Rusiya Azərbaycan üçün böyük bazardır

Tahir Mirkişili: “Belə nəhəng bir dövlətlə qonşu olmaq Azərbaycana Rusiyanın iqtisadi potensialdan yararlanmaq üstünlüyü verir”
Pərviz Heydərov: “Tərəflər arasında imzalanan iqtisadi sənədlər çox əhəmiyyətlidir”


Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlıdır. Münasibətlərin səmimi əməkdaşlıq müstəvisində qurulması baxımından Azərbaycanla Rusiya arasında bağlanan müqavilələr kifayət qədər əhəmiyyətlidir. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, idxal-ixrac proseslərinin doğru tənzimlənməsi və bunun faydalı istiqamətdə aparılması hər iki ölkənin maraqlarına tam uyğundur.

Dövlət başçısı İlham Əliyevin Rusiyaya səfəri və həmkarı Putinlə görüşməsi iki ölkə arasındakı münasibətləri daha ciddi şəkildə tənzimləyir. Şübhə yoxdur ki, prezidentlər arasındakı səmimi dostluq əlaqələri dövlətlərarası münasibətlərə xüsusi dinamizm verəcək. 

Bu baxımdan analitiklər dövlət rəhbərlərinin görüşlərinin və imzalanan sazişlərin iqtisadiyyatımız üçün təsiredici əhəmiyyətinin olacağını düşünürlər. Hesab edirlər ki, Azərbaycan-Rusiya münasibətlərindəki yeni yanaşma bölgədə siyasi və iqtisadi situasiyanın müsbət yöndə dəyişməsinə gətirib çıxara bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Şərq”ə açıqlamasında bildirib ki, Rusiya Azərbaycan üçün böyük bazardır. Deputatın sözlərinə görə, ölkəmizin kənd təsərrüfatı məhsulları ixracının 90 faizi, qeyri-neft iqtisadiyyatı ixracının isə təxminən 35 faizi Rusiya bazarlarının payına düşür.

 Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına diqqət çəkən iqtisadçı bəyan edib ki, Rusiya dünya iqtisadiyyatında mühüm yerə sahibdir. Belə nəhəng bir dövlətlə qonşu olmaq Azərbaycana Rusiyanın iqtisadi potensialdan yararlanmaq üstünlüyü verir: "Əlbəttə, Azərbaycan da Rusiya üçün kifayət qədər mühüm iqtisadi strateji tərəfdaşa çevrilməkdədir. Ölkəmizin yaratdığı infrastruktur və regionda tutduğu mövqe Rusiyanın iqtisadi imkanlarını genişləndirmək baxımından mühümdür. Rusiyanın İran və Türkiyə, o cümlədən Avropa və Şərq aləmi ilə əlaqələrində Azərbaycan mühüm yerə malikdir. Rəsmi Bakının müxtəlif ölkələrlə olan normal münasibətləri Moskva üçün maraq kəsb edir”.

T.Mirkişili əlavə edib ki, Azərbaycan Xəzər dənizindəki hidrogen resurslarını Avropa bazarlarına çıxaran yeganə ölkədir: "Dövlətimiz "Şərq-Qərb” dəmiryolu ilə yüklərin daşınmasında, həmçinin, "Şimal-Cənub” layihəsində önəmli statusa malikdir”. Millət vəkili vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri iqtisadi əməkdaşlıqla yanaşı, daha çox inteqrasiya olunmuş mədəni və siyasi əlaqələrlə də ölçülür: "Rusiyada xeyli azərbaycanlı yaşayır. Mədəni və siyasi əlaqələri iqtisadi potensiala çevirərək reallaşdırmaq hər iki dövlət üçün zəruridir. Bu istiqamətdə imzalanan müqavilələrin hərtərəfli olması məhz buna dəlalət edir. Bir sözlə, Rusiya-Azərbaycan iqtisadi münasibətləri qarşılıqlı maraqlara əsaslanır, hər iki tərəf üçün kifayət qədər faydalıdır”.

İqtisadçı-ekspert Pərviz Heydərov də "Şərq”ə deyib ki, qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün şimal qonşumuz Rusiya birinci yerdə qərar tutur: 

"Tərəflər arasında imzalanan iqtisadi sənədlər çox əhəmiyyətlidir. Azərbaycanın iqtisadi əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiya ən önəmli yer tutur. Xüsusən, qeyri-neft məhsullarının satışı üçün Rusiya bazarları ölkəmiz üçün ön plandadır. Ona görə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi Rusiya üçün də, Azərbaycan üçün də olduqca vacibdir. Rusiya Azərbaycan məhsulları üçün bir nömrəli bazardır”. İqtisadçının qənaətincə, Rusiya ilə Azərbaycanın qarşılıqlı iqtisadi əməkdaşlığı ölkəmiz üçün qazanclı olacaq: "Rusiya kimi böyük bazardan istifadə etməklə, Azərbaycan böyük iqtisadi mənfəət əldə edəcək”.

İsmayıl