Azərbaycanın qeyri-neft ixracının 35 faizi Rusiyanın payına düşür
Rusiya-Azərbaycan münasibətləri son dərəcə məhsuldar xarakter alıb. Bu münasibətlər siyasi sahədə əməkdaşlıqlardan tutmuş iqtisadi əlaqələrə, hərbi-texniki sazişlərə qədər bütün sferaları əhatə edir. Azərbaycanı Rusiya ilə ümumi bir tarix və coğrafiya birləşdirir. Ölkələrimiz birlikdə Xəzərin akvatoriyasını bölüşür. Münasibətlərin artan templə inkişafı mal dövriyyəsinin də artımına müsbət təsir göstərir. Moskva və Bakı arasındakı münasibətlər strateji əməkdaşlığa və iqtisadi əlaqələrin genişlənməsinə gətirib çıxarır. Kremlin mətbuat xidmətinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasındakı mal dövriyyəsi 35 faiz artıb və 2,5 milyard dollar səviyyəsinə çatıb. Azərbaycan Rusiya və İranla Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsində iştirak edir. Bu nəqliyyat arteriyası 7 min kilometr olmaqla, Cənubi Asiya və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirir. Eyni zamanda Rusiya Azərbaycan üçün ən böyük bazar rolunu oynayır.
İki ölkənin iqtisadi əməkdaşlığını "Şərq”ə dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, Rusiya-Azərbaycan arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Deputat bildirib ki, ötən dövrlərlə müqayisədə 2017-2018-ci illərdə iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb:
"Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr inklüziv formada inkişaf edir. Yəni daha çox qeyri-neft sektoru, texnologiya sahəsi, kənd təsərrüfatı, aqrar sektor, xidmət ixracı və turizmin inkişafı kimi sahələr genişlənir. Rusiya ilə əlaqələrimiz kifayət qədər zəngin və çox çeşidlidir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollara yaxın investisiya qoyub.
Rusiya isə Azərbaycana 4 milyard dollar sərmayə yatırıb. Rusiyanın cənub bölgəsi, konkret olaraq Şimali Qafqaz Azərbaycanın ən çox investisiya yatırdığı yerdir. Azərbaycan Rusiya ilə münasibətlərdə nəinki dövlət səviyyəsində, eyni zamanda biznes strukturları, Milli Məclis üzvləri və QHT-lər çərçivəsində də sıx əlaqələrə sahibdir. Bir çox sahədə münasibətlərimiz dayanıqlı və uzun ömürlüdür”.
Deputatın sözlərinə görə, iki ölkənin hökumətləri qarşısına biznesin inkişafına mane olan vasitələrin aradan qaldırılması və dəyər zəncirlərinin biri-birini tamamlaması kimi mühüm bir vəzifələr qoyulub:
"Bu tələblər müasir iqtisadiyyatın ən böyük şərtidir. Azərbaycanın qeyri-neft ixracının 35 faizi Rusiyanın payına düşür. İstehsal etdiyimiz kənd təsərrüfatı məhsullarının ixracının 90 faizi Rusiya bazarları hesabına formalaşır. Bitki mənşəli məhsulların idxalına görə isə Azərbaycan 5-ci yerdə qərar tutur. Bütün bunlar kifayət qədər böyük göstəricidir”.
İsmayıl