aşağı salınsa, gələnlərin sayı artacaq, müştəri çoxalacaq, bu zaman həmin istirahət mərkəzi adamları qəbul edib xidmət göstərə bilməyəcək. Bizim istirahət mərkəzlərinin əksəriyyəti azsaylı müştərilər üçün uyğundur. Çoxsaylı müştərilərə xidmət göstərmək bacarığına malik deyillər. İstirahət mərkəzləri azsaylı müştəri ilə qazanc əldə edir. İstirahət mərkəzlərinin mövsümlə əlaqədar vergilərinin azaldılması təklifini də effektiv saymıram. Bu, bizə heç nə verməyəcək. Daxili turizm həmişə ucuz olmalıdır. Qayda belədir. Bizdə isə əksinədir. İnsanlar müqayisədə qonşu ölkələrdə dincəlməyin ölkədə dincəlməkdən daha üstün olduğunu görürlər. Və təbii olaraq düşünürlər ki, 500 manat burada xərcləyib, istədiyim xidməti görməyəcəyəmsə, yaxşısı budur, 500 manata Antalyaya səfər edim. Xarici ölkələr həmişə insanları cəlb edir. İnsanlar bu amillə hərəkət edir ki, pul xərcləyirəmsə, yaxşı yerə xərcləyim. Yerli istirahət məkanları daha ucuz olmalıdır ki, sadəcə, istirahət etmək, yorğunluğu atmaq istəyənlər yerli istirahət məkanlarını seçsinlər.
Gürcüstanda 500 manatlıq kef
S.Əliyev qeyd etdi ki, istirahət mərkəzlərinin hazırkı qiymətləri əhalinin aztəminatlı təbəqəsinin imkanları xaricindədir. Lakin iqtisadçı Prezidentin məlum çıxışından sonra istirahət mərkəzləri və aviabilet qiymətlərində əsaslı dəyişiklik olacağını düşünür.
Hazırkı vəziyyətdə isə ölkə vətəndaşlarının istirahət üçün başqa ölkələri seçməsi təbiidir:
- 500 manatla Gürcüstanda istədiyin kimi istirahət edə bilərsən. 500 AZN-i gürcü puluna çevirəndə hardasa, 1000 lari edir. 1000 lari ilə istədiyin yerləri gəzirsən, yeyirsən, normal otellərdə gecələyirsən. 1000 lari ilə 1 həftə istirahət edə bilərsən. Gəlin, düşünək, həmin pula Azərbaycanda harada, həm də bir həftə ərzində dincəlmək olar?!
İstirahət məkanlarında qiymətlər çox bahadır. Əhalinin ən çox üz tutduğu Nabran istirahət zonasında 1 sutka qalmaq 100 manata başa gəlir. Koteclərin qiyməti 100 manatdan başlayır. Kiçik istirahət mərkəzləri var ki, 1 otağın qiyməti 15-55 manat arasıdır, özü də yeməksiz. Gərək yeməyini özün təmin edəsən. Yəni, qiymət fərqi göz önündədir, ona görə də vətəndaşlar xarici ölkələri seçir.
Antalya İsmayıllıya "qalib gəlir”
- Türkiyədə bir həftəlik istirahətə 1 nəfər üçün 700 dollar ödənilirsə, Azərbaycanda bir həftəyə 2-3 min manat tələb olunur. Türkiyədə bu işlər çox gözəl təşkil olunub. Orada bələdiyyələr gəzinti, istirahət parkları salır, ucuz qiymətə insanlara "lüks” xidmət təklif edirlər. Təsəvvür edin ki, Türkiyənin ekoloji cəhətdən ikinci şəhəri statusunu qazanmış Yalovada bizim pulla cəmi 1 manata 24 saat istirahət edə bilirsən. Amma Nabranda ən azından gərək 100 manatın ola. Halbuki Yalovada istirahət üçün ödədiyin 1 manata bütün gərəkli məsələlər daxildi. Təhlükəsizlik məsələlərindən tutmuş, təcili tibbi yardıma qədər. Bəs Nabranda sənə nə verirlər? Bir kotec. Yeməyi gərək özün alasan. Türkiyədə bu işlərlə bələdiyyələr məşğuldu. Əraziləri alır, istirahət məkanı halına gətirirlər. Yüksək səviyyədə servis təşkil olunur. Bizdə isə təəssüf ki, əhali üçün bu imkanlar yaradılmayıb. Burada heç dəniz sahilində - çimərliklərdə insanlar sərbəst istirahət edə bilmirlər. Çimərliyə daxil olmaq, dəniz sahilində adicə uzanıb günəşlənmək üçün mütləq ödəniş etməlisən. Belədə, əlbəttə, insan Türkiyədə - Antalya, Bodrumda istirahət etməyi seçəcək, nəinki hansısa yerli bölgədə. Bir var, 1000 manat sərf edib Antalyada dincələsən, bir də var, Qubada, İsmayıllıda.
Məlahət Rzayeva