“Rusiya və Azərbaycan liderlərinin bir-birinə xoş münasibəti bu iki ölkəni ciddi tərəfdaşa çevirib"




"Azərbaycan və Rusiya liderlərinin səyi nəticəsində iki ölkənin münasibətləri ən yüksək həddə çatıb”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Aydın Mirzəzadə deyib.

Deputat bəyan edib ki, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və beynəlxalq platformalarda olduqca müsbət əməkdaşlıq mövcuddur:

 "Rusiya və Azərbaycan liderlərinin bir-birinə olan xoş münasibəti və verdikləri əmək iki ölkəni regionda ciddi tərəfdaşa çevirib. Azərbaycan Rusiya üçün etibarlı tərəfdaş, mehriban qonşu və beynəlxalq platformalarda birlikdə hərəkət edə biləcəyi dost ölkədir. Rusiya da Azərbaycan üçün etibarlı qonşu və çoxsaylı azərbaycanlıların daimi yaşadığı ölkədir. Münasibətlərin bu səviyyəyə yüksəlməsində prezidentlərin şəxsi əlaqələri böyük rol oynayıb. Prezident Putinin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda ifadə etdiyi sözlər də münasibətlərin səviyyəsini özündə ehtiva edir”.

Parlament üzvünün sözlərinə görə, Azərbaycanın dövlət başçısı regionda sabitliyi qoruyan, irəli sürdüyü layihələrlə nəinki ölkəmizə, eləcə də regionda onlarla ölkəyə dividend gətirən böyük siyasi fiqurdur: 

"Azərbaycan liderinin bacarığı, diplomatik qabiliyyəti bütün dünya ölkələrinin rəhbərləri, o cümlədən, Rusiya lideri tərəfindən qəbul edilir. Azərbaycan-Rusiya əlaqələri və iki liderin münasibətləri hər iki ölkə ictimaiyyəti tərəfindən qəbul olunur, alqışlanır. Ümumiyyətlə, dünyada sülhün başlıca amili ölkələr arasındakı münasibətlərin yaxşı olmasıdır. Azərbaycan-Rusiya münasibətləri bunun üçün bir nümunə ola bilər”.

İsmayıl