"Rusiyada vəziyyət Ermənistandakından da pisdir"- AKTUAL ŞƏRH

Rasim Ağayev:"Moskva öz problemləri ilə məşğuldur, sanksiyaların altından qalxmağa çalışır"




"Ermənistandakı xaotik vəziyyətin, hakimiyyətdəki qarışıqlığın təqsirkarı erməni xalqının özüdür”.

Bunu "Sherg.az”a "Ermənistandakı gərginlik hansı həddə qədər davam edəcək?" sualını cavablandırarkən politoloq Rasim Ağayev söyləyib. 

Onun sözlərinə görə, erməni xalqı öz namusunu qorumalı idi:

"Ermənilər namuslarını itirdilər. Zori Balayan, Levon Ter-Petrasyan, Serj Sarkisyan kimi fırıldaqçı siyasətçilərə inandılar. Onların mübarizəsi ərazi davası, "Böyük Ermənistan” kimi əsassız iddialar idi. Elə bilirdilər, Qarabağı alan kimi bütün problemləri düzələcək.

İndi Ermənistan çıxılmaz vəziyyətdə qalıb. Nə Qərb ona yardım edir, nə də Rusiya. Qərbin regionda maraqları var, Rusiya isə öz problemləri ilə məşğuldur, sanksiyaların altından qalxmağa çalışır. Əslində Rusiyada vəziyyət Ermənistandakından da pisdir. Nəticə olaraq, ermənilər tək, perspektivsiz və qüvvəsiz qalıblar.

Ermənistan heç kimə lazım deyil. Hazırda ölkənin ənənəvi siyasi ideologiyası böhran vəziyyətindədir. Hər ölkədən bir az qoparıb, ərazisinə birləşdirməklə, dövlət olmağa çalışır. Halbuki qonşu ölkələri işğal etməyə imkan verən yoxdur”.

R.Ağayevin fikrincə, Serj Sarkisyanın baş nazir vəzifəsindən getməsinin Ermənistan üçün heç bir fərqi olmayacaq:

"O xalqın ağlına istefadan başqa heç nə gəlmir. Ermənistanın problemi idarəçilikdə kimin olmasıdırsa, çətinliklər çoxdan həll olunmalı idi. Amma bu xalqın problemi erməni ideologiyasındadır. Kimsə ortaya çıxıb, xaosu sakitləşdirə bilər. Amma bu da çıxış yolu deyil. Ermənilər gələcəklərini düzgün müəyyənləşdirməlidir”.

Aysel Aslan