“Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atılarsa, münasibətlərdə yeni bir dönüş yarana bilər”
Mayın 21-dən 22-nə kimi Avropa Birliyinin (AB) Riqa şəhərində növbəti "Şərq tərəfdaşlığı” sammiti fəaliyyətə başlayacaq. Sammitdə proqrama üzv olan 6 ölkədən beşi, o cümlədən Azərbaycan yüksək səviyyədə təmsil olunacaq.
Ölkəmizi Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər. Toplantıda Fransa, Almaniya və Avropanın digər liderləri də iştirak edəcəklər. 2013-cü il noyabrda keçirilən sonuncu sammitdən sonra dünyanın siyasi gündəmində ciddi dəyişikliklərin baş verdiyini nəzərə alsaq, növbəti sammitə maraq və diqqətin böyük olacağını söyləmək olar. Ancaq hələlik AB-nin rəsmi Bakıdan nə gözlədiyi, eləcə də Bakının nə təklif edəcəyi məlum deyil. Bir fakt məlumdur ki, 2013-cü ildə keçirilən sonuncu sammitdə yalnız əməkdaşlığın davam etdirilməsi və viza sadələşdirilməsi kimi texniki sənədlər imzalanıb.
Riqa sammitinin əhəmiyyətindən danışan siyasi icmalçı Arzu Nağıyev deyib ki, sammitdə Azərbaycan ciddi öhdəliklər götürməyəcək: "Azərbaycanın Avropadan ən ciddi istəyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımların atılması üçün qərarların qəbul edilməsidir. Məhz bu addım atılarsa, münasibətlərdə yeni bir dönüş yarana bilər. İndiki şəraitdə Qərb demokratiya və insan haqları mövzusundan danışmaqla Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı tənqidi fikirlər söyləyir. Hətta Avropa Parlamenti vasitəsi ilə müvafiq qərarlar qəbul edərək məsələlərə ciddi müdaxilə etməyə çalışır. Öncə bu istiqamətdə Azərbaycan tərəfi ilə müəyyən razılıq əldə edilməlidir”. Ekspertə görə, ən önəmli məsələlərdən biri Avropa ilə Azərbaycanın tam tərəfdaş olduğu enerji təhlükəsizliyi, daha doğrusu, bu sahədə iqtisadi islahatların aparılması məsələsidir: "Enerji sahəsindəki razılaşma gələcəkdə müəyyən siyasi addımların atılmasına kömək edə bilər. Ancaq siyasi islahatlarla bağlı daxili siyasətdə qəbul edilən xəttə zidd addımlar atılarsa, çox güman ki, Azərbaycan Qərbin təkliflərini qəbul etməyəcək”.
İsmayıl