Rusiya ilə Ermənistan arasında gərginlik hiss olunur

Mətbuatında yayılan informasiyalar Sarkisyanın xeyrinə işləyir



Ermənistan mətbuatında Avrasiya İttifaqı sammitində Kremlin Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmağı təklif etməsinə dair iddialar yayılıb. Məlumata görə, Rusiya hər vəchlə Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır. Amma Azərbaycan Ermənistanın Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqların geri qaytarılmasını əsas şərt kimi irəli sürür.

Qəzet onu da əlavə edib ki, dünya neft və qaz bazarlarına təsir etmək üçün yeni rıçaqlar əldə etmək baxımından Azərbaycan Rusiyaya çox lazımdır.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, heç bir əsası olmayan bu məlumatlar Ermənistan mətbuatında bilərəkdən yayılır. Bu məlumatla tanış olandan sonra müəyyən araşdırma apardığını deyən politoloq nə rus, nə də digər mənbələrdə belə bir faktla rastlaşdığını deyib: "Bu məlumatın yalnız Ermənistan mətbuatında yayılması məndə belə bir təəssürat yaradıb ki, bütün deyilənlər Ermənistanın daxili auditoriyasına hesablanıb. Mövcud şəraitdə Sarkisyan hökumətinin rəsmi Moskva ilə çox ciddi problemləri var. Zahirən müttəfiq kimi görünsələr də, münasibətlərdə müəyyən gərginləşmə var. Son vaxtlar isə Ermənistanda keçmiş prezident Robert Köçəryanın yenidən hakimiyyətə qayıtma ehtimalı geniş müzakirə predmetinə çevrilib. Sarkisyan rejimi də Ermənistanda xarici təhlükə faktorunu ortaya atıb, ictimai rəyi sözügedən müzakirələrdən yayındırıb, mövcud hakimiyyət ətrafında səfərbər etməyə yönəlmiş addımlar atır”.

Ə.Oruclunun sözlərinə görə, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün guya ki, Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq təklifi hökumət tərəfindən ortaya atılıb: "Ermənstan bu cür məlumatlarla ölkə daxilində Rusiyaya qarşı mənfi rəy formalaşdırmaq istəyir. Rusiyanın hakimiyyətə gətirmək istədiyi insanları nüfuzdan salmağın əd ideal yolu isə işğal olunmuş torpaqların qaytarılması ilə bağlı Kremlin Ermənistana təzyiq etməsinə dair məlumatların yayılmasıdır”.

Şəymən