Natiq Miri: “Rusiyaya dərhal sanksiyalar tətbiq edilərkən Ermənistana “gözün üstə qaşın var” deyən tapılmır”
“Riqa bəyannaməsin”dən narazıyıq
Elxan Şahinoğlu: “Bütövlükdə amorf bir bəyannamədir, bir müddət sonra bu sənədi xatırlayan olmayacaq”
Natiq Miri: “Rusiyaya dərhal sanksiyalar tətbiq edilərkən Ermənistana “gözün üstə qaşın var” deyən tapılmır”
Natiq Miri: “Rusiyaya dərhal sanksiyalar tətbiq edilərkən Ermənistana “gözün üstə qaşın var” deyən tapılmır”
Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” sammitinin yekun Riqa bəyannaməsinə qoşulub. Amma nümayəndə heyətimiz sənədin mətninə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsinə narazılıq bildiriblər. Sammitdə iştirak edən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycanın iradlarını belə açıqlayıb: "Əsas iradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük”. O, Riqa sammitində Azərbaycan tərəfi ilə bağlı yaranan gərginliyi məhz bəyannamənin mətni ilə izah edib: "Konkret hansı hissələrlə bağlı iradlarımız olduğunu açıqlamaq istəmirəm. Amma bildirmək istəyirəm ki, bəyannamənin Azərbaycanla bağlı müddəaları əməkdaşlığın ruhuna cavab vermir. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan narazıyıq”. N.Məmmədov əlavə edib ki, bütün bu iradlar Avropa İttifaqı rəhbərliyinə, iştirakçı dövlətlərin başçılarına çatdırılıb: "Bununla bağlı böyük gərginlik yarandı. Biz ümumi bəyannaməyə razılıq verdik. Amma xüsusi mövqeyimizi əlavə etməklə. Bu mövqeyimizi rəsmi şəkildə Aİ rəhbərliyinə göndərəcəyik”. Avropa Parlamentinin prezidenti Martin Şhulz Riqa sammitində Azərbaycanla bağlı yaranan gərginliyə münasibət bildirib. O, Azərbaycanın iradını əsassız sayıb: "Dağlıq Qarabağ dondurulmuş münaqişədir, Ukraynada baş verənlərsə, yox. Ukraynada olanları izah etmək asandır. Rusiya Krımın ilhaqı ilə beynəlxalq qanunları pozub. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi hər birimizin problemidir və bizlər bu münaqişənin həllini istəyirik”. Azərbaycanın Xarici İşlər Nazirliyi də "Şərq Tərəfdaşlığı” Zirvə Toplantısının yekun bəyanatı ilə əlaqədar açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır. Amma Azərbaycan bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır: "Belə ki, bir sıra Şərq Tərəfdaşlığı ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir”. Açıqlamada daha sonra vurğulanıb ki, Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz: "Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə "ikili standartlar” adlanan məqamdan yan keçə bilməyiblər. Azərbaycan hərbi münaqişəyə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Riqa sammitində imzalanan yekun bəyannamənin tezliklə unudulacağını bildirib: "Riqa sammitinin 30 maddəlik yekun bəyannaməsini bənd-bənd nəzərdən keçirdim. Diqqətimi nələr cəlb etdi? Birincisi, bir çox bənddə Azərbaycanı Ermənistan və Belarusla bir sırada qeyd ediblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı Azərbaycanla inteqrasiyaya ümidli deyil. İkincisi, sənəddə bir tərəfdən ərazi bütövlüyü prinsipinə önəm verildiyi vurğulanır, ikinci tərəfdən isə münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli ön plana çəkilir. Bu isə növbəti qeyri-müəyyənlikdir. Üçüncüsü, enerji əməkdaşlığı ilə bağlı bənddə Azərbaycanın önəmi xüsusi vurğulanır, TAP və TANAP boru xətlərinin adı çəkilir. Bu bəyannamənin ən çox cümlələrlə ifadə olunan bəndidir. Buna baxmayaraq, bütövlükdə amorf bir bəyannamədir, bir müddət sonra bu sənədi xatırlayan olmayacaq”.
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri açıqlamasında bildirib ki, Azərbaycanın bəyannamədə etiraz etdiyi əsas müddəa Krımın Rusiya tərəfindən ilhaq olunmasının xüsusi olaraq qeyd olunmasıyla bağlıdır. Ancaq bu etiraz Krımın işğalını tanımamaq kimi anlaşılmamalıdır: "Azərbaycan burada prinsipial mövqe ortaya qoymaqla Krımla bərabər Dağlıq Qarabağ və ətrafının Ermənistan tərəfindən işğalının da göstərilməsini tələb edib. Bu da beynəlxalq hüquq adına çox doğru və ədalətli yanaşmadır”. N.Miri deyib ki, dünya birliyi bu hüququ təsdiq etmək əvəzinə, fərqli yanaşma ortaya qoyur və ikili standart tətbiq edir: "Əgər söhbət işğaldan gedirsə, "Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi bütün coğrafi məkanlarda mövcud olan münaqişələr, işğal hadisələri eynən göstərilməlidir. Krım Ukrayna üçün necə əziz və ayrılmaz hissədirsə, Qarabağın dağlıq hissəsi də Azərbaycan üçün ayrılmaz və mənəvi xarakter daşıyır. İşğalın adı hər yerdə işğaldır, bu, Ukraynada da, Azərbaycanda da belədir. Ancaq konkret hadisədə Ukrayna Avropa Birliyinin həmsərhəd ölkəsi olduğu üçün xüsusi yanaşma tətbiq edilir. Çünki düşünürlər ki, Ukraynada baş verən proseslər birbaşa Avropa Birliyinin təhlükəsizliyini təhdid edir, ancaq Dağlıq Qarabağda baş verənlər AB üçün təhdid deyil. Ona görə də məsələ arxa plana çəkilir və illərlə problemin həlli uzadılır. Rusiyaya dərhal sanksiyalar tətbiq edilərkən Ermənistana "gözün üstə qaşın var” deyən tapılmır. Deməli, BMT başda olmaqla bütün beynəlxalq qurumlar, eyni zamanda AB artıq özünü xərcləyib qurtarıb. Azərbaycan sənədə imza atsa da, öz prinsipial mövqeyini ortaya qoymaqla bir daha Avropadakı sağır qulaqlara öz haqlı səsini eşitdirdi”.
İsmayıl