“Sonuncu qurultayda seçilən rəhbərlər söz verdilər ki, onlar ÜAK-ın fəaliyyətində hər hansı çatışmazlığa yol verməyəcəklər”
Ümumrusiya Azərbaycan Konqresi Rusiya Ali Məhkəməsinin "dövlət qeydiyyatını ləğvetmə” qərarından sonra apelyasiya şikayəti verib. Artıq apelyasiya şikayətinə baxılacaq tarix bəllidir. Məhkəmənin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.
Xatırladaq ki, ÜAK-la bağlı verilən məhkəmə qərarı Rusiyada yaşayan milyonlarla soydaşımızla yanaşı, Azərbaycan rəsmiləri, o cümlədən ictimaiyyət nümayəndələri tərəfindən ciddi etirazla qarşılanıb. Ali Məhkəmənin qərarını ədalətsiz sayanlar bu cür addımların iki ölkə arasındakı əlaqələrə böyük zərbə vuracağını bildiriblər. Ona görə də ehtimal edilir ki, Apelyasiya Məhkəməsi əvvəlki qərarı ləğv edərək ədalətin bərpasını və münasibətlərin yenidən normallaşmasını təmin edəcək.
Gözləntilərlə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Tofiq Abbasov bəyan edib ki, müxtəlif dairələr ən yüksək səviyyədə məsələyə münasibət bildiriblər. Ekspertin fikrincə, gözlənilməz qərar siyasi kontekstdə verilib:
"Məhkəmənin qərarı ərəfəsində rusiyalı rəsmilər və siyasilər Azərbaycana qarşı qərəzli açıqlamalarla çıxış edirdilər. Dövlət qurumları inkar etsələr də, bu məsələdə barmaqları olduğu aydın idi. Məhkəmədən mənfi qərarın çıxması bilavasitə rəsmilərin işə qanunsuz müdaxiləsi ilə reallaşdı. Apelyasiya şikayəti yanlış qərardan dönmək üçün bir şansdır. Rusiya məhkəməsi tərəflər arasında münasibətlərə neqativ təsir göstərən qərarı ləğv etməlidir”.
Analitikin sözlərinə görə, ÜAK Rusiyada yaşayan soydaşlarımızı bir yerə yığmaqla yanaşı, həm də iki dövlət arasında normal əlaqələrin qururlmasına xidmət edirdi:
"Əlbəttə, qurumun fəaliyyətində hansısa neqativ faktlar ola bilər, bunu danmırıq. Ancaq sonuncu qurultayda seçilən rəhbərlər söz verdilər ki, onlar ÜAK-ın fəaliyyətində hər hansı çatışmazlığa yol verməyəcəklər. Lakin yenilərin fəaliyyətinə imkan verilmədi və tez zamanda məhkəmə mənfi qərar çıxartdı. Yəqin ki, Rusiya tərəfi vəziyyəti gərginləşdirməyi düşünmür. Çünki belə münasibətin zərərli tərəfi ruslara da toxuna bilər. Çox güman ki, Apelyasiya Məhkəməsi sağlam qərar qəbul edəcək”.
İsmayıl