Ruslar Türkiyəyə ölkədaxili pasportlarla gedə biləcək

Ankara bununla turizm sektorunu gücləndirməyə çalışır



Rusiya ilə Türkiyə arasında gediş-gəliş prosedurunun asanlaşdırılmasına dair saziş hazırlanır. Məlumata görə, Antalya Ticarət-Sənaye Palatasının təşəbbüsünə əsasən, Rusiya vətəndaşları xarici pasport olmadan Türkiyəyə səfər edə biləcəklər.

Yəni, səfərlər üçün Rusiya daxilində istifadə olunan pasport (şəxsiyyət vəsiqəsi) kifayət edəcək. Türkiyənin turizm zonalarında fəaliyyət göstərən alış-veriş mərkəzlərinin üzərinə rus rublu qəbul etməyə öhdəlik qoyula bilər.

Məsələni dəyərləndirən ekspert Azər Allahverənovun sözlərinə görə, Rusiya ilə Türkiyə çalışır ki, vətəndaşları üçün əlverişli mühit yaratsınlar. Və hər iki tərəf bundan qarşılıqlı şəkildə faydalana bilsin: "Türkiyə maraqlıdır ki, ölkələrinə gələn Rusiya vətəndaşlarının sayı artsın və bu, turizm sektoruna böyük töhfə versin. Eyni zamanda bu, Türkiyə iqtisadiyyatına böyük dəstək göstərmiş olacaq. Rusiya da maraqlıdır ki, vətəndaşları onun üçün tərəfdaş olan ölkənin ərazisində gedib dincəlsinlər. Bu da iqtisadiyyatın müxtəlif seqmentlərində hansısa bir sahənin qurulmasına gətirib çıxaran amildir. Misal üçün, Dağıstanda türklərin bir "Nika Dağıstan” adlanan tikiş fabriki yaradılıb. Türklər ora 1 milyarda qədər sərmayə yatırıb. Bu gün Dağıstan respublikasının 7 min vətəndaşı həmin müəssisədə çalışır və əmək haqqı alır. Bu, elə-belə bir layihə olmadı. Bu, Dağıstanla Türkiyə arasındakı intensiv münasibətlərin nəticəsi idi. Bu münasibətlər miqrasiya ilə başladı və sonradan siyasi, iqtisadi zəmində öz əksini tapdı. Rusiya hökuməti öz vətəndaşlarına bu şəraiti yaradır ki, Türkiyəyə öz vətəndaşlıq pasportları ilə gedib gəlsin. Bunun müəyyən səbəbləri də var. Deyək ki, Azərbaycanda ölkə daxilində şəxsiyyət vəsiqəsi işləyir. Amma Rusiyanın daxilində xarici pasportla yaxın forma və məzmunda olan bir sənəddir. Sadəcə, Moskva vətəndaşları əlavə xərclərdən azad etmiş olur. Hətta Azərbaycanda da bununla bağlı müəyyən məsələlər var. Yəni şəxsiyyət vəsiqəsinin çiplərlə buraxılması məsələsi gündəmdədir. Çiplər imkan verəcək ki, vizasız gediş-gəliş olan ölkələr arasında ölkə daxilində istifadə olunan sənədləri xaricdə də istifadə etmək mümkün olsun. Bu məsələ reallaşarsa, həmin məsələ Azərbaycan vətəndaşları üçün də tətbiq oluna bilər. Bu, gələcəyin söhbətidir. Amma artıq həmin yöndə işlərə başlanıb və siz dediyiniz məsələ də böyük ehtimalla həmin işlərin tərkib elementidir”.

Ayyət Əhməd