Rusiyadan dönüş

Azər Allahverənov: “Son 3 ayda Rusiyadan Azərbaycana qayıdan insanların sayının 100 minə qədər olması mümkündür”Natiq Cəfərli: “Problemi önləməyin ən yaxşı yolu budur ki, onların bacardığı sahələrlə bağlı münbit şərait yaradılsın”
Rusiyada əcnəbi vətəndaşların sayı kəskin azalıb. Bu barədə Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski prezident Vladimir Putinlə görüşündə bildirib. O qeyd edib ki, miqrasiya haqqında qanunu pozan 1 milyon 350 min nəfərdən çox xarici vətəndaşın bu ölkəyə girişi qadağan edilib: "Hazırda Rusiya ərazisində 10 milyona yaxın xarici vətəndaş yaşayır. Dəyişikliklərdən sonra Rusiyaya işləmək üçün gələn bəzi ölkə vətəndaşlarının sayında azalma müşahidə edilir. Bu, miqrasiya haqqında qanuna edilən dəyişikliklərlə əlaqədardır”.
Məlumat üçün bildirək ki, V.Putin 2014-cü ilin sonunda Miqrasiya qaydalarını pozan şəxslərin Rusiyaya girişini 10 il müddətinə qadağan edən qanunu təsdiqləyib.
Azalmanın səbəblərini şərh edən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "Şərq”ə söyləyib ki, oradakı azərbaycanlılar artıq ölkəmizə qayıdır. Onun sözlərinə görə, ümumilikdə son 3 ayda Rusiya ərazisini 1 milyona qədər insan tərk edib: 
"Bu, həm iqtisadi, həm də qanunvericilik amili ilə bağlıdır. Çünki 1 yanvar tarixindən etibarən Rusiyada yeni qaydalar qüvvəyə mindi. O qaydalara görə, Rusiya ərazisində qeyri-qanuni miqrant qismində aşkar olunan şəxs ölkə ərazisindən deportasiya olunur və ən azından 3 il Rusiyaya daxil olması qadağan edilir. Qaydalarda göstərilir ki, miqrant qanunla müəyyən olunmuş vaxtdan 120 gün artıq qalarsa 3 il, 180 gün artıq yaşayıbsa 5 il, 270 gün artıq qalıbsa 10 il Rusiya ərazisinə daxil ola bilməz. Bunlar Rusiyada əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Onlar hansısa formada qanunu pozarlarsa, bir neçə il müddətinə ora qayıda bilməyəcəklər. Bu da əmək qabiliyyətli insanın potensial iş yerini itirməsi deməkdir. Bu səbəbdən həmin qanun qüvvəyə minənə qədər miqrantların böyük bir qismi Rusiya ərazisini tərk etmək qərarına gəliblər. Bunların arasında azərbaycanlılar da mövcuddur”.
A.Allahverənov diqqətə çatdırıb ki, şimal qonşumuzda əvvəllər mövcud olan əmək kvotaları indi artıq ortadan götürülüb: "Patentin əldə olunması üçün isə bir neçə şərt var. Onlardan biri odur ki, həmin şəxs tibbi sığorta şəhadətnaməsi ilə təmin olunmalıdır. İkincisi, Rusiya tarixindən və dilindən imtahan verib, sertifikat əldə etməlidir. Eyni zamanda onun Rusiyada yaşaması qanuni əsaslarla olmalıdır. Rusiya ərazisinə daxil olarkən miqrant kartını göstərməlidir ki, burada əmək fəaliyyəti ilə məşğul olması üçün gəlir. Bunlar yoxdursa, ona patent verilmir. Bu tipli məsələlər orada əmək fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantların istəklərinin qarşısını ala biləcək hallar kimi dəyərləndirilə bilər. Təbii ki, azərbaycanlıların böyük qismi rus dilində danışır, amma rus tarixini bilmirlər. Soydaşlarımız kurslara yazılırlar. Yəni, əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər mütləq patent əsasda işləyə bilər. Təbii ki, bunlar hər kəsə nəsib olmayacaq. Belə olan halda Rusiyadan kütləvi axın başlamasa da, geriyə dönüş halları olacaq və hazırda da var”.
Ekspertin qənaətincə, Rusiyada yaşayan həmvətənlərimizin təxminən 15 faizi 17 yaşına qədər olan uşaqlardır: "Onların ailələri gəlirsə, deməli, özləri də gələcək. Digər tərəfdən, iqtisadi problemlərə görə bəziləri öz ailələrini bura göndərirlər. Həmçinin, Rusiyada yaşayanların təxminən 37 faizi qadınlardır. Bunların da bir qisminin geriyə dönüşü baş verəcək. Belə olan halda son 3 ayda Rusiyadan Azərbaycana qayıdan insanların sayının 100 minə qədər olması mümkündür. Amma bunların hamısı birdəfəlik gəlməyib. Bayramı burada keçirtmək, sənədlərini düzəltmək üçün gələnlər var idi. Onların geri dönüşü olacaq. Bir qismi isə sanksiyaların fəsadlarının aradan qalxmasını gözləmək üçün gəliblər. Yəni, onların bura dönüşü müvəqqəti xarakter daşıya bilər. Bir müddətdən sonra bəzilərinin yenidən Rusiyaya qayıtmaları mümkündür. Ancaq müəyyən elementləri olsa da, kütləvi dönüş halları yoxdur”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, soydaşlarımızın Rusiyanı tərk etməsinə bu ölkədə yaşanan ciddi iqtisadi böhran səbəb olub: 
"Şimal qonşumuzun iqtisadiyyatında ciddi daralma mövcuddur. Rusiyaya tətbiq olunan maliyyə sanksiyaları və neftin qiymətinin ucuzlaşması Kremlin iqtisadiyyatına mənfi təsir göstərib. Qonşu ölkə iqtisadiyyatının daralması prosesi gedir. Rusiya iqtisadiyyatında bu il 4-5 faiz azalma proqnozlaşdırılır. Azərbaycanlılar da iş şəraiti pisləşdikdə, geri dönməyə və yaxud iş tapmaq məqsədilə başqa ölkələrə üz tuturlar. Amma qeyd edim ki, yalnız soydaşlarımız deyil, MDB ölkələrinin əksəriyyətindən olan miqrantlar da Rusiyanı tərk edirlər”.
Rusiyanın alqı-satqı prosesində azərbaycanlıların üstünlük təşkil etdiyini söyləyən ekspert hesab edir ki, Moskvanın Qərbə cavab olaraq Avropa ölkələrindən idxalı dayandırması həmyerlilərimizin iş şəraitinə mənfi təsir göstərdi: "Azərbaycanlı iş adamları əsasən Avropadan, Polşa, Bolqarıstan və Xarvatiyadan külli miqdarda məhsul idxal edirdilər. İndi Rusiya embarqo qoyub deyə həmvətənlərimizin işi ikiqat çətinləşib. Bu səbəbdən axın getdikcə sürətlənir. Buna hazır olmaq lazımdır. Bununla yanaşı, bəzi məlumatlar yer alıb ki, ilkin mərhələdə həmyerlilərimizin əksəriyyəti ölkəmizə qayıtmır. Onlar Qazaxıstan, Belarus və Ukraynanın Qərb hissəsinə gedib, iş axtarırlar. Bu istiqamətdə də uğur qazana bilməyəndə ölkəmizə qayıdırlar”.
N.Cəfərli vurğulayıb ki, soydaşlarımızın Azərbaycana qayıtması ölkədə ciddi iqtisadi gərginlik yarada bilər: "Bu, gələcəkdə işsizlik probleminə yol açacaq. Azərbaycan hökuməti əvvəlcədən ciddi hazırlaşmalıdır. Geriyə axın sürətlənərsə, problemi önləməyin ən yaxşı yolu budur ki, onların bacardığı sahələrlə bağlı münbit şərait yaradılsın. Gömrükdə, vergidə mövcud olan neqativ halların aradan qaldırılmasına, kiçik və orta sahibkarlığın güclənməsinə ehtiyac var. Fikir verin, ortada Rusiya təcrübəsi mövcuddur. Şimal qonşumuz Uzaq Şərqdə, Uraldan o tərəfə iş quran sahibkarları yeni qanunvericiliyə görə vergidən azad edib. Bizdə də bu tipli təşviq proqramları həyata keçirilməlidir. Ölkəmizə dönənlər iş quracaqlarsa, müəyyən müddət vergidən azad olunsunlar və yaxud da aşağı faizlə vergi versinlər. Dövlətdən ucuz kredit ala bilsinlər. Bütün bunlar kompleks şəkildə düşünülməlidir və artıq hazırlıqlar görülməlidir. Görünən odur ki, Qərb-Moskva qarşıdurması və Rusiyada iqtisadi durumun ağırlığı illərlə davam edə bilər”.
Ayyət Əhməd