Rusiya ilə İsrailin arasını vurmaq istədilər, alınmadı
"Belə məqamda Putinin soyuqqanlı davranması və Netanyahunun çevik hərəkəti təqdirəlayiqdir. Görünür, məsələ tezliklə həll olunacaq"
Ötən gün Suriyanın Aralıq dənizi sahillərində Rusiyaya məxsus İL-20 hərbi kəşfiyyat təyyarəsi vurulub. Təyyarənin vurulması nəticəsində 15 rus hərbçisi ölüb. Əməliyyatın Suriyaya məxsus hərbi hava qüvvələrinə aid S-200 zenit-raket konpleksi ilə vurulduğu da təsdiqlənib. Lakin buna baxmayaraq, Moskva günahı təyyarəni vuranda deyil, başqasında görüb.
Rusiya Müdafiə Nazirliyi Suriya ərazisinə daxil olan İsrailə məxsus F-16 qırıcılarının çaşqınlıq yaratdığını bildirib. Nazirliyin nümayəndəsi general Konaşenkov İsrailin bilərəkdən bu təxribata getdiyini deyərək, Təl-Əvivə qarşı adekvat cavab tədbirləri görüləcəyini bəyan edib. Hətta Rusiya müdafiə naziri Sergey Şoyqu İsrail müdafiə naziri Aviqdor Libermana zəng edərək bildirib ki, baş verən olaya görə bütün məsuliyyəti İsrail daşıyır. Lakin bir müddət sonra Kremlin mövqeyi dəyişib, daha doğrusu yumşalıb. Rusiya Prezidenti Vladimir Putin "İl-20” təyyarəsinin Suriyada qəzaya uğramasının Suriya-Türkiyə sərhədində vurulmuş "Su-24”lə müqayisə edilməməsini istəyib: "İsrail təyyarəsi bizim təyyarəni vurmayıb. Burada, çox güman ki, faciəli təsadüfi hallar zənciri yaşanıb”. Onun sözlərinə görə, Rusiya Suriyadakı hərbçilərinin əlavə təhlükəsizliyini təmin edəcək.
"Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”
Hadisədən sonra Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığında bildirilib ki, Suriyada vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması rəsmi Bakını dərindən sarsıdıb: "Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
İsrail Rusiya ilə üz-üzə gəlməkdən ehtiyat edir...
İsrailin Baş naziri Benyamin Netanyahu Putinə zəng edərək hadisənin araşdırılması üçün köməyini təklif edib: "Əsgərlərin ölümünə görə kədərliyik. Rus təyyarəsinin vurulmasına görə Suriya məsuliyyət daşıyır. İstintaqın aparılması üçün lazım olan bütün məlumatları verməyə hazırıq”. Netanyahu yanlış anlaşılmaya görə, Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı olmadığını dilə gətirib.
İsrail əsgərləri rus zabitlərini qurban verdi - Rus senator
Rusiyalı senator Frants Klintseviç İl-20 təyyarəsinin vurulması olayı ilə bağlı açıqlamasında deyib ki, Rusiya son insidentdən sonra havadan müdafiə sistemlərinin modernləşdirilməsi, əlavə elementlərin tətbiqi ilə bağlı qərarlar qəbul edə bilər: "İsrail hərbçiləri olduqca utancverici tərzdə davrandılar. Onlar gənc rus zabitlərinin həyatlarının arxasında gizləndilər”.
"Rusiya Yaxın Şərqdəki aktivliyinə son verməli, yaxud da onu minimuma endirməlidir”
Hadisəni şərh edən politoloq Qabil Hüseynli günahı Rusiyanın özündə görür: "Rusiyanın kəşfiyyat təyyarəsi Suriya ərazisində nə gəzir ki, sonda da həmin olay baş verir? Başqa bir tərəfdən, təyyarəni vuran hava hücumundan müdafiə sistemləri Suriyaya məxsus olub. Rus təyyarəsinin Suriya hərbi hava qüvvələri tərəfindən səhvən vurulmasına görə, məsuliyyəti heç bir halda İsrail çəkməməlidir. Rusiyanın özü Ukraynada Malaziyaya məxsus sərnişin təyyarəsini vuraraq xeyli sayda insanın ölümünə bais oldu. Polşa Prezidentinin təyyarəsinin Smolenskə enişi zamanı onların da həlak olmasına məhz Moskva səbəb oldu. Bu nöqteyi-nəzərdən Suriyada rus təyyarəsinin vurulmasında yanlışlığın olub-olmaması əsas məsələ deyil. Əsas məsələ odur ki, Rusiya Yaxın Şərqdəki aktivliyinə son verməli, yaxud da onu minimuma endirməlidir. Əlbəttə, təyyarənin vurulması və insan ölümündən təəssüflənirəm. Amma eyni zamanda, baş verən olayın səbəbkarları arasında Rusiyanın da adını qeyd etmək lazımdır. İsrailin son zamanlar Suriyada xeyli fəallaşdığını görürük. Bundan əvvəl, İsrail İrana məxsus hərbi yük təyyarəsini də məhv etmişdi. Üstəlik İsrail Suriyanın hava hücumundan müdafiə sistemlərini də darmadağın edib”.
"Putinin soyuqqanlı davranması və Netanyahunun çevik hərəkəti təqdirəlayiqdir”
Gənc siyasi-ekspert Zeynal Əmraliyev isə hesab edir ki, olay Rusiya ilə İsrailin arasını vurmaq üçün edilmiş bir plan idi. Ancaq bu plan işə yaramadı: "Hadisə baş verər-verməz rus mətbuat orqanlarının bu haqda İsrailə ittiham dolu xəbərlər yaymasına rəğmən, prezident Vladimir Putin rəsmi açıqlama verərək təyyarənin İsrail tərəfindən vurulmadığını bildirdi. Ardınca İsrailin Baş naziri Benyamin Netanyahu Putinə zəng edərək, təyyarəni İsrailin vurmadığını dedi. Bununla bağlı əllərində olan bütün məlumatları təslim etməyə hazır olduğunu bildirdi. Zənnimcə, üçüncü qüvvə İsrail-Rusiya münasibətlərinə zərbə vurmaq istədi, lakin bacarmadı. Belə məqamda Putinin soyuqqanlı davranması və Netanyahunun çevik hərəkəti təqdirəlayiqdir. Görünür, məsələ tezliklə həll olunacaq”.
İsmayıl