Rusiya həbsxanasında qiyam

Rusiya mətbuatı bu işdə azərbaycanlı “qanuni oğruları” da günahlandırır


Rusiyanın Nijeqorod ərazisində yerləşən həbsxanada dustaqlar qiyam qaldırıb. Qiyamçı məhbuslar həbsxanada çalışan zabitləri girov götürüblər. Üsyandan sonra həbsxana xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb.

İlkin informasiyaya görə, "qanuni oğru”ların qaldırdığı qiyam onların hələ davam edən nüfuz müharibəsindəki növbəti döyüşlərdən biri sayılır. Rusiya mətbuatı bu işdə azərbaycanlı "qanuni oğru”ların da yer aldığını bildirib. Amma kriminal aləmi bilən ekspertlər qiyamın "qanuni oğru”larla bağlı olduğunu düşünmürlər.

Ədliyyə nazirinin keçmiş müavini, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq”ə verdiyi açıqlamada deyib ki, məhbusların qiyamı bütün cəzaçəkmə müəssisələrində hər zaman gözlənilən ən qorxulu hadisə hesab olunur: "Çox vaxt üsyanlar gizli hazırlandığı və qəflətən baş verdiyi üçün onların qarşısını almaq çox çətin olur. Qiyamların yatırılması zamanı isə çoxlu sayda məhbus və ya zabit həyatını itirir. Amma mən inanmıram ki, "qanuni oğru”ların qiyama qarışması onlar arasındakı nüfuz savaşı ilə bağlıdır. Görünür, həmin həbsxanada yatan "qanuni oğru”lar müəssisə rəhbərindən nəyəsə görə narazı qalıblar və müəyyən tələblər irəli sürüblər.

İstəkləri yerinə yetirilmədiyi üçün də üsyan təşkil ediblər. Hamı bilir ki, "oğru”ların istənilən cəzaçəkmə müəssisəsində qiyam qaldırmaq gücü var. Çox güman ki, qurum rəsmiləri özlərinə haqq qazandırmaq üçün hadisənin motivini başqa cür yayıblar. Zabitlərin girov götürülməsi ilə "oğru”ların nüfuz davasının heç bir əlaqəsi yoxdur”.

M.Zeynalovun sözlərinə görə, üsyanın başqa səbəbi də ola bilər: "Çox vaxt bəzi həbsxana rəisləri "bespredel” olurlar. Onlar dustaqlarla istədikləri kimi rəftar etməyə çalışırlar. Bu isə bir sıra problemlərin yaranmasına səbəb olur. Məhbuslar da bezir və belə bir hərəkətə əl atırlar”.

İşgəncələrə Qarşı Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da qiyamın birbaşa kriminal aləmlə bağlı olduğuna inanmadığını söyləyib: "Hansı cəzaçəkmə müəssisəsində cinayət aləmində tanınmış "oğru”lar, yəni "lotu”lar varsa, məhbuslar daha çox onların təsiri altında olurlar. Yəni məhkumlar "oğru”ların diktəsi ilə hərəkət edirlər. Əlbəttə ki, həbsxanada çıxan üsyanlar olduqca xoşagəlməz haldır. Çünki bu zaman xeyli insan ölə bilər. Amma nəzərə almaq lazımdır ki, qiyamlar hər hansı narazılıqdan qaynaqlanır. Boş-boşuna etiraz olmur. Yəqin, üsyan çıxan həbsxanada ciddi problemlər var. Ola bilər, məhkumlar həddindən artıq incidilir. Şəxsən mən "oğru” dünyasının insanları ilə dəfələrlə görüşmüşəm. Eyni cəzaçəkmə müəssisəsində bir neçə "oğru” olur. Ancaq onların qanunlarına görə, "lotu” başqa bir "lotu”ya əl qaldırmaz”.

İsmayıl