Rusiya beynəlxalq terrorizmin sponsoru elan edilsin !- Yeni qanun layihəsi







"Böyük Britaniyanın Rusiyaya qarşı tədbirləri bütövlükdə qərbin Rusiyaya qarşı həyata keçirdiyi planlı kampaniyanın növbəti mərhələsidir”.

Bunu "Sherg.az”a Rusiyanın Britaniyadakı 23 diplomatının ölkədən çıxarılmasının səbəblərini izah edərkən politoloq Zərdüşt Əlizadə söyləyib. 

O deyib ki, bu addımların məqsədi Rusiyanı diz çökdürmək, dağılmasını sürətləndirməkdir:

"Nəzərə alırlar ki, Rusiyanın hakim siyasi sinfi ölkəyə biganədir, oğrudur. Bundan istifadə edib, siyasi rəqiblərini sıradan çıxarmağa çalışırlar. Olimpiya oyunlarında, rus bayrağının, rus himninin qadağan edilməsi və s. hallar buna xidmət edir. Yeni qanun layihəsi hazırlanır, orada təklif olunur ki, Rusiyanı beynəlxalq terrorizmin sponsoru elan etsinlər. Rusiyaya qarşı digər ittihamlar da yönəlir, siyahı genişlənir. Bütün bunlar Rusiyaya qarşı artan xətlə görülən tədbirlərdir”.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. Baş nazir Tereza Mey Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etdiklərini bildirib.

Aysel Aslan