Rusiya çox sərfəli bir bazara çevrilir

Azərbaycanın meyvə-tərəvəzi rahatlıqla sərhədi keçəcək



Azərbaycan və Rusiya arasında gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması haqqında danışıqlar aparılacaq. Əgər danışıqlar müvəffəqiyyətlə nəticələnərsə, iki ölkənin gömrük prosedurları sadələşdiriləcək.

Bununla sahibkarların tranzit xərcləri iki dəfəyə qədər azalacaq və iki ölkə arasında meyvə-tərəvəz ticarəti canlanacaq. Məlumata görə, Rusiya Serbiyadan meyvə və tərəvəzlərin idxalını dayandırmaq niyyətindədir. Buna səbəb Azərbaycan məhsullarıdır. Belə ki, rus mütəxəssislər Azərbaycan məhsullarının digər ölkələrə nisbətdə daha ucuz başa gəldiyini düşünürlər. Bununla yanaşı, Rusiyada bitməyən mövsümi meyvə-tərəvəzləri Azərbaycanın ixrac etməsi də RF-nin bu ölkəyə maraq göstərməsinə səbəb olur. Dəyişikliyi dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər anlaşma baş tutarsa və həyata keçirilərsə, olduqca müsbət nəticə əldə olunar: "Gömrük prosedurlarının sadələşdirilməsi, fermerlərə güzəşt edilməsi Azərbaycan iqtisadiyyatı üçün çox pozitiv addım olar. Çünki Rusiya kimi böyük bir bazarda özünə yaxşı mövqe tutmaq üçün Azərbaycanın kifayət qədər potensialı var. Bildiyimiz kimi, meyvə-tərəvəz və kənd təsərrüfatı məhsulları Rusiyada milyardlarla ölçülən bir bazardır. Hesablamalara görə, meyvə-tərəvəz bazarından ildə təqribən 50-60 milyard dollarlıq gəlir götürülür”.

Ekspertin fikrincə, dövlətin fermerlərə dəstəyi fonunda son məhsullara görə stimullaşdırıcı proqramlar qəbul olunarsa və ucuz kreditə çıxış imkanları yaradılarsa, iqtisadiyyatın bu sahəsində ciddi irəliləyişə nail olmaq olar: "SSRİ dövründən Azərbaycanda meyvə-tərəvəz istehsalı ilə məşğul olan təcrübəli fermerlər fəaliyyət göstərir. Hesab edirəm ki, aqrar sənayedə və kənd təsərrüfatında olan ciddi potensialın realizə olunması üçün Rusiya bazarı bizə həm yaxın, həm sərfəli, həm də tanışdır”.

N.Cəfərli bu istiqamətdə ola biləcək bəzi risklərdən də söz açıb: "Rusiya milli valyutasının kursunun həddindən artıq oynaq olması müəyyən tərəddüdlər yaradır. Elə olur ki, rus rublu həftənin əvvəli ilə sonunda çox ciddi dəyişikliyə məruz qalır.

Bu məsələ bəzi fermerlərin, iş adamlarının bazara çıxış imkanlarını bir az məhdudlaşdırır. Çünki bu zaman onlar risk alırlar. Amma gömrükdə vəziyyət düzələrsə və rublun kursunda az da olsa stabillik yaransa, Azərbaycanın fermer təsərrüfatları üçün Rusiya çox sərfəli bir bazara çevrilə bilər”.

İsmayıl