Rusiyanı boykot edənlər artır

ABŞ hələ ki, “yumşaq güc”dən istifadə edir
İki nüvə gücünün qarşıdurmasının nə demək olduğunu tərəflər anlayır



ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb. Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib ki, Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır. Noyert bildirib ki, Rusiya ABŞ və müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın həyatına sui-qəsddə günahkar olduğunu etiraf etməlidir.

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib ki, Vaşinqtonun rus diplomatları qovmaq qərarı ciddi sübutlara əsaslanır. Onun sözlərinə görə, qərar Böyük Britaniyanın baş naziri Tereza Meyin təqdim etdiyi çox ciddi sübutlara əsaslanır: "Mey bir çox ölkələrə və beynəlxalq təşkilatlara müraciət etdi və açıq şəkildə orada nə baş verdiyini və bunun Rusiya ilə necə əlaqələndirildiyini izah etdi. Bu informasiya yalnız ABŞ üçün deyil, bir çox digər ölkələr üçün də inandırıcı oldu”.

Skripal və qızı ömürlük şikəst qalacaq

Britaniyanın Solsberi şəhərində müəmmalı şəraitdə sinir iflic edən qazla zəhərlənmiş keçmiş rus casus Skripal və onun qızı sağ qalsa belə ömürlük əlil olacaqlar. Bu barədə "The Telegraph” qəzeti məlumat yayıb. Nəşrə açıqlama verən ekspert "Noviçok”un digər sinir-paralitik təsirli maddələrdən azı 10 dəfə güclü olduğunu söyləyib və zərərçəkənlərin sağ qalacağına az ümidin olduğunu bildirib. Məlumat üçün deyək ki, zərərçəkən şəxslər hazırda koma vəziyyətindədir. Ata ilə qızın huşsuz vəziyyətdə aşkarlandığı ərazidə zərərli qazdan daha 21 nəfərin, o cümlədən bir polis əməkdaşının da zəhərləndiyi bildirilir. Britaniya baş naziri Tereza Meyin sözlərinə görə, onlar Solsberi yaxınlığındakı hərbi elmi laboratoriyada anti-dotun olması hesabına sağ qalıblar.

Skripal və qızını ingilis kəşfiyyatı zəhərləyib?

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, əgər İngiltərə Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı əsaslı dəlillər təqdim etməzsə, hökumət vətəndaşlarının həyatına sui-qəsd edildiyini düşünəcək: "İngiltərənin mövqeyi bir çox sualların yaranmasına səbəb olur. İngilis xalqı ciddi təhdid yaradan bu olaydan bixəbərdir və olay zamanı yaralananların dəqiq sayı bəlli deyil. Bu durum bizi hadisədə ingilis kəşfiyyatının əli olduğunu inanmağa sövq edir. Faktların təqdim edilməsi ilə bağlı məsuliyyət İngiltərənin üzərindədir”.

"Rusiya Dostoyevskinin Roskolnikovuna bənzəyir”

Britaniya Xarici işlər naziri Boris Conson Skripal insidentini Fyodr Dostoyevskinin "Cinayət və Cəza” romanı, Rusiyanı isə bu romanın baş qəhrəmanı Rodion Raskolnikov ilə müqayisə edib. Conson deyib ki, baş verənlər "Cinayət və cəza”nın başlanğıcına bənzəyir: "Yəni biz hamımız cinayətkarın kim olduğunu bilirik. Məsələ ondadır ki, o özü cinayətini etiraf edəcək, yoxsa ələ keçiriləcək”.

Britaniya təqdimat keçirdi, Zaxarova şok oldu

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə bildirib ki, Böyük Britaniya hökumətinin keçmiş zabit Sergey Skripalın zəhərlənməsi ilə bağlı paylaşdığı faktlar aşağı sinif şagirdlərinin işlərinə bənzəyir: "Əlbəttə, onların açıqlaması bizim üçün şok oldu. Bunlar uşaq rəsmlərini xatırladır. Uşaqları belə öyrədirlər. Mən bunun nə olduğu bilmirəm. Yalnız baş nazir Tereza Meyin səsləndirdiyi tezislərin istifadə edildiyi təqdimat kompüteri yenicə mənimsəyən aşağı sinif şagirdləri səviyyəsində hazırlanıb. Cəmi 6 səhifədir və bu səhifələrdən biri elə təqdimatın adıdır. Yerdə qalan 5 səhifə isə mətn deyil, şəkildən ibarətdir”. Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Moskvadakı səfirliyində Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı təqdimat təqdim edilib.

Mey Kremlə böyük zərbə hazırlayır

Britaniya Rusiyanın London fond birjasından suveren borc kağızları almasına qadağan qoya bilər. Baş nazir Tereza Meyin bu təklifi nəzərdən keçirdiyi bildirilir. Meyə bu təklifi Xarici İşlər üzrə Komitənin sədri Tom Tuqendat irəli sürüb.
"Qardian”a açıqlama verən Tuqendat bunun Rusiyanın cəzalandırılması üçün önəmli olduğunu deyib: "Hazırda Qərb sanksiyalarına rəğmən Rusiya Avropa Birliyi və ABŞ kapital bazarlarından borc götürə bilər. Bununla da sanksiyalar altında olan Kremlə bağlı bankları, energetika şirkətlərini dəstəkləyə bilər”.

Daha iki ölkə Rusiyanı boykot etdi

İngiltərə ilə Rusiya arasında yaşanan "Skirpal işi” gərginliyi bu il Rusiyada keçiriləcək Dünya Çempionatına da mənfi təsirini göstərib. İslandiya 2018 Dünya Çempionatını diplomatik boykot etməyi qərara alıb. İslandiyanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Salisburi şəhərində yaşanan faciə beynəlxalq hüquqları pozur və Avropadakı sülhə, təhlükəsizliyə təhdid xarakteri daşıyır. Həmçinin qeyd edilib ki, iki ölkə arasında bütün ali səviyyəli ikili dialoqlar müvəqqəti olaraq təxirə salınıb. İslandiya kimi Polşa da açıq şəkildə boykot qərarını elan edərkən, Avstraliya, Danimarka, İsveç və Yaponiya Dünya Çempionatını boykot etmək mövzusunu müzakirə etdiklərini bildirib. Böhranın bir soyuq müharibəyə çevrilməsi təqdirində qatılan komandaların da çempionatdan çəkilmə təhlükəsi olacaq.

"Rusiya ilə hərbi qarşıdurma arzuedilməzdir”

Politoloq Azər Rəşidoğlu bildirib ki, Amerika Birləşmiş Ştatları hazırda daha çox "yumşaq güc”dən istifadə edir: 

"Rusiya ilə hərbi qarşıdurma arzuedilməzdir. Ən azı ona görə ki, Rusiya nüvə dövlətidir, onunla açıq təhdidlə danışmaq təhlükəlidir. ABŞ da nüvə silahına malik ölkədir. İki nüvə gücünün qarşıdurmasının nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur. Rusiya-ABŞ qarşıdurması bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmayacaq. Burada bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazım gəlir. Məsələn, ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edir. Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də münasibətləri normallaşdırsın.

 Qərblə "soyuq savaş” isə Kremli yeni ittifaq yaratmağa sövq edir. Rusiya kommunist quruluşa malik Çin ilə əməkdaşlıq edir. Neft, qaz və silah satışı məsələsində iki ölkə müttəfiqdir. Rusiya bununla yanaşı, Yaponiya, Hindistan, Monqolustan, Şimali Koreya və Vyetnamla da əlaqələrini genişləndirir. Moskva Yaxın Şərqdə də söz sahibi statusunu saxlamaq istəyir. Vaşinqton isə get-gedə öz müttəfiqlərini itirməkdədir. Bu baxımdan ABŞ-ın təkqütblü dünya yaratmaq cəhdi böyük problemlərlə üzləşə bilər”.

İsmayıl