Rusiya yasdadır

“Biz demoqrafiyadan danışırıq, ancaq bu qədər insanımızı görün nəyə görə itiririk?”
Putin ağlamaq yox, hönkürmək istədi



Ötən gün Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində 64 nəfər dünyasını dəyişib. Həyatını itirənlərdən 41-i uşaqdır. Yanğın nəticəsində ümumilikdə 131 nəfər xəsarət alıb. Hadisədən sonra Kemerovo şəhərinin sakinləri administrasiyanın binası qarşısında ticarət mərkəzində baş verən yanğınla əlaqədar etiraz aksiyası keçiriblər.

"Novaya qazeta” etiraz aksiyasının müxalifətçi, Ümumrusiya Xalq Cəbhəsinin üzvü Maksim Uçvatov tərəfindən təklif edildiyini yazıb. Etiraz aksiyasına 4000 nəfərdən çox insan qatılıb. Onlar "Korrupsiya öldürür”, "Biz hamımız bu zooparkda qapadılmışıq”, "Real qurbanlar nə qədərdir?” şüarları səsləndiriblər. Daha sonra etirazçılar yerli hökumətin istefasını tələb ediblər. Etirazçıların qarşısına Kemerovo vilayətinin vitse-qubernatoru Sergey Sivilyev və qubernatorun köməkçisi Vladimir Çernov çıxıb. Lakin məmurlar etirazçıların suallarına onları qane edən cavab verə bilməyiblər. Digər maraqlı məqam isə mitinqin koordinasiyasını yanğında bütün ailəsini itirən İqor Vostrikovun təşkil etməsi olub. O, mitinq zamanı şəhər morqlarına gedərək, ölənlərin dəqiq sayının yoxlanılmasını təklif edib.

"Mer haradadır?  Dərhal cəzalansınlar!”

Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə gələrək hadisə yerini ziyarət edib, ticarət mərkəzinin qarşısına gül dəstələri qoyub. Ticarət mərkəzində baş verən faciə ilə bağlı iclas keçirən Putin sərt açıqlamalar verib. İclasda Kemerovo meri İlya Sedyukun iştirak etməməsi Putini bərk qəzəbləndirib:

"Mer haradadır? İclasda niyə iştirak etmir?”. Putin bildirib ki, həmin ticarət mərkəzində son 2 ildə heç bir yoxlama aparmayıb. O, günahkarların dərhal cəzalandırılması ilə bağlı Rusiya İstintaq Komitəsinə tapşırıq verib.

"Pulsuz arayış almaq olmur, pulla isə kim nə istəsə, yazır”

Putin deyib ki, baş verənlər böyük səhlənkarlıq və əsl cinayətdir: "Bu ki hərbi fəaliyyət və ya şaxtaya metan qazının gözlənilməz axını deyil. İnsanlar, uşaqlar istirahət etməyə gəliblər və həyatlarını itiriblər. Biz demoqrafiyadan danışırıq, ancaq bu qədər insanımızı görün nəyə görə itiririk?”. Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə faciədə günahı olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini tapşırıb: "Pulsuz arayış almaq olmur, pulla isə kim nə istəsə, yazır”.

"Rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayını düşünəndə ağlamaq yox, hönkürmək istəyir: "Ölən uşaqların sayından danışanda ilk öncə ağlamaq yox, hönkürmək istəyirsən. Burada deyilənləri eşitdikdə isə dürüst desək, tamam başqa şeylər düşünürsən. Faciə ilə bağlı araşdırma diqqətlə aparılacaq, vəzifə və rütbəsindən asılı olmayaraq, bütün günahkarlar cəzalandırılacaq”.

Qubernator Putindən üzr istədi...

Rusiyanın Kemerevo vilayətinin qubernatoru Aman Tuleyev "Qış albalısı” faciəsinə görə prezident Putindən üzr istəyib. Qubernator martın 25-də Putinlə telefon danışığında hadisə ilə bağlı ətraflı məlumatı olmadığına görə, prezidentə belə deyib: "Vladimir Vladimiroviç, baş verənlərə görə, üzrxahlığımı qəbul edin. Sizinlə telefon danışığında faciəylə bağlı geniş məlumata malik deyildim. Sanki hər şey qəfil baş verdi. Ölü sayı ildırım sürəti ilə artdı. Bacım qızının həlak olması xəbərini eşidəndən sonra isə mənzərə tam aydın oldu”.

İsmayıl