"Respublika"nın baş redaktoru Akif Əlini qınadı





2017-ci il noyabrın 6-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini, əmək münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun yanında kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

"Şərq" qəzetinin müxbiri "Respublika" qəzetinin baş redaktorunun müşavirəyə dəvət olunmaması səbəbinə aydınlıq gətirmək üçün Teymur Əhmədova müraciət edib.

"Mətbuat səhifələrində verilən xəbərdən anlaşılır ki, siz müşavirədə iştirak etməmisiniz. Bunun səbəbini bilmək olarmı?" sualına T.Əhmədov belə cavab verib: 

"Respublika" qəzeti redaksiyasından bir nəfər də müşavirəyə dəvət olunmayıb. Hamı bilir ki, "Respublika" öncül, nüfuzlu rəsmi qəzetdir. Ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev "Respublika" qəzetinin baş redaktoru vəzifəsini mənə həvalə etmişdir. Güman etmirəm ki, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bundan xəbərsizdir".

"Bəs anlaşılmazlıq nədən qaynaqlana bilər" sualına isə "Respublika"nın baş redaktorunun cavabı qısa olub: 

"Mənim qəti qənaətim budur ki, Nazirlər Kabinetində mətbuat xidmətini icra edən Akif Əli vəzifə məsuliyyətini aşaraq qəsdən inciklik yaratmaq istəyib. O, rəhbərlik tərəfindən ona həvalə edilən işi yerinə yetirərkən məsuliyyət hissini itirib".