Rusiya Şeyxi mükafat “yağışı”na tutub

Hacı Şahin Həsənli: “Putinin digər ölkənin din xadimini mükafatlandırması öz-özlüyündə siyasi mahiyyət daşıyır”
Elşad Miri: “Başda Şeyx olmaqla Qafqaz Müsəlmanları İdarəsinin islam dininin təbliğindən və inkişafından başqa hər sahəyə xeyri var”


Ötən həftə Rusiya prezidenti Vladimir Putin QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəni növbəti dəfə təltif edib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Şeyxülislama konfessiyalar və xalqlar arasında sosial-mədəni əlaqələrin qurulmasında xidmətlərinə görə Rusiya prezidentinin təşəkkürnaməsini təqdim edib.

Şeyxülislam isə təqdimetmə mərasimində Vladimir Putinin ona yüksək etimad göstərdiyini vurğulayıb: "O, görüşlərimiz zamanı bunu dəfələrlə söyləyib. Mən isə həmişə bu etimadı doğrultmağa çalışmışam”.

Qeyd edək ki, buna qədər Şeyx Rusiyanın "Dostluq” və "Şöhrət” ordenlərinə, habelə I dərəcəli "Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir”, I dərəcəli "Müqəddəs Sergey Radonejski”, Rus Pravoslav Kilsəsinin "Şöhrət və şərəf” ordenlərinə layiq görülüb.

Onu da deyək ki, Azərbaycan cəmiyyətində Şeyxin ardıcıl olaraq Rusiya tərəfindən təltiflənməsi heç də birmənalı qarşılanmır. Hətta Şeyxülislamın Rusiya ilə yaxın əlaqələrini önə çəkənlər bu təltif "yağış”ının QMİ sədri üçün dəstək mahiyyəti daşıdığını da istisna etmir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı Hacı Şahin Həsənli də hesab edir ki, xalqlar arasında sosial-mədəni əlaqələrin genişləndirilməsində, onlar arasında sülhün bərqərar olmasında din xadimlərinin rolu həddindən artıq böyükdür. Bu mənada Rusiya prezidenti tərəfindən Şeyxə bu cür mükafatların verilməsi bir növ onun əməyinin yüksək, nüfuzunun böyük olmasının göstəricisidir. Bütün dünyada din xadimlərinin siyasi proseslərdə rolunun günü-gündən artdığını vurğulayan Hacı Şahinin sözlərinə görə, hansısa bir dövlət başçısının digər ölkənin din xadimlərini, ictimaiyyət üzvlərini, diplomatlarını mükafatlandırması öz-özlüyündə siyasi mahiyyət daşıyır: "Bu həm də həmin ölkəyə qarşı diqqətin ifadəsidir. Bilirsiniz ki, Putin Şeyxlə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu da mükafatlandırıb. Bu da şübhəsiz ki, Rusiyada Azərbaycan dövlətinin siyasi önəminin və qüdrətinin artmasının təzahürüdür”.

Şeyxin mükafatlandırılmasının daha çox Rusiya ilə olan şəxsi münasibətlərlə əlaqələndirilməsinə gəldikdə isə Hacı Şahin bu barədə konkret məlumatlı olmadığını deyib: "Əslində Şeyxin Rusiya siyasətçiləri ilə yaxın münasibətlərinin olması da çox yaxşı haldır.

İlahiyyatçı-alim Elşad Miri isə Rusiya prezidenti tərəfindən Şeyxə verilən təltiflərin bir o qədər də əhəmiyyətli olmadığını deyib: "Bu cür təltiflər, mükafatlar "Molla Nəsrəddin” jurnalına diqqət yetirmisinizsə, həmin dövrlərdə də müntəzəm olaraq şeyxülislam, din xadimlərinin mükafatlandırılması qeyd olunub. Sadəcə bir məsələ var ki, insanlar hər zaman mükafatlandırıldığı yerə özünü borclu hiss edir, həmin şəxs və ya qurumla münasibətlərini qorumağa çalışır. Hansı ki, bütün bunlar lüzumsuz şeylərdir. Əsl mükafat insana Allah tərəfindən verilir. Mən də bir çox mükafatlara layiq görülmüşəm. Amma heç vaxt belə halların reklam olunmasının tərəfdarı olmamışam. Çünki bütün görülən işlər, atılan addımlar Allah üçündürsə, kimlərinsə səni mükafatlandırmasının nə əhəmiyyəti var. Onu da deyim ki, xalqlar arasında sosial-mədəni əlaqələrin genişləndirilməsi, sülhün təbliği istiqamətində atdığı addımlara görə hansısa bir ölkə başçısının Şeyxi mükafatlandırması kimlər üçünsə təqdirəlayiq hal ola bilər.
Amma bunu bir o qədər də əhəmiyyətli hesab etmirəm. Çünki bu cür mükafatların dinimizin yayılmasına, inkişafına və düzgün təbliğinə heç bir müsbət təsiri, töhfəsi yoxdur”.

Konfessiyalar və xalqlar arasında sosial-mədəni əlaqələrin qurulmasında xidmətlərinin təqdirəlayiq olub-olmadığına gəldikdə isə E.Miri deyib ki, Azərbaycanda islam dininin yayılmasından başqa bütün məsələlərdə Şeyxin böyük rolu var: "Başqa ölkələrlə yaxın münasibətlərin qurulması, xalqlararası mədəniyyətlərin qurulmasında da Hacı Allahşükür Paşazadənin müəyyən qədər töhfələri var. Bütün bu töhfələrin təsirini isə biz Həcc ziyarəti yaxınlaşdıqca görürük. Faktiki olaraq, dünyada ən bahalı Həcc ziyarəti Azərbaycanda təşkil olunur. Bu da onun göstəricisidir ki, başda Şeyx olmaqla Qafqaz Müsəlmanları İdarəsinin islam dininin təbliğindən və inkişafından başqa hər sahəyə xeyri var”.

Şəymən