Buna görə Türkiyə “İncirlik” hərbi bazasının bağlanmasını gündəmə gətirib
"İncirlik” hərbi-hava bazasının fəaliyyət istiqaməti ilə müxtəlif iddialar ortaya çıxıb. Məhz, bu şübhələr fonunda bazanın bağlanması gündəmə gəlib. Rəsmi Ankara ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin "İncirlik” hərbi bazasında yerləşməsinin məqsədəuyğunluğunu sual altına qoyub.
Baş nazirin müavini Veysi Kaynakın sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi bazadan istifadəsi məsələsi hökumətin gündəliyində olub.
Qeyd olunur ki, Ankara ABŞ-ın Suriya məsələsində dəstək verməməsindən üzgündür. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri "İncirlik” hərbi bazasından ABŞ ilə Türkiyə arasında imzalanan hərbi və iqtisadi əməkdaşlıq üzrə razılaşma əsasında istifadə edir.
Türkiyə Prezidenti Aparatının sözçüsü İbrahim Kalın isə bildirib ki, Türkiyənin bölgədə İŞİD-lə apardığı mübarizəyə müttəfiqləri də dəstək verməlidir. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest isə bildirib ki, ABŞ hərbçilərinin Türkiyənin "İncirlik” aviabazasından istifadəsinin məhdudlaşdırılması Vaşinqtonun İŞİD-lə mübarizədə Ankaraya göstərdiyi dəstəyə mənfi təsir edəcək. Onun sözlərinə görə, bu cür hərəkətlər "konduktora acıq vermək üçün piyada getmək” (özünə pis etmək) el deyimini xatırladır. Ernest bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
O, Türkiyənin NATO-nun çox mühüm müttəfiqi olduğunu və Vaşinqtonun Ankaraya əlavə dəstək təklif etməyə hazır olduğunu qeyd edib.
Bazanın fəaliyyətini "Şərq”ə şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, "İncirlik” təkcə NATO-nun deyil, Türkiyənin də maraqlarını təmin edir:
"İncirlik” NATO-nun bazası olsa da, bu baza NATO-nun cənub sərhədləri ilə yanaşı, Türkiyənin təhlükəsizliyinin müdafiəsi məqsədi ilə yaradılıb. Bu günləri isə həmin hərbi baza Türkiyənin təhlükəsizliyini təmin etmirsə, əksinə, Türkiyədəki dağıdıcı və terror ünsürlərinə lojistik dəstək verən bir şəbəkəyə çevrilibsə, həmin bazanın fəaliyyətinin dərhal dayandırılmasına ehtiyac var. Təbii ki, Türkiyə bütün bunları bilməmiş deyil. Sadəcə hələ ki, Türkiyəni zəiflətmək istəyən və terrora dəstək verən güclərə mesaj verərək onları bu siyasətdən əl çəkməyə səsləyir. Ayrıca bu bəyanatı həm də yanvarın 20-də hakimiyyətə gələcək Tramp administrasiyasına da bir mesaj kimi dəyərləndirmək olar. Əgər bu cür pozucu fəaliyyətlərin gələcəkdə qarşısı alınmasa, Türkiyə "İncirlik”dəki hərbi bazanın fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Hələ ki, bu sahədə əsas söz sahibi rəsmi Ankaradır. NATO və bütövlükdə Qərb dünyası İŞİD terroruna qarşı mübarizə apardığını iddia edir. Reallıqda isə "Fərat qalxanı” adı altında İŞİD-ə qarşı əməliyyat keçirən yeganə ölkə Türkiyədir.
Bu mücadilədə isə Türkiyənin strateji hərbi müttəfiqləri onun yanında yer almırlarsa, deməli, "İncirlik” hərbi bazasının fəaliyyətini davam etdirib-etdirməməsi sorğulanmalıdır. Türkiyənin də ABŞ-a ünvanladığı mesaj bundan ibarətdir. Hesab edirəm ki, hər şey yanvarın 20-dən sonra Tramp administrasiyasının yeridəcəyi xarici siyasətdən asılı olacaq. Əgər Ağ Ev PPK-nın Suriya qolu olan PYD və onun silahlı qanadı YPG güclərinə bu və ya digər formada dəstək verəcək, "İncirlik” hərbi bazası İŞİD-ə qarşı yalnız sözdə mübarizə aparacaqsa, rəsmi Ankara lazımi addımları atmalı olacaq. Fakitiki olaraq, bu baza Türkiyənin daxilində pozucu bir şəbəkəyə çevrilib. Hətta Türkiyədəki hərbi çevrilişə cəhdin mərkəzinin də bu bazadan idarə olunduğu haqqında çox ciddi iddialar var. Türkiyənin isə belə məsələlərə göz yumması mümkün deyil. Amerikanın Suriya və Türkiyə münasibətləri fonunda regiona yönəlik siyasəti dəyişməlidir. Başqa yolu yoxdur”.
Şəymən