Qabil Hüseynli: “Hər halda Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı”
Rusiya Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır
Şair Ramaldanov: “Hesab edirəm ki, Azərbaycana Qarabağ münaqişəsinin həllində hansısa formada “yaşıl işıq” yandırılacaq”
Qabil Hüseynli: “Hər halda Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı”
Qabil Hüseynli: “Hər halda Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı”
Azərbaycan Rusiyanın geostrateji maraqlarına hörmətlə yanaşır. Rusiya da öz növbəsində rəsmi Bakının mövqeyi ilə hesablaşır və ələlxüsus Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. Sentyabrın 1-də Azərbaycan və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşü zamanı Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılıb. Rusiya rəhbəri Vladimr Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə önəm verdiyini və problemin çözülməsinə Moskvanın bundan sonra da dəstək verəcəyini ifadə edib.
İstənilən halda Azərbaycan ictimaiyyəti münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Çünki Rusiya münaqişənin həllinə həm qonşu, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi təsiredici dövlətdir. Məsələnin mürəkkəb vəziyyətdən çıxması Rusiyanın addımlarından, fəal səylərindən birbaşa asılıdır. Soçidə dövlət başçısı İlham Əliyev açıq formada bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalı, ərazilərimiz erməni tapdağından azad edilməlidir. Bütün məsələlərin dərhal həll olunacağını demək reallıqdan uzaq olar. Lakin indiki halda Rusiyanın mövqeyi, Azərbaycanın maraqlarına yönəlik müəyyən addımlar atması ümid doğuran amillər hesab olunur.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Şərq”ə açıqlamasında deyib ki, Rusiya və Azərbaycan rəhbərlərinin görüşündə iqtisadi, hərbi-sənaye sahəsindəki razılaşmalarla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə edilib. Polkovnik müzakirələrin Qarabağ probleminin həllinə müsbət nəticələr verəcəyini bildirib:
"Kremlin Azərbaycana isti münasibəti, dostluq yanaşması bizim üçün çox önəmlidir. Bu günə kimi istər siyasi, istərsə də digər münasibətlərdə Azərbaycan Rusiyaya problemlər yaratmayıb. Amma Ermənistanın hazırkı hakimiyyəti Moskvaya problem yaratmaqla məşğuldur. Bunu da Rusiya rəhbərliyi yaxşı anlayır. Ona görə də Rusiya Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır. Hazırda Cənubi Qafqazda Rusiya, Türkiyə və Azərbaycan əməkdaşlığı var və bu güclənməkdədir. Hesab edirəm ki, Azərbaycana Qarabağ münaqişəsinin həllində hansısa formada "yaşıl işıq” yandırılacaq”. Ekspertə görə, hərbi-texniki sahədə Rusiya ilə Azərbaycanın sıx münasibətləri təqdirəlayiqdir: "Azərbaycanın hərbi- texniki təchizatının inkişafında Rusiya silahları mühüm yer tutur. Bundan sonra Rusiya silahlarının alınması istiqamətində əldə olunan razılıq Qarabağda ola biləcək hərbi əməliyyatlara öz töhfəsini verəcək. Ermənistan qeyri-konstruktiv mövqe tutmaqla, sülhə gəlmədiyini ortaya qoymaqdadır. Bunun alternativi müharibə olduğu üçün, bizim hərbi-texniki sahəmiz güclü olmalıdır. Ordumuzun silah təchizatı baxımından Rusiya hərbi sənayesindən yararlanması mütləqdir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü daha da artıracaq”.
Polkovnik vurğulayıb ki, Moskva bizim ərazi bütövlüyümüzü tanıyır:
"Rusiya dünyanın aparıcı dövləti olmaqla yanaşı ATƏT-in Minsk Qrupunun üzvü və üç həmsədr ölkədən biridir. Rusiya ilə əməkdaşlıq nə qədər inkişaf edərsə, tərəflər üçün o qədər yaxşı olar”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də "Şərq”ə bəyan edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına təkan verəcək:
"Tərəflər arasında müzakirə olunan mühüm məqamlardan biri Dağlıq Qarabağ münaqişəsinin həlli və Rusiyadan alınan silah-sursatdır. Putin bəyan etdi ki, Kreml bundan sonra da Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə öz real dəstəyini verəcək. Moskvanın münaqişənin həllində Bakının xeyrinə addım atacağı ehtimalı böyükdür. Hər halda Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı. Bu strateji tərəfdaşlığı daha da inkişaf etdirərək, strateji müttəfiqliyə çevirmək uğrunda iş gedir. Yaxın zamanda bunun reallaşması mümkündür”. Politoloq bildirib ki, etimadı artıran səfərlər ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edir: "Liderlər arasında baş tutan görüşün və Putinin açıqlamalarının səmimi olduğu ortadadır. Görünən odur ki, bundan sonra ikitərəfli münasibətlərin inkişafında fərqli mövqe tutulacaq. Ümid edirik ki, dövlət başçılarının təması lazımi nəticələr verəcək. İki ölkə arasında bir çox sahədə, o cümlədən iqtisadi sektorda müəyyən inkişaf var. Prezident İlham Əliyevin səfərindən sonra iqtisadi əlaqələr daha da güclənəcək. Rusiya ilə ikitərəfli münasibətlərin iqtisadi tərəfi də çox vacibdir. Çünki iqtisadi əməkdaşlıq sferasının genişləndirilməsi hər iki dövlət üçün sərfəlidir”.
İsmayıl