Yaşar Aydəmirov: “Rusiyadakı diasporumuzdan nümunəvi addımları görmürük”
Rusiyada yaşayan azərbaycanlılar hərəkətə keçməlidirlər
Cümşüd Nuriyev: “Rusiyadakı soydaşlarımızı fəallaşdırmaq lazımdır”
Yaşar Aydəmirov: “Rusiyadakı diasporumuzdan nümunəvi addımları görmürük”
Yaşar Aydəmirov: “Rusiyadakı diasporumuzdan nümunəvi addımları görmürük”
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi İnstitutu 46 regionun 130 yaşayış məntəqəsində 1600 nəfərdən sorğu keçirib. Qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sadə rusların mövqelərini öyrənib. Məlumata görə, respondentlərin 72 faizi münaqişə barədə eşitdiklərini deyib. Onların 71 faizi münaqişənin sülh yolu ilə, 15 faizi isə müharibə yolu ilə həll oluna biləcəyini düşünür.
Rusiya sakinlərinin 44 faizi ölkələrinin münaqişədə vasitəçi olmasını bildirib. Nəticələrə əsasən, rusların 35 faizi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını, 9 faizi Ermənistanın tərkib hissəsi olmasını, 6 faizi Azərbaycana birləşdirilməsini istəyir. 18 faiz respondent isə Qarabağın Rusiyanın taleyində heç bir rol oynamadığını deyib.
Məsələni dəyərləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev "Şərq”ə söyləyib ki, Azərbaycanın dünyanın əksər ölkələrində diaspora üzrə dövlət komitəsi fəaliyyət göstərir. Amma indiyə qədər onların heç bir yaddaqalan xidmətlərinin şahidi olmamışıq: "Çox ağrılı məsələdir. Rusiyada 3 milyon yarıma yaxın azərbaycanlı yaşayır. Rusiyada çoxsaylı milyonerlərimiz var. Buna rəğmən rusların cəmi 6 faizi bizi dəstəkləyir. Biabırçılıqdı. Bu həm də bir daha göstərdi ki, biz ölkəmizin haqq işində vahid plan əsasında çıxış etmirik. Xaricdəki səfirliklərimiz ancaq ölkə prezidenti onları çağırıb danlayandan sonra çalışmağa başlayırlar. Yəni hadisələr öncəsi 1 ay, 20 gün aktivləşirlər, qalan vaxtları yatırlar. Baxın, hər il 20 Yanvar hadisələri və ya Xocalı soyqırımı ərəfəsində bir balaca aktivləşirik. Amma soyqırım gününün sabahı hər şeyi unuduruq. Amma ermənilər bizdən fərqli olaraq işləyirlər. Əslində belə bir sorğunun nəticələrinə görə, dövlət diaspora komitəsi istefa verməlidir”.
C.Nuriyevin sözlərinə görə, biz başqa millətlərdən fərqli olaraq xaricdə bir araya gələ bilmirik: "Bacım uşaqları Rusiyada yaşayırlar. Ora gedəndə maraqlanıram. Hərənin bir konqresi var. Hərə bir cəmiyyət yaradıb. Birinin başında alverçi, başqasının başında isə Rusiya təhlükəsizlik orqanlarının işçiləri dayanır. Hətta iş o yerə çatıb ki, Kurqanda Azərbaycan diasporasının rəhbərinin anası ermənidir. Təbii ki, bu adamlar Azərbaycanın maraqlarını güdməyəcəklər. Buna da nəzarət etmək Azərbaycan dövlətinin pulunu mənimsəyən, bu dövlətin adından istifadə edənlərin üzərinə düşür. Onlar hara baxır? Rusiyadakı soydaşlarımızı fəallaşdırmaq lazımdır. Bu qədər konsulluqlar və bizim ordakı səfirliyimiz kimə lazımdı? Diaspora komitəsi kimə lazımdı? Onlar Azərbaycanın heç bir işinə yaramırlar. Ancaq özlərinin bizneslərini qururlar. Təəssüf ki, bu, belədi”.
Azərbaycan Ordusunun keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov da bu məsələ ilə bağlı Rusiyada yaşayan soydaşlarımıza müraciət edib: "Hazırda Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Lakin tarixin bütün dövrlərində öz vətənini, millətini qoruyan ordunun ən böyük dayağı və yardımçısı xalq olub. Bu gün Azərbaycanın Milli Ordusu dünyanın ən müasir hərbi standartlarına uyğun şəkildə formalaşıb. Ordumuzun psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi, arsenalının gücləndirilməsi üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Aparılan uğurlu islahatlar xalqın orduya olan inam və etibarını daha da artırıb. Ön cəbhədə düşmənlə üz-üzə vətənə xidmət edən Azərbaycan əsgərləri arxa cəbhədən və ən böyük arxa cəbhə olan xalqın onlara dəstəyindən əmin olduqda daha cəsarətli olurlar. Xalqımız da bu dəstəyi heç zaman əsgərlərimizdən əsirgəmir. Həm mənəvi, həm rəmzi də olsa, xalqımız maddi dəstəklə daim ordumuzun yanında olduğunu hər an aşkar şəkildə nümayiş etdirir. Hər bir həmvətənlimiz bunu öz şərəfli borcu hesab edir”.
O qeyd edib ki, ordumuzun keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından daha da ruhlanan həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir: "Elə bu günlərdə Latviyadakı Azərbaycan diaspor təşkilatının rəhbərliyi tərəfindən 3 ədəd təcili yardım maşınlarının Azərbaycan Müdafiə Nazirliyinə təqdim edilməsi, ADA Universiteti rəhbərliyinin və kollektivinin, müxtəlif iş adamlarının yardımları, hətta adlarının açıqlanmasını istəməyən bir çox vətəndaşlarımızın Silahlı Qüvvələrə Yardım Fonduna ödənişləri və s. xalqın orduya olan inamın və etibarın bariz nümunəsidir. Təbii ki, Latviyadakı diaspor təşkilatımızın, eləcə də Silahlı Qüvvələrə Yardım Fonduna yardım edənlərin bu hərəkəti xaricdə yaşayan hər bir soydaşımız üçün nümunə olmalıdır. Amma məsələn, Rusiyadakı diasporumuzdan biz bu cür nümunəvi addımları görmürük. Yeri gəlsə, məhz orada ən çox diaspor təşkilatlarımız cəmləşib. Bu, böyük təəssüf doğurur. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilir. Nazirlik hər hansı yardımın göstərilməsi ilə bağlı rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən dəstək dərin təşəkkürə layiqdir”.
Ayyət Əhməd