Ruslar Qarabağda qanunsuz qızıl çıxarmaq istəyir

Ekspertlər ümid edir ki, Xarici İşlər Nazirliyi bununla bağlı öz mövqeyini ortalığa qoyacaq



Azərbaycanın növbəti dəfə işğal altındakı olan qızıl yataqlarından rus şirkətləri istifadə etməyə başlayıblar. Qonşu ölkənin faydalı qazıntıların axtarışı və hasilatı ilə məşğul olan "Geologix Group” şirkəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qızıl hasilatına başlamağa hazırlaşır.

Şirkətin yaradıcıları Nikita Koçev və Pavel Kopıtin məlumat yayıblar. Onlar "Sekret firmı” jurnalına açıqlamalarında belə deyiblər. Şirkət sahiblərinin bildirdiyinə görə, onlar Ermənistandakı qızıl yatağında hasilata başlamaq üçün lisenziya almaq barədə təklif alıblar. Həmin vaxt isə başqa bir ideya da meydana çıxıb. Dağlıq Qarabağdakı digər qızıl yatağında da işə başlamağı nəzərdən keçirmək.

Virtualaz.org xəbərinə əsasən jurnal qeyd edib ki, SSRİ dövründə Azərbaycanda aparılmış geoloji kəşfiyyat ekspedisiyaların nəticələrinə əsasən Qarabağ bölgəsində 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660 min ton qalay və digər əlvan metal ehtiyatları var: "Bu yataqlara sahiblənmək çox asandır, çünki tanınmamış respublikada praktiki olaraq rəqabət yoxdur. Həmin filiz yataqlarının sahibi "Dağlıq Qarabağ Respublikası” müdafiə nazirinin müavinidir. O, tərəfdaşları "DQR prezidenti” Bako Saakyanla görüşə də dəvət edib”.

Koçevlə Kopıtin jurnala açıqlamalarında onu da bildiriblər ki, onların şirkəti artıq yayda Dağlıq Qarabağda qızılın sənaye üsulu ilə hasilatına başlamağı planlaşdırır.

"İqtisadi Resursların Öyrənilməsi” İB-nin sədri Ruslan Atakişiyev bunun qanunsuz olduğunu söyləyir: "Çünki həmin ərazilər Beynəlxalq aləm tərəfindən də Azərbaycan ərazisi kimi tanınıb. Bu baxımdan Azərbaycanın icazəsi olmadan qeyri-qanuni iqtisadi resurslarından istifadə etmək qanuna ziddir. Və qızıl yataqlarının hər hansı bir şəkildə istismarı ölkəmizin torpaqlarının işğal müddətindəki dəyən ziyan kimi hesablanır”.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu həm Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, həm də indiki Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə xidmət edən amillərdən biridir. Çox güman ki, Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi də bununla bağlı öz mövqeyini ortalığa qoyacaq. Həmçinin qonşu ölkə tərəfindən olan reaksiyanı da gözləmək lazımdır. Ümid edirəm ki, Rusiya şirkəti Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcək. Rusiya hökumətinin müdaxiləsi ilə həmin şirkətin Dağlıq Qarabağda hər hansı iqtisadi fəaliyyət göstərməsinə icazə verilməyəcək”.

Çünki bir neçə dəfə Dağlıq Qarabağ ərazisində qızıl yataqlarından istifadə edilməyə cəhd göstərilib. Bir çox hallarda Azərbaycan tərəfinin sərt reaksiyası ilə bunun qarşısı alınıb. Lakin bəzi şirkətlər hələ Qarabağda fəaliyyət göstərirlər. Bu istiqamətdə fəaliyyət göstərən Rusiya şirkətləri çoxluq təşkil edir. Bank üzərindən pul köçürtmə şirkətləri dəfələrlə etirazlara baxmayaraq hələ də orada çalışırlar. Dağlıq Qarabağa Rusiyanın istənilən ərazisindən Azərbaycan Bank sistemindən kənar vəsaitin köçürülməsi prosesi bu gün də davam etdirilir”.

N.Cəfərli həmçinin söyləyir ki, Ermənistanın xarici ticarət dövriyyəsində qiymətli daş-qaş əşyalarının təxminən 500 milyon dollara yaxın payı var: "Bunun da bir hissəsi adıçəkilən şirkətin brilliantları cilalamaq üçün çıxarılıb Ermənistana gətirilirsə, digər hissəsi qızıl ixracı ilə bağlıdır. Ermənistan ərazisində qızıl yataqlarının çox kiçik həcmdə olmasını nəzərə alaraq Kəlbəcərdə və digər işğal altında olan ərazilərimizdəki qızıl yataqlarından əldə olunan gəlirdi ki, ixaracatda özünü büruzə verir. Ümumilikdə isə bu barədə dəqiq rəqəmlər və məlumatlar almaq mümkün deyil. Çünki işğalçı Ermənistan bu rəqəmlərin Azərbaycanın əlində rıçaq vasitəsi olduğunu düşünərək gizlədir”.

Vüqar Şahinoğlu