“Rusiya ilə aramızı vurmaq istəyən qüvvələr var”



 
Milli Məclisin iclası keçirilir. Sherg.az xəbər verir ki, iclasda deputatlar Ümummrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciət etməsi məsələsinə münasibət bildiriblər. Hakim YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyib ki, bu məsələ iki dövlət arasındakı münasibətlərə zərər gətirməyə çalışan hansısa qüvvələrin işləridir: 

"Rusiya ilə aramızı vurmaq istəyən qüvvələr var. Ümummrusiya Azərbaycanlıları Konqresi həmişə Rusiyanı bütün işlərində dəstəkləyib. Bundan əlavə, Azərbaycan həmişə Rusiya ilə müttəfiqlik mövqeyində olub. Bunun nəticəsidir ki, Azərbaycanda 300-dən artıq rus məktəbi, o cümlədən rusdilli institutlar, onların filialları fəaliyyət göstərir. Ancaq bu məsələ iki ölkə vətəndaşları arasında narazılığa səbəb olur. Düşünürəm ki, parlamentin dostluq qrupu bununla bağlı addım atmalıdır. Kiçik bir məsələ ilə bağlı iki ölkənin əhalisi arasında narazılıq yaratmaq düzgün deyil”.
Millət vəkili Zahid Oruc da həmkarının fikirlərini dəstəkləyib və deyib ki, bu, Azərbaycanın rus icmasına olan münasibətinə qarşı tərəfin göstərdiyi münasibətlə adekvatlıq təşkil etmir.
Elmira Axundova isə qeyd edib ki, Rusiyanın Ədliyyə Nazirliyinin bu addımnın arxasında yenə də "erməni izi” dayanır.
"Azərbaycan rus icması”nın sədri Mixail Zabelin də öz növbəsində qeyd edib ki, Azərbaycan dövləti hər zaman rus mədəniyyətinin ölkədə yayılmasına dəstək göstərib: "16 min tələbə rus dilində təhsil alır. Bu addım iki ölkə arasında münasibətlərin pozulmasına qarşı çalışanların işləridir. Mən Dövlət Dumasının bir neçə deputatı ilə də danışmışam və onlar da mənimlə həmfikirdirlər. İnanıram ki, Rusiyanın Ədliyyə Nazirliyi də bu addımdan geri çəkiləcək”.
Spiker Oqtay Əsədov isə Zabelinə belə reaksiya verib: "Qafqazda ən böyük rus icması Azərbaycandadır. Olmazmı ki, rəsmi şəkildə müraciət edib, etirazınızı bildirəsiniz?!”
Zabelin də cavab olaraq qeyd edib ki, bununla bağlı sənəd hazırlanıb və Rusiya tərəfinə müraciət edəcəklər.
Anar