Rusiya Ermənistanı barıt çəlləyinə döndərir

Bununla Kreml Qarabağ məsələsində həmsədr ölkə kimi ədalətsiz mövqe tutur
“Əgər rus-erməni birgə ordusu yaradılırsa, onun qarşılığı olaraq Azərbaycan-Türkiyə vahid ordu birlikləri də meydana gələ bilər”


Rusiyanın Ermənistanla vahid ordu birləşmələrinin yaradılması haqda saziş imzalaması ciddi müzakirə olunur. Anlaşmanın Azərbaycan Ordusunun irimiqyaslı təlimləri ilə eyni vaxtda verilməsi heç də təsadüfi sayılmır. Məlumat üçün deyək ki, birgə ordunun fəaliyyəti ilkin olaraq beş il müddətində nəzərdə tutulur. Bu birləşmənin rəhbəri iki ölkə prezidentləri tərəfindən təyin olunur.

Dinc şəraitdə birləşmiş ordu Ermənistanın Baş Qərargahına tabe olacaq. Müharibə şəraitində isə tabeçilik birbaşa Rusiya Müdafiə Nazirliyinə keçəcək. Erməni tərəfi məsələnin bu cür qoyuluşundan narazı qalıb. Ekspertlərə görə, Rusiya rəhbərliyi tərəfindən verilən bu sərəncam Ermənistanı qorumaq anlamına gəlməməlidir. Bu ordu bölgədə Rusiyanın maraqlarına xidmət edəcək. Dinc dövrdə həmin birləşməyə erməni komandirlərin rəhbərlik etməsi isə rəmzi mahiyyət daşıyacaq. Çünki Kremldə gözəl bilirlər ki, tarixdə heç vaxt müstəqil dövlətçiliyi olmayan bir xalqın ixtiyarına güclü ordu vermək arzuolunmaz nəticələrə səbəb ola bilər. Ancaq istər-istəməz regionda belə bir ordu birləşməsinin peyda olması narahatedici amil kimi dəyərləndirilir. Bu saziş NATO ölkələrinə, ABŞ-ın Gürcüstanda hərbi baza qurmasına, habelə Türkiyə və İrana təhdid deməkdir. Bizim üçün ən mühüm məsələ isə Dağlıq Qarabağda müharibə alovlandığı təqdirdə vahid qoşun birləşməsinin döyüşdə iştirak edib-etməyəcəyidir. Əksəriyyət bunun mümkünsüz olduğunu deyir. Düzdür, regionda geosiyasi maraqların və fəaliyyətin bu istiqamətdə inkişafı vəziyyəti xeyli dərəcədə mürəkkəbləşdirir. Lakin Qarabağ münaqişəsi çoxdan beynəlxalq geosiyasətin predmetinə çevrildiyindən onun barəsində kənardan verilən qərarlar birtərəfli ola bilməz. Deməli, vahid ordunun yaradılmasında Rusiyanın iki aydın məqsədi var. Birincisi, özünün cənub sərhədlərinin təhlükəsizliyini tam təmin etmək, ikincisi isə, Avrasiya İttifaqının birləşmiş vahid ordusunun əsasını yaratmaq. Rusiyalı siyasi analitik Oleq Kuznetsov deyib ki, yaxın gələcəkdə Ermənistan ordusu Kremlin istədiyi şəkildə idarə olunacaq: "Serj Sarkisyanın siyasi rejimi hakimiyyəti qorumaq və öz fiziki mövcudluğunu saxlamaq üçün ölkəni tam olaraq Rusiyanın ixtiyarına verəcək”.

Ekspert bu qruplaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini də izah edib: "Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaranmasından sonra rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formal iştirakçısına çevriləcək və onun iradəsindən heç nə asılı olmayacaq. Bakı üçün danışıqlarla bağlı yeni ünvan Moskva olacaq. ATƏT-in Minsk Qrupu qeyri-effektivlik və tam perspektivsizlik səbəbindən öz mahiyyətini itirəcək. Bununla da Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında daxili münaqişəyə çevriləcək”.
 Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki, Rusiya-Ermənistan arasında vahid ordunun yaradılması düşmən ölkə ictimaiyyətində də birmənalı qarşılanmayıb: "Ermənistanda bu məsələyə ölkənin müstəqilliyinin əldən getməsi kimi baxırlar. Ancaq məsələyə daha dəqiq izahat vermək çətindir. Çünki erməni hakimiyyəti özünü qorumaq üçün Rusiyanın himayəsində olmağı üstün tutur. Təbii ki, bu, məqbul çıxış yolu deyil. Ermənistan özünü daha güvənli hiss etmək üçün qonşularına qarşı işğalçılıq siyasətindən vaz keçməlidir. Düşmən ölkənin tək yolu budur. Təəssüflər olsun ki, Sarkisyan hakimiyyəti ağıllı yolu seçmir. Ona görə də bu məsələ narahatlıqla izlənilir. Məlumdur ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlıq Ermənistanı ciddi narahat edir. Əgər rus-erməni birgə ordusu yaradılırsa, onun qarşılığı olaraq Azərbaycan-Türkiyə vahid ordu birlikləri də meydana gələ bilər”.
Millət vəkili Elman Məmmədov bildirib ki, Ermənistan Rusiyanın quberniyasıdır. Düşmən ölkənin bütün siyasəti, hərbisi Rusiyadan asılıdır və rəsmi Moskva tərəfindən idarə olunur: "Rusiya Ermənistanı özünün forpostu, dayaq nöqtəsi kimi istifadə edib, edir və bundan sonra da edəcək. Ona görə Rusiya heç vaxt icazə verməyəcək ki, Ermənistanın mövqeyi zəifləsin. İndi yaradılan qoşunların məqsədi Ermənistanı müdafiə etmək və qorumaq üçündür. Ancaq bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur, heç bir təcavüz etməmişik və elə bir fikrimiz də yoxdur. Belə olan halda, Ermənistanın havadarı olan dövlətlərin heç bir halda bizə qarşı çıxması mümkün deyil. Rusiya Minsk Qrupunda həmsədr rolunu oynayır. Amma buna rəğmən münaqişə şəraitində olan iki dövlətdən biri ilə müqavilə bağlayır, onu silahlandırıb barıt çəlləyinə döndərir. Bununla da Rusiya Dağlıq Qarabaq məsələsində həmsədr kimi ədalətsiz mövqe tutur”.
  Hərbi ekspert Azad İsazadə bildirib ki, Rusiya üçün Cənubi Qafqazda yeganə dayaq nöqtəsi Ermənistandır: "Rusiya Cənubi Qafqazı nəzarəti əldən verməmək üçün Ermənistanı gücləndirməyə çalışacaq. Ordu birləşməsinin yaradılması barədə xəbər ilk növbədə Azərbaycan və Gürcüstan üçün təhlükəlidir. Rəsmi birləşmə o deməkdir ki, hansısa döyüşlər və ya hansısa hərbi əməliyyatlar vahid mərkəzdən idarə olunacaq”. Hərbi birləşmənin Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir göstərəcəyinə gəldikdə, A.İsazadə deyib ki, Azərbaycan ordusu günlərin birində hansısa əməliyyat keçirməyə başlasa, hərbi birləşmə böyük ehtimalla istifadə olunmayacaq: "Amma qeyri-rəsmi olaraq ermənilər Azərbaycana təzyiq göstərmək üçün bu birləşmədən bir mərkəz, bir baza kimi hər zaman istifadə etməyə çalışacaqlar”.

İsmayıl