Rusiya ənənəni pozmaq istəmir

Qarabağ klanının üzvü Ohanyan 2018-ci ildə prezident seçilə bilər
Ermənistan müdafiə naziri Seyran Ohanyanın 2018-ci ilin fevralında baş tutacaq prezident seçkilərində iştirak etmək üçün aktiv şəkildə özünə komanda yaratdığı iddia olunur. Öz mənbələrnə istinadən xəbər verən Ermənistanın "Joxovurd” qəzetində qeyd olunub ki, nazir bu günlərdə müxtəlif dairələrdən olan insanlarla görüşür, ölkədə vəziyyət barədə danışır, ölkədə inamsızlıq atmosfer və iqtisadi vəziyyətlə əlaqədar öz narazılığını bildirir.
Bununla da müdafiə naziri cəmiyyətdəki əhval-ruhiyyəni öyrənir, öz gələcək seçki kampaniyasına hansı insan resurslarını cəlb etməyin vacibliyini öyrənməyə çalışır. Ohanyanla görüşdə iştirak edən insanların qənaətinə görə, müdafiə naziri şəxsən ölkədə keçirilməsi planlaşdırılan konstitusiya islahatlarına qarşıdır.
Ermənistanın hazırkı müdafiə nazirinin növbəti prezident seçkilərində namizəd olaraq iştirak etməsi və seçkiləri qazanmasını dəyərləndirən politoloq Natiq Miri bəyan edib ki, Ermənistanda Robert Köçəryan dönəmindən üzü bu yana Qarabağ klanının hakimiyyətə gəlməsi zəncirvari bir proses halını alıb. Köçəryanın hakimiyyətə gəlməzdən əvvəl hərbi məsələlərə baxdığını xatırladan politoloq deyib ki, o, ilk olaraq Ermənistana baş nazir gətirildi və sonradan Rusiyanın dəstəyi ilə hakimiyyətdən salınan Ter-Petrosyanın yerinə prezident təyin olundu: "Sonra isə Serj Sarkisyan onu əvəz etdi. Sarkisyan prezident "kreslo”suna oturdulandan dərhal sonra isə onun yaxın adamı sayılan Seyran Ohanyan Ermənistanın müdafiə naziri postuna gətirildi. Ola bilsin ki, seçkilərə qədər Ohanyan müdafiə naziri postundan istefa verərək baş nazir postuna gətirilsin. Əgər uzun illərdir zəncirvari şəkildə davam edən bu ənənəni Rusiya pozmaq istəməsə, elə növbəti dəfə Qarabağ klanının davamçısı olan Ohanyan 2018-ci il prezident seçilsin. Bunu qətiyyən istisna eləmirəm. Çünki bu günə qədər zəncirdə hər hansı bir qırılma müşahidə olunmayıb. Həm də ki, son zamanlar Ohanyan siyasi yöndə kifayət qədər aktivləşib. Bunu təkcə müdafiə naziri yox, hətta onun xanımı belə toplum arasında büruzə verməyə başlayıb. Bu mənada, Rusiyanın istəyinə uyğun olaraq, biz növbəti seçkilərdə Ohanyanı Ermənistan prezidenti olaraq görə bilərik”.
Seyran Ohanyan prezident seçiləcəyi təqdirdə Ermənistanda baş verən bu hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəcəyini vurğulayan N.Miri deyib ki, Dağlıq Qarabağ problemində söz sahibi Ermənistan yox, Rusiyadır. Ona görə də, hakimiyyət başına kimin gətirilməsinin heç bir fərqi yoxdur: "Münaqişə yenə də Rusiyanın monopoliyasında olacaq. Dağlıq Qarabağda "status- kvo” yalnız Rusiya istədiyi zaman, istədiyi yöndə dəyişə bilər. Onu da deyim ki, Ermənistandakı müəyyən siyasi dairələr Qarabağ məsələsinin Rusiyanın nəzarətindən çıxarılmasının tərəfdarıdır. Amma buna nail olmaq o qədər də asan olmayacaq. Sarkisyan və Ohanyanların Ermənistana prezident təyinatı ona görə baş tutur ki, Dağlıq Qarabağ problemi və bütövlükdə Ermənistan Kremlin nəzarətindən çıxa bilməsin”.
Şəymən