“Rəssamlıq elə gündəlik həyatımızdır”

Nəvai Mətin: “Hər bir insanda, ən çox da qadınlarda rəssamlıq var”
Uşaqlara rəsm çəkməyi öyrətmək maraqlıdır... Gözəldir... Hərdən insan hissə qapılır. Bir də
görürsən, 40 il əvvəl yaşadığın elə hissləri xatırlayırsan ki, uzun-uzadı xəyallara dalırsan.
Uşaqlığına qayıdırsan. Hissə qapılırsan...
Bu sözləri Sherg.az-a müsahibəsində Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi, Rəsm Komitəsinin başqanı, "Sədət Art” rəsm qalereyasının qurucusu və rəhbəri Nəvai Mətin deyir.
- Qocaman rəssamın uşaqlığı necə keçib? Hər kəsə maraqlıdır...
- İndiki Ağstafa rayonunda doğulmuşam. Məni Sədət nənəm, adı Səadət idi, amma belə deyirdilər, böyüdüb. Valideynlərim nənəm tək qalmasın deyə, lap körpəliyimdən məni ona veriblər. Nənəmin mənim rəssam olmağımda təsiri 99 faizdir. Ona görə də yaratdığım ilk və yeganə rəsm qalereyamın adına nənəmin adını verdim. Nənə yanında uşaqlar bir az ərköyün, şıltaq olurlar. Mən də elə olmuşam. Məşğul olduğum bir şeyə kimsə qarışa bilməzdi. Dərslərimi, kitabları kənara qoyub, rəsm çəkirdimsə, kimsə mənə "ay uşaq, şəkil çəkməyi burax, dərs oxu” deyə bilməzdi. Çoxlu cızma-qaram olurdu, nənəm onu büküb, saxlayırdı.
Mən artıq 1-ci sinfə başlayanda məktəbdə mənə "balaca rəssam” deyirdilər. Hətta mən 3-cü, 4-cü sinfin rəsm dərsinə girirdim, yazı lövhəsində şəkil çəkirdim və uşaqlar onu köçürürdü. Həmin vaxt məktəbdə elə ixtisaslı müəllim yox idi. Bu cür həvəslə rəsmə yanaşırdım. Buna baxmayaraq, dərsləri oxumağım da yaxşı idi. Həmişə düşünürdüm ki, rəssam savadlı, hərtərəfli olmalıdır. Ona görə oxumağa ciddi fikir verirdim.
- Uşaqlığın rəsm həvəsini sənətə necə çevirdiniz?
- Atam istəmirdi ki, mən rəssam olum. 8-ci sinifdə Əzim Əzimzadə adına incəsənət kollecinə daxil olmalı idim. Lakin valideynlərim qəsdən mənim sənədlərimi yubatdılar. Buna görə kollecə daxil ola bilmədim, orta məktəbi oxumağa məcbur qaldım. 8-ci sinfə qədər əlaçı olan mən 9-cu sinifdə prinsipə düşərək dərslərimi oxumadım. "Məni rəssamlığın arxasınca getməyə qoymadınız, mən də oxumuram” -deyirdim valideynlərimə. Nəticədə məktəbi aşağı qiymətlərlə bitirdim və bir rəssamın yanında şagird olmaq niyyətilə Bakıya gəldim.
Həmin vaxt Azərbaycan Pedaqoji Universitetinin "Bədii Qrafika” fakültəsi var idi. Sənədlərimi ora verib, qəbul oldum. Amma rayonda heç kim bilmirdi bunu. 6 imtahan verməli idik, artıq 4-cünü verəndə rayonda bildilər ki, mən imtahana girirəm. Maraqlı hadisə olmuşdu qəbul vaxtında. Sovetin vaxtında plan var idi, uşaqlar təbii olaraq kəsilməli idilər. Ona görə ədəbiyyat imtahanımızda hər kəs otağa konspektlər keçirib ki, köçürsün. Amma müəllim imkan vermədi. Nə edəcəyimizi düşündüyümüz vaxtda institutun ozamankı rektoru Afad Qurbanov və Heydər Əliyev otağa girdilər. Heydər Əliyev, "bu tələbələr kimlərdir?” -deyə soruşdu. Rəssamlığa imtahan verənlər olduğumuzu biləndə isə onun cavabı bütün tələbələr üçün gözlənilməz oldu. Dedi ki, bu tələbələrdən çox dərindən imtahan götürməyin, bunlar bir az şəkil çəkirlər, elə bilirlər, hər şeyi bacarırlar. Dərindən imtahan götürsəniz, gərək hər birini kəsəsiniz. H. Əliyev otaqdan çıxan kimi artıq tam sərbəst imtahanımız davam etdi. Müəllim arxada oturub, mürgüləyirdi, tələbələr konspektlərini çıxarıb, köçürməyə başladılar. Məndəki sual da yadımdadır ki, "Böyük dayaq” əsərində Rüstəm obrazı idi. Kitabdan köçürmüşdüm, kitabı da əlimə alıb, müəllimin yanına getdim, "müəllim kitabdan, bu hissəyə qədər köçürmüşəm, yetərmi?” - deyə məsləhətləşdim. Beləliklə, imtahandan keçib, instituta daxil oldum.
- Tələbəlik illəriniz də maraqlıdır... Heç o illərə qayıdırsınız?
- İnstitutda oxuduğum müddətdə dahi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə tanış oldum. Hətta onda bilmirdim Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olduğunu. Yaxşı rəssam kimi tanıdım, istədim ki, onun emalatxanasında şagird olum. Alındı və mən institutdan sonra Rəis Rəsulzadənin rəsm emalatxanasında şagirdlik etməyə başladım. Sonra bildim ki, o Məhəmməd Əmin Rəsulzadənin nəvəsidi. O, babasından danışırdı söhbətlərində, mən də öz babamdan danışırdım. Sonradan Meydan Hərəkatı başlayanda mitinqlərin birində eşitdim ki, Rəis müəllimin babasından danışırlar. Camaatın arasından çıxıb, telefon köşkündən zəng etdim, "müəllim, meydanda sizin babanızdan danışırlar” -deyə təəccüblə ona çatdırdım.
- Hər sənətkarın özünün sevdiyi əsər olur. Sizin əsərlərinizdən özünüzün heyran olduğunuz əl işiniz varmı?
- Mənim sevməyim önəmlidirmi? Əsas tamaşaçı sevsin. Hər əsərin özünə uyğun baxıcısı var. 4-5 gün əvvəl bir nəfər rəsm almaq üçün müraciət etmişdi. Çəkdiyim əsərlərə baxdı və heç birini bəyənmədi. Qapıdan çıxmaq istəyəndə ağlıma gəldi ki, bir şəkil qalıb, göstərməmişəm. Sevmədiyim rəsmim idi, çəkib bir kənara qoymuşdum. Həmin şəxsə göstərdim və o bəyəndi, sevə-sevə aldı, apardı. Ona görə hər rəsmin öz vurğunu var.
- Amma öz əl işlərimdən Sədət nənənin protretini, "Yerin fəryadı” adlı silsilə əsərlərimi xüsusi sevirəm.
- Rəsmlərinizlə danışırsınız... Belə demisiniz. Bu ünsiyyətiniz necə alınır?
- Bir qədər bayağı çıxsa da, düz deyirlər ki, əsər sənətkarın övladıdır. Əgər həmin əsər istilik, aura, hissiyat yarada bilirsə, deməli, canlıdır. Rəssam o demək deyil ki, atelyeyə girdin, fırçanı əlinə alıb, rəsm çəkməlisən. Xeyr. Rəssamsansa, öz əl işlərinə baxmalısan, rahat oturmalısan, dincəlməlisən. Bax, o zaman rəsmlərlə danışırsan. Məsələn, qanın qaradırsa, kefin yoxdursa, sənin müraciət etdiklərin ancaq yaratdıqların ola bilər. Bu gün o qədər problemlər var ki, danışıb, ürəyini boşaltmağa insan axtarırsan. Adam tapmayanda təbii ki, öz əsərlərinə müraciət edirsən, onlarla söhbət edirsən.
- Heç karikatura çəkmisinizmi?
- Çox istəmişəm. Bir-neçə dəfə cəhd də etmişəm. Amma çəkməmişəm. Hətta vətəndaş mövqeyi baxımından fikrimdə narahat mövzular var, onları karikaturalara köçürmək istəyirəm. Risk etmirəm ki, birdən tamaşaçıya düzgün anlada bilmərəm. Amma dəqiq, bir karikaturist dost tapıb, bu mövzuları işlədəcəm. Son günlər bir mövzu məni narahat etdi. Bir balacaboy məmur, hətta vizual görünüşündən belə milliyyəti məlum olmayan məmur və qarşısında iş üçün müraciət edən ucaboylu, cüssəli bir türk vətəndaşı. Məmur kresloya yayılıb, ona cavab verir ki, iş yoxdur. Bu mənim qarşılaşdığım hadisə idi, karikatura şəklində işləmək istədim, gördüm ki, mənlik deyil. Amma gənc karikatura çəkən dostlardan birinə həmin mövzuda karikatura çəkdirmək fikrim var.
- Nəvai Mətin bu gün hansı keyfiyyətinə görə rəssam olmaq istəyənlərə "bundan rəssam olar, ya olmaz? - deyir?
- "Sədət” Art-da xeyli uşaq var. Bu o demək deyil ki, bura gələn 30-40 uşağın hər biri rəssam olacaq. Elə bizim rəssamlıq fakültəmizdə təxmini 300-500 uşaq var idi. Bu gün baxın, onlardan neçəsi rəssamlıq edir? 5-10 nəfər. Bura gələn uşaqların da içərisində 1 nəfər yaxşı rəssam olsa, o bizim nailiyyətimiz deməkdir. Rəsmi bilmək uşağın gələcəkdə zövqünü formalaşdırmaq üçün önəmlidir. Xüsusilə, qızlarımızın gələcək həyatı üçün yüksək zövqünün olması vacibdir.
Rəssamlıq elə gündəlik həyatımızdır. Hər bir insanda, ən çox da qadınlarda rəssamlıq var. Adi makiyajda belə rəssamlıq izləri duyulur. Bütün sahələrdə, hara baxırsan, rəssamlıq var. Sadəcə o zövqü formalaşdırmaq lazımdır. Çox valideynlərin isə arzusudur ki, övladı rəssam olsun. Valideyn də var ki, övladını rəssamlıq kurslarımıza gətirdikdə deyir, sadəcə zövqünün formalaşmasını istəyirəm. Münasibətlər müxtəlifdir. Rəssam olmaq üçün sənətə böyük sevgi lazımdır. Bu olmasa mümkün deyil. İnsan gözəl şəkil çəkə bilər, şedevr əsər yarada bilər, amma bunun davamı gəlməsə, rəssam ola bilməzsən. Boşuna demirlər ki, incəsənət qurban tələb edir. O qədər şeylərdən keçməlisən ki, sənətkar ola biləsən. Yoxsa, həm bizneslə məşğul ol, həm rəsm çək, həm alver elə... Bununla rəssamlıq olmaz. Müəyyən şeyləri qurban verməlisən. Mənəviyyatını maddiyatından üstün tuta bilən insan sənətkar olur. Lap olsun maddi imkanları. İnsan maddi gücünü mənəviyyatına xərcləmirsə, ondan sənətkar olmaz.
- Gənc rəssamlardan, tanıdıqlarınızdan "bu insan gələcəkdə rəssamlıq sənətini layiqincə davam etdirəcək” - deyə bildiyiniz varmı?
- Əslində ad çəksəm, ola bilər ki, kiminsə xətrinə dəyər. Amma yaxşı gənc rəssamlar var.
- "Sədət Art” necə yarandı?
- Dəfələrlə jurnalistlər, "Sizin yetirmələriniz varmı?” - deyə, sual verirdilər. Mənim ovaxtkı fəaliyyətim açığı buna imkan vermirdi. Çünki mən demək olar, ayın 20-25 gününü Türkiyədə tədbirlərdə keçirirdim. Buna görə rəsm emalatxanası, rəsm kursları aça bilməzdim. Çünki uşaqlarla mütəmadi məşğul olmaq lazımdır. Amma Türkiyədə belə bir studiyanı qurmağa cəhd etdik, demək olar ki, qurduq da. Təəssüf, fəaliyyətə başlaya bilmədik. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd baş verdi və bununla əlaqədar mən Azərbaycana qayıdası oldum. Düşündüm ki, Bakıda belə bir rəsm emalatxanası açmaq olar. Niyə də olmasın? Və buranı qurduq. "Sədət Art” artıq xeyli tələbə yetişdirir.
Maraqlısı budur ki, cəmiyyətdə də rəsmə maraq oyanır. Əvvəlki illərə baxanda daha çox maraqlananlar var. Biz də insanların bu marağını nəzərə alıb, fəaliyyətimizi daha da genişləndirməyi düşünürük. Məsələn, uşaqların sayını artırmaq, filiallar açmaq istəyirik. Gedişat onu göstərir ki, gələcəkdə bunu etmək şansımız olacaq.
- Rəsm sərgilərində incəsənətə maraq müşahidə olunurmu?
- Təəssüf ki, yox. Mən bir dəfə Türkiyədən gəlirdim. 32 dövlətdən 146 rəssamın iştirak etdiyi festival keçirilmişdi. Bunların içərisində bir tək mənim 2 əsərim satıldı. Demək olar ki, festivalın birincisi oldum və diqqət mərkəzindəydim. Bakıya qayıdanda təyyarədə 3 nəfər idmançımızla söhbət etdik. İdmançılarımız xarici yarışların birində, 17 dövlət arasından 11-ci yerə çıxmışdılar. Aeroporta çatdıqda isə məni oğlum öz maşını ilə qarşıladı, amma həmin idmançılar Azərbaycan bayrağı ilə qarşılandılar. Qısaca incəsənətə münasibət budur.
Sərgilərimiz isə sadəcə protokol xatirinə açılır. Tam məsuliyyətimlə deyirəm ki, çox zaman səviyyəsiz sərgilər açılır. Sovet dövrünü bəyənmirik, amma onda senzura var idi ki, açılacaq sərgilər komissiyadan keçirilirdi. İndi professional rəssamları təhqir edəcək səviyyədə sərgilər təşkil edilir. O qədər olub ki, professional rəssamlar dırnaqarası sərgilərə çıxmağı özünə layiq görməyib. Sərgilərin açılışı günü hər kəs geyinib, keçinir, çıxışlar edir, müsahibələr verir. Lakin sabahı baxaq, həmin sərgilərə gələn olurmu? Ancaq açılış, televiziya, protokol xatirinə bu tədbirlər keçirilir. İndi biabırçılıq ondadır ki, sərgilər bir günlük açılır, ertəsi gün bağlanır. Amma Türkiyədə bu ənənə başqadır, orada hətta sərginin açılışında rəssam özü canlı olaraq şəkil çəkməlidir. Mənim dəfələrlə sərgilərimdə canlı performanslarım olub. Bu, sərgiyə gələn insanlar üçün də maraqlıdır. Burada rəssamın məsuliyyətindən də söhbət gedir. Yəni bacarırsansa, buyur, sərgini aç.
- Azərbaycanda da sərgiləriniz olubmu?
- Əlbəttə. Sərgilərimdə Azərbaycanda ilk dəfə canlı şəkil çəkməyi də mən etdim. Açılışa xeyli ziyalılar gəlmişdi. Tamaşaçılardan bir nəfərdən xahiş etdim ki, otursun, portretini çəkim. Sərgi iştirakçılarına, "ola bilər mən portreti az oxşadım” -dedim. Əsas odur ki, sərgiyə gələnlərin qarşısında bu cür canlı çıxış etmək gənclərə bir qədər örnəkdir. Onlara bu addım bir qədər cəsarət verir ki, qorxmaq lazım deyil, qarşında xalq rəssamı da olsa, adi tamaşaçı da olsa, eyni templə işləməlisən. Ona görə bu sərgim əks-səda da yaratdı.
- Hazırda hansı əsərlər üzərində işləyirsiniz?
- Son vaxtlar studiya ilə əlaqədar işlərim çoxdur. Ona görə yaradıcılığa bir qədər az vaxt ayıra bilirəm. Ancaq studiyada müəllim kimi fəaliyyət göstərmək, uşaqlara dərs demək insanın özünün yadına çox şeylər salır. Çox maraqlıdır. Hərdən uşağa başa salıram hansısa hissələri özümün də yadıma düşür ki, bunu nə vaxtsa mən də etmişdim və hətta çox şeyi unutmuşam. Bəlkə də bütün bu sıxıntılara dözə bilməzdim. Amma uşaqlarla başım qarışır. Hərdən öz-özümə düşünürəm, yaxşı ki, bu atelyeni açdım.
- Dözə bilməyəcəyiniz sıxıntılarınız nədir?
- Ümumi cəmiyyətin sıxıntıları, normal vətəndaşlara təsir edən hər şey mənə də təsir edir. Haqsızlıqlar, çatışmazlıqlar, rüşvət... Bütün bunların tüğyan etdiyi vaxtda çəkilib bir küncdə rəsm çəkməkdir, insanı sağ saxlayan. Belə olanda bu pislikləri görmürsən. Yaxşı ki, hər gün küçələrdə deyiləm. Çünki o qədər haqsızlıqlar olur, düşünürəm ki, birinə, beşinə dözərəm. Altıncıya dözə bilmərəm. Keçmişəm, öz emalatxanama, kənardan xəbərim yoxdur. Öz işimdəyəm.
- Beynəlxalq fəaliyyətiniz haqqında danışaq...
- Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycanda təmsilçisiyəm və "Sədət” Art qalereyasını da birliyin nəzdində yaratmışıq. Təşkilatımızın başqanı Ümid Yaşar İşıqxan Türkiyədə tanınmış şairdir. Rəsm kurslarımıza müraciət edən uşaqlara və valideynlərə də söz veririk ki, müddətinə uyğun kursu bitirən uşaqlara sertifikat veriləcək. Təşkilat vasitəsilə kursumuzda fövqəladə bacarığı olan uşaqları valideynləri ilə birlikdə Türkiyədə keçirilən tədbirlərimizə dəvət etmək fikrindəyik. Oradakı bütün xərcləri təşkilat ödəməsi şərtilə.
Hazırda studiyaya daha çox diqqət ayırıram və sevdiyim işlə məşğulam.
- Gənc rəssamlar sosial şəbəkələrdə əsərlərini reklam edir, sifarişlər toplayır, pul qazanır. Buna necə baxırsınız?
- Sənətini sevən insan sənətinə dəyər verir. Təəssüf edirəm ki, instaqram, feysbuk, başqa sosial şəbəkələrdə primitiv şəkillər paylaşırlar. Bu reklam isə primitiv insanları "yoldan çıxarır”. Onlarda başqa fikir yaradır. Məsələn, bir professional portretin qiyməti 300 manatdırsa, peşəkar olmayan bir insan onu çəkir, 20 manata satır. Müştəri isə onun hansı səviyyədə olmasının fərqinə varmır. Hansı üslubda işlənib, incəlikləri nədir, peşəkarın fırçasının məhsuludurmu, müştəri ayırd edə bilmir.
Bir də var ki, professional portretlər, gələcəkdə sənət dəyəri ola biləcək rəsmlər.
Əslində sosial şəbəkələrin müsbət olduğu kimi mənfi tərəfləri də var. Belə hallar çox yayılır. Bu gün bir nəfər gəlib, 15 manata portret çəkdiyini deyib. Əl işlərinə baxdım və özünə dedim ki, normal insanın qarşısına çıxsan bu rəsmə görə səni döyə bilərlər. Çox elanlar yerləşdirilir sosial şəbəkələrdə, "portret sifarişi qəbul edirəm”. Bunlar sənəti, sənətə marağı öldürür.
- Azərbaycanda professional və qeyri-professional rəsmləri fərqləndirə bilən tamaşaçı kütləsi varmı?
- Bəli, var. Amma təəssüf edirəm ki, azdır. Son günlər bizim rəsm qalereyamızın açıldığını bilən insanlar bura gəlirlər. Sərgilənən şəkillərimizi müzakirə edənlər, maraqlananlar, üslubunu, müəllifinin peşəkarlığını öyrənənlər var.
- Baş ucunuza asdığınız "Yerin fəryadı” əsəri nəyi ifadə edir?
- Bu əslində bir vətəndaş mövqeyinin ifadəsidir. Yer planetinə o qədər yad təsirlər var ki, Yer bir gün dağılmalıdır. Eləcə də cəmiyyət, azərbaycanlılar bu qədər təsirlərə necə dözə bilərik ki? Bir gün biz də belə günə düşməliyik. Bu isə ümumi bəşəriyyətin problemidir.
Mənim məlum mövzuda 4 fərqli əsərim var. Birini Türkiyə "Hilton” otel rəhbərliyi alıb və oteldə asılıb, digəri Bakıda iş adamlarımızdan birinin evində asılıb, biri, gördüyünüz "Sədət” Art üçün ayırdığımdır. Sonuncusu isə hələlik qalır.
- Son olaraq, Nəvai Mətinin söyləmək istədikləri...
- Bu gün üçün məqsədimizdən danışım. Əsas emalatxanamızın, sərgi salonumuzun, rəsm studiyamızın daha da inkişafını, insanlarda rəsmə, rəssamlığa marağı daha da inkişaf etdirmək istəyirik. Əgər biz 50 nəfərə dərs deyə biliriksə, onlara gələcəkdə xeyirli sənət ötürə biliriksə, nə xoş bizə. Buna görə çalışırıq ki, studiyamızı genişləndirək. Əsas qayəmiz, uşaqlar özlərini burda elə rahat hiss etsinlər ki, rəsm çəkməyi öyrənmək onlar üçün daha xoş olsun.
"Sədət” Art kafe kimi də fəaliyyətdədir, ancaq burada içki, yemək kimi menyular ola bilməz. Bura sadəcə sənət insanlarının görüş, müzakirə yeri kimi fəaliyyət göstərə bilər. Dərslərimiz bitdikdən sonra sənətkarlar bəzən yığışır, çay içib, maraqlı müzakirələr aparırlar.
Hazırladı: Aysel Aslan