Rus şirkəti Bakıya hesabat verməlidir

İşğal olunmuş Dağlıq Qarabağda hər doğulan 4-cü uşağa görə 4 min dollar ayrılması əhalinin sayının artırılmasına hesablanıb





Rusiyanın "Taşir” şirkətinin prezidenti Samvel Karapetyan işğal olunmuş Dağlıq Qarabağda 2016-cı ildə 4-cü uşağı doğulan ailələrə yardım ayırıb.

Ermənistan KİV-nə istinadən aldığımız məlumata görə, 213 ailənin hər birinə 4 min dollar hədiyyə olunub. Ümumilikdə, siyahıda 254 ailənin adı olsa da, onların bəziləri sənədləşmə işlərinə görə yardımı sonra alacaqlar.

Qeyd edək ki, Samvel Karapetyan bu aksiya üçün 852 min dollar pul ayırıb.

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı münasibəti ilə bağlı ancaq bəd xəbərlər gəldiyini deyən Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, ölkəmizə qarşı sanki aqressiv mövqe nümayiş etdirirlər: 

"Biz bununla bağlı bəyanat da vermişik ki, Rusiya birmənalı olaraq Azərbaycanla bağlı mövqeyinə aydınlıq gətirməlidir. Böyük və güclü dövlət olması onun bizə qarşı münasibətdə istədiyi kimi rəftar etməsi səlahiyyətini vermir. İstənilən halda Azərbaycanın maraqları nəzərə alınmalıdır. Rusiya həm ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri, həm də Azərbaycanın strateji müttəfiqidir”.

A.Nağının sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı rəsmi Bakıya hesabat verməlidir: 

"Taşir” şirkətinin prezidentinin erməni əsilli olması Rusiyanın sinəsini kənara çəkməsinə dəlalət etmir. Bu şirkət Rusiya ərazisində qeydiyyatdan keçib, orada fəaliyyət göstərirsə, deməli, Rusiyanın söz haqqı var. Hökumət Azərbaycana qarşı atılan bu addımın qarşısını mütləq almalıdır”.

QAT sədrinin sözlərinə görə, Qarabağda hər 4-cü uşağı doğulan ailələrə yardım ayrılması oradakı adamların sayının artırılmasına hesablanıb. 1990-cı ilin ortalarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan demişdi ki, yaxın 10 il ərzində Qarabağda məskunlaşan insanların sayını 300 minə çatdıracağıq. Bu gün isə rəsmi statistikada göstərilib ki, Qarabağda guya 130 min nəfər məskunlaşıb. Halbuki gedib saysaq, heç 50-60 min adam qalmayıb.

Şəymən