Rusiyada iş yoxdur, azərbaycanlılar qayıdır

Onlar Qazaxıstan, Belarus və Ukraynanın Qərb hissəsinə gedib, iş axtarırlar. Bu istiqamətdə də uğur qazana bilməyəndə ölkəmizə qayıdırlar




Azərbaycanlılar Rusiyanı kütləvi şəkildə tərk edir. 2015-ci ilin birinci rübündə Rusiyada xarici vətəndaşların (Ukrayna vətəndaşları nəzərə alınmamaq şərti ilə) sayı təxminən 127 min nəfər azalıb. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, hazırda Rusiyada 558,8 min azərbaycanlı yaşayır. 2015-ci ilin ilk üç ayı ərzində Rusiyada yaşayan azərbaycanlıların sayı 4,1 faiz azalıb. Ümumilikdə 2014-cü ilin aprelindən 2015-ci ilin aprel ayına qədər Rusiyanı 34 min azərbaycanlı tərk edib. Durumu dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, soydaşlarımızın Rusiyanı tərk etməsinə bu ölkədə yaşanan ciddi iqtisadi böhran səbəb olub: "Şimal qonşumuzun iqtisadiyyatında ciddi daralma mövcuddur. Rusiyaya tətbiq olunan maliyyə sanksiyaları və neftin qiymətinin ucuzlaşması Kremlin iqtisadiyyatına mənfi təsir göstərib. Qonşu ölkə iqtisadiyyatının daralması prosesi gedir. Rusiya iqtisadiyyatında bu il 4-5 faiz azalma proqnozlaşdırılır. Azərbaycanlılar da iş şəraiti pisləşdikdə, geri dönməyə və yaxud iş tapmaq məqsədilə başqa ölkələrə üz tuturlar. Amma qeyd edim ki, yalnız soydaşlarımız deyil, MDB ölkələrinin əksəriyyətindən olan miqrantlar da Rusiyanı tərk edirlər”.

Rusiyanın alqı-satqı prosesində azərbaycanlıların üstünlük təşkil etdiyini söyləyən ekspert hesab edir ki, Moskvanın Qərbə cavab olaraq Avropa ölkələrindən idxalı dayandırması həmyerlilərimizin iş şəraitinə mənfi təsir göstərdi: "Azərbaycanlı iş adamları əsasən Avropadan, Polşa, Bolqarıstan və Xarvatiyadan külli miqdarda məhsul idxal edirdilər. İndi Rusiya embarqo qoyub deyə həmvətənlərimizin işi ikiqat çətinləşib. Bu səbəbdən axın getdikcə sürətlənir. Buna hazır olmaq lazımdır. Bununla yanaşı, bəzi məlumatlar yar alıb ki, ilkin mərhələdə həmyerlilərimizin əksəriyyəti ölkəmizə qayıtmır. Onlar Qazaxıstan, Belarus və Ukraynanın Qərb hissəsinə gedib, iş axtarırlar. Bu istiqamətdə də uğur qazana bilməyəndə ölkəmizə qayıdırlar”.

N.Cəfərli vurğulayıb ki, soydaşlarımızın Azərbaycana qayıtması ölkədə ciddi iqtisadi gərginlik yarada bilər: "Bu, gələcəkdə işsizlik probleminə yol açacaq. Azərbaycan hökuməti əvvəlcədən ciddi hazırlaşmalıdır. Geriyə axın sürətlənərsə, problemi önləməyin ən yaxşı yolu budur ki, onların bacardığı sahələrlə bağlı münbit şərait yaradılsın. Gömrükdə, vergidə mövcud olan neqativ halların aradan qaldırılmasına, kiçik və orta sahibkarlığın güclənməsinə ehtiyac var. Fikir verin, ortada Rusiya təcrübəsi mövcuddur. Şimal qonşumuz Uzaq Şərqdə, Uraldan o tərəfə iş quran sahibkarları yeni qanunvericiliyə görə vergidən azad edib. Bizdə də bu tipli təşviq proqramları həyata keçirilməlidir. Ölkəmizə dönənlər iş quracaqlarsa, müəyyən müddət vergidən azad olunsunlar və yaxud da aşağı faizlə vergi versinlər. Dövlətdən ucuz kredit ala bilsinlər. Bütün bunlar kompleks şəkildə düşünülməlidir və artıq hazırlıqlar görülməlidir. Görünən odur ki, Qərb-Moskva qarşıdurması və Rusiyada iqtisadi durumun ağırlığı illərlə davam edə bilər”.

Ayyət Əhməd