Riyaziyyat fənni üzrə dinamika yaratmaq üçün nə etməli? - İZAH





"Riyaziyyat fənni üzrə dinamika yaratmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması vacibdir”.

Bunu "Sherg.az”a Dövlət İmtahan Mərkəzinin(DİM) sədri Məleykə Abbaszadənin "Riyaziyyat fənni üzrə dinamika müşahidə olunmur" fikrini şərh edərkən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü söyləyib. 

O xatırladıb ki, dərsliklər yenidir, bunlarla işləmək müəllimlərə çətin gəlir:

"Görünür, buna görə, nəticələr qənaətbəxş deyil. Xüsusilə riyaziyyat fənni üzrə abituriyentlərin yaxşı nəticələr göstərə bilməməsi də bununla əlaqədardır. Müəllimlərimizin öz üzərlərində işləməməsi, ibtidai siniflərdən təhsilin yaxşı qurulmaması, yuxarı siniflərə çatdıqca təhsilin təmayüllər üzrə davam etdirilməməsi kimi problemlər hələ də qalır. Bütün bunların həlli indiki zamanda vacibdir. Aidiyyəti şəxslər və qurumlar hərəkətə keçməlidir.

Əsas məsələ, daxili nəzarətin istənilən səviyyədə, davamlı olmamasıdır. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərən amillərdəndir”.

Qeyd edək ki, (DİM) Direktorlar Şurasının iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb. Şura sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.

Aysel Aslan