Rusca oxuyanların sayı niyə ARTIB?- BÜTÜN SƏBƏBLƏR




Azərbaycanda rus dilinin geniş yayılmasının mənfi təsirlərini aradan qaldırmaq üçün əvvəl öz dilimizi inkişaf etdirməliyik.

Bunu Sherg.az-a Azərbaycanda rus dilli təhsilin artmasına münasibət bildirərkən təhsil eksperti Nadir İsrafilov deyib. 

Onun sözlərinə görə rus dilinin və rus dilli təhsilin artması Azərbaycan dilinin zəifləməsinə gətirib çıxarır: 

"Bu günlərdə elə Rusiyanın təhsil naziri də Azərbaycana gəldi və statistik məsələlər müzakirə olundu. Rus-Azərbaycan təhsili ilə bağlı müəyyən tendesiyalar ilk dəfə deyil ki qabardılır. AMEA-nın işçisi Cahid İsmayıloğlu da rus dilində təhsilin ləğv olunması ilə bağlı bəyanat verdi. O, dilin yayılmasının imperiyanın qalıqları olduğunu vurğuladı. Azərbaycan dili konstitusiyada dövlət dili olaraq qeyd olunubsa, rusdilli təhsilə büdcədən vəsait ayrılmamalıdır. Bu, təbii  prosesdir. Onu süni yollarla aradan qaldırmaq olmaz. 90-cı illərlə müqayisədə indi rus dilində tədris artmağa başlayıb. Əsasən valideynlər daha çox rus sektorunlarına müraciət edirlər. Təxmini 17% Bakı məktəbləri rus dilində təhsil verir. Elə elit məktəblər var ki, bu faiz daha çoxdur. Ümumi olaraq Respublikada rus dilində tədrisə maraq 15 faiz artıb. Lakin bu o demək deyil ki, rus dili birbaşa ləğv olunmalıdır. Təhsil Nazirliyinin xüsusi şöbəsi bu məsələ ilə əlaqədar fəaliyyət göstərir. Artımın əmələ gəlmə səbəbləri araşdırılmalı, üzə çıxarılmalıdır. Fikrimcə, bunun əsas səbəbi Azərbaycan dilində təhsilin zəifliyi, səviyyəsinin aşağı olmasıdır. Bundan əlavə, bizdə rus qarışıq ailələr var və ailədə ancaq rus dilində danışırlar. Sırf azərbaycanlı olan bir çox ailələrdə də vəziyyət belədir. İnsanlar sanki öz dillərində danışmağı özlərinə ar ediblər. Elmlə məşğul olan insanlar üçün Azərbaycan dilində kifayət qədər ədəbiyyat tapa bilmə çətinliyi də yaranır. Burada sosial vəziyyət əmələ gəlib. Rus dilini ləğv etmək konstitusiyaya və insan hüquqlarına zidd olan bir məsələdir. Ona görə də mərhələli şəkildə problemi həll etmək lazımdır".

N. İsarfilov onu da diqqətə çatdırıb ki,  90-cı illərə qədər rus dilində təhsildə sıçrayış yox idi. Çünki, rus dili orta məktəblərdə elə 5-ci sinifdən başlayaraq əsas fənn kimi keçilirdi:

 "Müstəqillik əldə etdikdən sonra biz rus dilini tədris planından çıxartdıq və bunu xarici dil qismində ortalığa atdıq. Və rus dili əvvəlki kimi məcburi qaydada keçirilmədi. İndi ingilis dili yayıldığından bəzi məktəblərimizdə rus dili də tədrisə salınmayıb. Ona görə də, rus dilinə olan münasibət insanlarda başqa yolla rus dilinə marağı artırdı. Çıxış yolu ondan ibarətdir ki, Azərbaycan dilinin tədrisini gücləndirməli və diqqəti artırmalıyıq. Azərbaycan sektorunda rus dilinin, rus sektorunda isə Azərbaycan dilinin tədrisini gücləndirməliyik. Bununla müəyyən zaman ərzində rus dilinin təsirinin azaldılmasına nail olmaq mümkündür".

Qeyd edək ki, Azərbaycanda 90 minə yaxın şagird rus bölmələrində təhsil alır. Son illərdə rusdilli təhsilə marağın artması isə fikir ayrılıqlarına səbəb olub.

Aysel Aslan