Rəsulzadənin büstünün dağıdılması Cümhuriyyət tarixinə hörmətsizlikdir

Sabir Rüstəmxanlı: “Sözün açığı, ona qarşı atılan bu addımların mahiyyətini başa düşə bilmirəm. Bu nə məsələdir və kimlər məşğuldur, bilmirəm”
Nəsimi Paşayev: “Təmirdən sonra Məhəmməd Əmin Rəsulzadənin büstü yerinə qaytarılmayacaq, çünki büst tamamilə yararsızdır”


"Bakmil” metrostansiyasının yanında 20 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Məhəmməd Əmin Rəsulzadəyə qoyulan büstün Bakı Metropoliteni rəhbərliyinin göstərişi əsasında dağıldılması ölkə ictimai tərəfindən ciddi narazılıq doğurub. Bütünlüklə həyatını Azerbaycana bağlayan bir liderə qarşı bu cür addımın atılmasının konkret səbəbləri isə bəlli deyil. Gəncliyini, gələcəyini, ailəsini bayrağını daim yüksəklərə ucaltmaq uğrunda mücadilə apardığı ölkəsinə qurban verən bir liderə qarşı bu münasibəti pisləyən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, Allahın ucaltdığını kimsə alçalda bilməz, Allahın alçaltdığını isə kimsə ucalda bilməz: "Məmməd Əmin Rəsulzadənin "Bakmil” metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bugünlərdə metropolitenin rəisi Zaur Hüseynovun göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb. Burada böyük Azərbaycan liderinin xatirəsinə sayğısızlıq, istiqlal tariximizə qarşı hörmətsizlik, millətimizə qarşı ədəbsizlik kimi bir davranışın olduğunu xatırlatmağa xüsusi zərurət duymuram. Bir həqiqəti bilirəm ki, Rəsulzadə bu millət üçün Allahın bəxş etdiyi bir dəyərdir və ayrı-ayrı naqis davranışlarla onu aşağılamaq mümkün deyil.

Ancaq burada bir ciddi məqam var. Metropolitenin rəisi bu hərəkəti ilə həm də ölkə prezidentinə meydan oxuyub. Bildiyimiz kimi, Prezident İlham Əliyev ötən il Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalamışdı.

Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.

Üstəlik də, sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Çünki prezidentin eyni sayğını böyük şəxsiyyətimiz Əlimərdan Bəy Topçubaşova da göstərdiyini imzaladığı başqa bir sərəncamdan da bilirik. Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə, hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir? Bu səviyyəsiz hərəkət haqlı olaraq cəmiyyətimizin sağlam düşüncəli insanlarında etiraz doğurur və biz də bu etirazlara qoşuluruq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da Cümhuriyyətimizin qurucusuna qarşı göstərilən bu münasibəti kəskin şəkildə qınayıb və ümumilikdə Rəsulzadəyə qarşı aqressiyalara son qoyulmasını bəyan edib: "Rəsulzadənin olan-qalan büstlərinin dağıdılaraq yığışdırılması ona qarşı çox böyük haqsızlıq və Cümhuriyyət tarixinə hörmətsizlikdir. Hesab edirəm ki, bizim yaxın tariximizə qarşı bu cür laqeyd yanaşmalar yolverilməzdir və buna artıq son qoyulmalıdır. Bir yandan ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə verdiyi sərəncama uyğun olaraq tədbirlər keçirilir, onun haqqında kitablar çap olunur. Bir yandan da Rəsulzadənin büstü, xatirə lövhələri məhv edilir. Bir müddət əvvəl də qısamüddətli təmir adı ilə Rəsulzadənin Gəncədəki büstü dağıdılmışdı. Bu qədər də olmaz axı? Rəsulzadə onlara nə edib? Rəsulzadə sadəcə 20-ci əsr yox, bütün Azərbaycan tarixinin barmaqla sayılacaq şəxsiyyətlərindən biridir. Bu adam həm dövlətçilik tariximizi yazıb, həm də həmin nəzəriyyəni həyata keçirərək Cümhuriyyətimizin təməlini qoyub. Sözün açığı, ona qarşı atılan bu addımların mahiyyətini başa düşə bilmirəm. Bu nə məsələdir və kimlər məşğuldur, bilmirəm. Rəsulzadə şəxsiyyətinə qarşı bu anlaşılmazlığın kökünü bilmədiyim üçün konkret söz də deyə bilmirəm”.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu olaya münasibət bildirib.

Məhəmməd Əmin Rəsulzadənin abidəsinin "Bakmil”in deyil, deponun ərazisində olduğunu vurğulayan QSC sözçüsü deyib ki, M.Rəsulzadənin büstü 25 il bundan əvvəl metronun depo ərazisində qoyulub: "Vaxtilə həmin büst keyfiyyətsiz materialdan hazırlanıb və demək olar ki, yararsız vəziyyətdə idi. Keçən il QSC yarandıqdan sonra metronun hər yerində təmir-bərpa işləri aparılır. Depo ərazisində biz böyük işlər görmüşük. İşçilər üçün yeməkxana inşa edilib, park salınıb, abadlaşdırılma işləri aparılıb. Rəsulzadənin büstünün yerləşdiyi ərazidə də təmir-bərpa işləri gedirdi. Müəyyən mənada büstün orada qalması hörmətsizlik olardı, çünki tam yararsız vəziyyətdə idi. Biz çalışdıq ki, onu restavrasiya edək, amma elə keyfiyyətsiz materialdan hazırlanıb ki, bərpa etmək mümkün olmadı. Ona görə də təmir-bərpa işləri zamanı həmin büst oradan götürülüb, amma dağıdılmayıb. Əgər bərpa edə bilsəydik, yerində də qala bilərdi”.

Millət vəkili Fazil Mustafanın Rəsulzadənin büstünün sökülməsinə verdiyi sərt reaksiyanın absurd olduğunu vurğulayan N.Paşayev deyib ki, o abidəni nə Fazil Mustafanın, nə də oranın hər hansı bir sakininin görmək imkanı var: "Hətta, mən belə o əraziyə icazə ilə girirəm. Hazırda metroda yenidənqurma, təmir-bərpa işləri gedir. Həmin təmir işləri başlayan ərəfədə büst oradan götürülüb. İstər Fazil Mustafanın, istərsə də hər hansı bir insanın diqqətinə çatdırıram ki, heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Ən azından bilirik ki, Məhəmməd Əmin Rəsulzadə kim olub”.

N.Paşayevin sözlərinə görə, təmirdən sonra Məhəmməd Əmin Rəsulzadənin büstü yerinə qaytarılmayacaq, çünki büst tamamilə yararsızdır: "Keyfiyyətsiz materialdan hazırlanıb və istifadəyə yaramır. Hazırda o büst anbardadır”.

Şəymən