Rusiya Türkiyə üçün bir bazardır

Son günlər yaşanan gərginlik Moskva-Ankara münasibətlərinə ciddi təsir etməyəcək




Rusiya prezidenti Vladimir Putinin qondarma erməni soyqırımına dair İrəvanda təşkil olunan tədbirə qatılması Türkiyə cəmiyyətində və eləcə də siyasi elitasında narazılıqla qarşılanıb. Sıravi vətədaşlarla yanaşı, bu ölkənin rəsmiləri də Moskvanı məlum mövqeyinə görə sərt tənqid ediblər. Onlar iddia edirlər ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların ən qızğın çağında rəsmi Ankara Kreml üçün bir nəfəslik rolunu oynadı. Və həmin dönəmdə bu ölkələr arasında "Cənub koridoru” adlı qaz boru kəmərinin çəkilməsi haqda müqavilə ilə yanaşı, bir sıra iqtisadi əməkdaşlıqlara dair də müqavilələr bağlandı. Buna rəğmən Moskva saxta soyqırımı dəstəkləmək mövqeyindən əl çəkmir.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini qınayan bəyanat yayıb. Bəyanatda Rusiya Dumasının 1995-ci ildən bəri hər 10 ildən bir təktərəfli erməni iddialarını dəstəkləyən siyasi açıqlamalarla çıxış etdiyi xatırladılıb və bildirilib ki, bu il də həmin ənənə pozulmayıb: "Türkiyənin dostluğuna önəm verməsini və həssaslığına diqqət etməsini gözlədiyimiz Rusiyanın mövqeyində israr etməsi bölgəmizdəki sülh, barış və rifaha yardımçı olmayacaq”. Şübhəsiz ki, qardaş ölkə rəsmilərinin reaksiyasından çıxış edən politoloqlar bu ölkələr arasındakı münasibətlər haqda müxtəlif səpkili proqnozlar verməkdədirlər. Bəziləri məlum gərginliyin əlaqələrə mənfi təsir göstərməyəcəyini iddia etsə də, çoxu əksini düşünür.

Bunun Rusiya ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlığa göstərəcəyi təsiri şərh edən iqtisadçı-ekspert İlham Şaban "Şərq”ə söyləyib ki, ortada ciddi iqtisadi maraqlar və qarşılıqlı iqtisadi asılılıq var: "Moskva Ankaradan enerji baxımından asılıdır. Türkiyə isə özünün enerjisinin diversifikasiyasını Rusiya vasitəsilə həyata keçirir. Digər tərəfdən bu ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcuddur ki, bu da 31 milyard təşkil edir. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, hazırda Rusiyada çalışan türk vətəndaşlarının sayı digər ölkə miqrantları ilə müqayisədə daha çoxdur. Bu da bir reallıqdır. Maqadandan tutmuş Rusiyanın Qərb sərhədlərinə qədər hər yerdə türk şirkətləri mövcuddur. Hesab edirəm ki, fikir toqquşmaları sözügedən ölkələr arasındakı münasibətləri neqativ məcraya dəyişdirməyəcək. Çünki bundan əvvəl də saxta soyqırımın 90 illiyi olmuşdu. Rusiya onda da qatılmışdı. Lakin bunun əlaqələrə heç bir mənfi təsiri olmamışdı”.

Məsələnin siyasi tərəflərini analiz edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev vurğulayıb ki, Rusiya Duması qondarma erməni soyqırımını 1996-cı ildən tanıyıb: "Təbii ki, Kreml İrəvana pulsuz "stavka”ya gedib. Onun üçün Ermənistan regionda çox vacib bir dövlətdir. Bu səbəbdən Moskva separatçı ölkənin mövqelərini gücləndirməyə davam edir. Ümumiyyətlə, ermənilərin Osmanlı imperiyası qarşısında ayaqlanmasında Rusiyanın və Fransanın böyük rolu olub. Həmin dönəmdə Rusiya erməni polislərini silahlandırıb. Fransa isə onlara ideoloji dəstəklər verib. Üstəgəl, ermənilər üçün məktəblər açıb ki, bu da Ermənistan dövlətinin qurulmasına bir zəmin yaradıb. Düşünürəm ki, Kremlin davranışı təbii qarşılanmalıdır”.

Ekspert hesab edir ki, Türkiyə Rusiya ilə münasibətləri dayandırsa, bu, rəsmi Ankara üçün iqtisadi itki olacaq: "Lakin o fikirlə də razı deyiləm ki, Türkiyə iqtisadi qazanca görə buna göz yummalıdır. Qardaş ölkə başqa bir formada Moskvaya təsir göstərməlidir. Ən azından obyektiv elmi məlumatlardan ibarət bir braşura hazırlayıb, dünya ölkələri parlamentlərinə yaymaq olar. Baxın, bədnamlar əvvəllər iddia edirdilər ki, 6 yüz min erməni həlak olub. İndi deyirlər ki, milyondan artıq erməni qətlə yetirilib. Düşmən ölkənin yalanının ifşası üçün həmin faktordan istifadə etmək olar. Bunların üzərində işləmək lazımdır. Bütün hallarda deyə bilərəm ki, son yaşananlara görə, Moskva ilə Ankara arasındakı münasibətlər korlanmayacaq. Rusiya Türkiyə üçün bir bazardı. Ankara bundan istifadə edir”.

Ayyət Əhməd