Rövşən Ağayev: “Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi, insanların iş baxımından çətinliklərlə üzləşməsi axını gücləndirir”
Rusiyada azərbaycanlı miqrantların sayı azalıb
Natiq Cəfərli: “MDB ölkələrinin əksəriyyətindən olan miqrantlar da Rusiyanı tərk edirlər”
Rövşən Ağayev: “Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi, insanların iş baxımından çətinliklərlə üzləşməsi axını gücləndirir”
Rövşən Ağayev: “Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi, insanların iş baxımından çətinliklərlə üzləşməsi axını gücləndirir”
Asif Bayramov: "Rusiyanın sağlam qüvvələri tərəfindən biz sevilirik, müəyyən rəğbətlə qarşılanırıq”
Son zamanlar Rusiyaya qazanc üçün gedən əməkçi azərbaycanlıların sayında azalma müşahidə olunur. Ekspertlər bu faktı daha çox Moskvanın miqrasiya haqqında qanununu sərtləşdirməsi ilə izah edirlər. İddia edirlər ki, əvvəl mühacir bu ölkədə üç ay qala bilərdi, müddət bitdikdən sonra ölkəni tərk etməli və bir müddət keçdikdən sonra isə yenidən qayıda bilərdi. Beləliklə də, qanun ildə dörd dəfə miqrantların bu dövlətin ərazisinə gəlməsinə icazə verirdi. İndi isə qanunda edilən dəyişikliklərə görə, mühacirlər Rusiya ərazisində üç ay olduqdan sonra ölkəni tərk etməlidirlər, yalnız üç aydan sonra qayıda bilərlər.
Hazırkı qanuna görə bu ölkəyə mühacir üçün gəlmək imkanı ildə iki dəfə oldu. Bundan başqa, əvvəllər mühacir maneəsiz şəkildə burada əmək fəaliyyətinə başlaya bilərdisə, indi bunun üçün o, əvvəlcə rus dili və bu dövlətin tarixindən imtahan verməli rus dili və tarix biliklərinə dair şəhadətnamə almalıdır.
Durumu dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, soydaşlarımızın Rusiyanı tərk etməsinə bu ölkədə yaşanan ciddi iqtisadi böhran səbəb olub: "Şimal qonşumuzun iqtisadiyyatında ciddi daralma mövcuddur. Rusiyaya tətbiq olunan maliyyə sanksiyaları və neftin qiymətinin ucuzlaşması Kremlin iqtisadiyyatına mənfi təsir göstərib. Qonşu ölkə iqtisadiyyatının daralması prosesi gedir. Rusiya iqtisadiyyatında bu il 4-5 faiz azalma proqnozlaşdırılır. Azərbaycanlılar da iş şəraiti pisləşdikdə, geri dönməyə və yaxud iş tapmaq məqsədilə başqa ölkələrə üz tuturlar. Amma qeyd edim ki, yalnız soydaşlarımız deyil, MDB ölkələrinin əksəriyyətindən olan miqrantlar da Rusiyanı tərk edirlər”.
Rusiyanın alqı-satqı prosesində azərbaycanlıların üstünlük təşkil etdiyini söyləyən ekspert hesab edir ki, Moskvanın Qərbə cavab olaraq Avropa ölkələrindən idxalı dayandırması həmyerlilərimizin iş şəraitinə mənfi təsir göstərdi: "Azərbaycanlı iş adamları əsasən Avropadan, Polşa, Bolqarıstan və Xorvatiyadan külli miqdarda məhsul idxal edirdilər. İndi Rusiya embarqo qoyub deyə həmvətənlərimizin işi ikiqat çətinləşib. Bu səbəbdən axın getdikcə sürətlənir. Buna hazır olmaq lazımdır. Bununla yanaşı, bəzi məlumatlar yar alıb ki, ilkin mərhələdə həmyerlilərimizin əksəriyyəti ölkəmizə qayıtmır. Onlar Qazaxıstan, Belarus və Ukraynanın Qərb hissəsinə gedib, iş axtarırlar. Bu istiqamətdə də uğur qazana bilməyəndə ölkəmizə qayıdırlar”. N.Cəfərli vurğulayıb ki, soydaşlarımızın Azərbaycana qayıtması ölkədə ciddi iqtisadi gərginlik yarada bilər: "Bu, gələcəkdə işsizlik probleminə yol açacaq. Azərbaycan hökuməti əvvəlcədən ciddi hazırlaşmalıdır. Geriyə axın sürətlənərsə, problemi önləməyin ən yaxşı yolu budur ki, onların bacardığı sahələrlə bağlı münbit şərait yaradılsın. Gömrükdə, vergidə mövcud olan neqativ halların aradan qaldırılmasına, kiçik və orta sahibkarlığın güclənməsinə ehtiyac var. Fikir verin, ortada Rusiya təcrübəsi mövcuddur. Şimal qonşumuz Uzaq Şərqdə, Uraldan o tərəfə iş quran sahibkarları yeni qanunvericiliyə görə vergidən azad edib. Bizdə də bu tipli təşviq proqramları həyata keçirilməlidir. Ölkəmizə dönənlər iş quracaqlarsa, müəyyən müddət vergidən azad olunsunlar və yaxud da aşağı faizlə vergi versinlər. Dövlətdən ucuz kredit ala bilsinlər. Bütün bunlar kompleks şəkildə düşünülməlidir və artıq hazırlıqlar görülməlidir. Görünən odur ki, Qərb-Moskva qarşıdurması və Rusiyada iqtisadi durumun ağırlığı illərlə davam edə bilər”.
İqtisadçı Rövşən Ağayev bildirib ki, son vaxtlar Rusiyaya gedənlərin sayının azalması daha çox mövsümi gedənlərlə bağlıdır: "Uzun müddətlik gedib, orada yaşayan insanlar var. Bu insanların sayı stabil qalır. Artım-azalma müvəqqəti gedənlərlə bağlıdır. Ümumiyyətlə, beynəlxalq miqrasiya təşkilatının dünya təcrübəsindən gəldiyi belə bir qənaəti var ki, əmək miqrasiyasının müddəti 5 ildən çox olmur. Mühacir miqrasiyası, siyasi miqrasiya ilə əmək miqrasiyasının fərqi odur ki, əmək miqrasiyası müvəqqəti olur. Azalmalar əmək miqrasiyası ilə bağlıdır”.
R.Ağayev onu da diqqətə çatdırıb ki, Rusiyada iqtisadi vəziyyət bir az da pisləşsə, yerlilərimizin ölkəmizə axını daha da çoxalacaq: "Son bir ildə Rusiyadan yerlilərimizin ölkəmizə axını var. Çünki Rusiyada son bir ildə iqtisadi vəziyyət pisləşməyə başlayıb. Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi, rublun qiymətinin düşməsi, insanların iş baxımından çətinliklərlə üzləşməsi ola bilsin ki, o axını gücləndirir. Mətbuatda azərbaycanlı miqrantların Rusiyadan geri qayıtması ilə bağlı məlumatlara tez-tez rast gəlirəm. Proses dərinləşsə, Rusiyada iqtisadi vəziyyət pisləşməyə davam etsə, biz daha güclü axının şahidi ola bilərik. Ola bilər ki, miqrantlar ölkəmizə qayıtdıqdan sonra digər ölkələrə getsinlər. Amma Rusiyadakı miqrantlarımızın ölkəmizə axını qaçılmazdır. Bu proses davam edəcək”.
Sosioloq Asif Bayramov isə bəyan edib ki, Rusiyaya gedənlərin sayının azalmasının kökündə başlıca amil iqtisadi faktordur: "Amma bu prosesin arxasında iqtisadi faktorla yanaşı, Rusiyada son bir neçə ildə baş verən etnik mənəvi proseslər də durur. Rusiyada ölkənin yeni rəhbərinin siyasi quruluşuna uyğun olaraq, ekstermist qüvvələr aktivləşməkdədir. Onların fəallığı isə daha çox Qafqaz mənşəli, xüsusən islam dininə etiqad edən insanlara qarşı yönəlmiş çıxışlarla müşahidə olunur. Məsələ burasındadır ki, Rusiyada millətçi qüvvələr daha çox islamafobiya ideologiyası üzərində köklənmiş qüvvələrdir. Onlar yalnız qeyri-ruslara qarşı yox, həm də daha çox islam əqidəsinə tapınan insanlara qarşı yönəlmiş hərəkətlərdir. Bunun özü də çox ciddi psixoloji amildir. Azərbaycanlıların son vaxtlar Rusiyaya getməməsinin kökündə duran amillərdən biri də məhz mənəvi-psixoloji faktordur. Bu faktora görə, heç bir ciddi əsas olmadan Rusiyada kifayət qədər insanlarımız qətlə yetirilir. Bu ölkədə ictimaiyyətin diqqətini həqiqi cinayət səbəblərindən yayındırıb, məhz islama qarşı yönəldilməsi çox güman ki, dövlətin siyasi kursunun tərkib hissələrindən biridir”.
Sosioloq onu da əlavə edib ki, Azərbaycandan Rusiyaya əməkçi miqrantların getməsi təbii haldır: "Biz rusları özümüzünkü kimi qəbul etmişik. Eləcə də Rusiyada azərbaycanlıları rus ictimai düşüncəsi özünəməxsus olan insanlar kimi qəbul edirlər. Bu, son 200 il ərzində baş verən prosesdir. Ona görə biz Rusiyanı özümüz üçün uğurlu bazar hesab edirik. Baxmayaraq ki, orada müəyyən radikal, ekstremist, islamafobiya qüvvələri müəyyən zaman aşımında islam dininə qulluq edənlərə və xüsusən qafqazlılara qarşı radikal çıxışlar ediblər. Ancaq bu, bütün Rusiya ictimaiyyətini əhatə etmir. Rusiyanın sağlam qüvvələri tərəfindən biz sevilirik, müəyyən rəğbətlə qarşılanırıq. Bu inteqrasiya şüuru onların da düşüncəsində oturuşub”.
Ayyət Əhməd