Rüşvət verənlərin alanlardan çox olması başadüləndir

“Cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, təhsili, savadı, bacarığı olmayanlar vəzifə tuta bilməsinlər, rüşvət yolu ilə istədiklərinə nail olmasınlar”
Tahir Kərimli: “Məəttəl qaldım ki, görəsən, almanların mənimlə nə işi var?! Sən demə, onlar eşidiblər ki, Ali Məhkəmənin sədri işləmişəm və bir qəpik də olsa rüşvət almamışam”


Ona görə ki, bir məmur bəzən 10-15 nəfərdən rüşvət alır


"Ölkədə rüşvət verənlər alanlardan daha çoxdur”. Bunu baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Baş prokurorun müavini bildirib ki, əməkdaşlar tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: "Vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs isə töhmət alıb. Digər 2 şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib. 10 nəfər isə vəzifəsindən azad edilib”.

K.Əliyev bildirib ki, 2017-ci ilin birinci yarısında dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti məhkəmələrə göndərilib.

Korrupsiya halları ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlar barədə "Şərq”ə danışan millət vəkili, hüquqşünas, vaxtı ilə Ali Məhkəmənin Sədri işləmiş Tahir Kərimli deyib ki, rüşvət verənlərin alanlardan çox olması başadüşüləndir. Ona görə ki, bir məmur bəzən 10-15 nəfərdən rüşvət alır. Deputatın sözlərinə görə, K.Əliyev başqa məqama diqqət çəkir və cəmiyyətdə rüşvət vermək istəyənlərin çoxluğunu qabardır: 

"Təəssüf ki, Azərbaycan ictimaiyyətində "rüşvət vermək” düşüncəsi ilə yaşayan, hansısa "problemi” rüşvətlə həll etməyə çalışanların sayı çoxdur. Məsələn, kimsə əziyyət çəkib dərs oxumaq istəmirsə, rüşvət verməklə təhsil almağa çalışır. Anlamır ki, təhsil almadan "müəllim” olan şəxs özünü də bədbəxt edir, başqasının balasını da. Yaxud hansısa zəruri vəsiqəni ala bilmirsə, adam axtarır ki, pul verib hazır sənəd əldə etsin. Rüşvət cəmiyyətimizin böyük bir azarıdır, xalq bu bəladan qurtula bilmir. Cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, təhsili, savadı, bacarığı olmayanlar vəzifə tuta bilməsinlər, rüşvət yolu ilə istədiklərinə nail olmasınlar. İnanın, o zaman insanlar hər şeyi qayda-qanunla həll etməyə məcbur qalacaqlar və zamanla buna vərdiş edəcəklər. Hazırda əksər sahələrdə bu cür neqativ hallara rast gəlinir”.

Deputat rüşvət hadisəsi ilə bağlı başına gələn bir əhvalatı da paylaşıb: 

"1990-cı illərin ortalarında Bakıya Almaniya Bundestaqından iki deputat gəlmişdi. O vaxt Zərdüşt Əlizadə mənə dedi ki, sosial-demokratları təmsil edən alman millət vəkilləri səninlə görüşmək istəyir. Düzü, məəttəl qaldım ki, görəsən, almanların mənimlə nə işi var?! Sən demə, onlar eşidiblər ki, Ali Məhkəmənin sədri işləmişəm və bir qəpik də olsa rüşvət almamışam. Soruşdular ki, eşitdikləri həqiqətdir, yoxsa yox? Dedim, siz niyə buna təəccüb edirsiz, məgər Almaniyada məhkəmədə rüşvət alırlar? 

Cavab verdilər ki, "yox, almırlar, lakin Almaniyada rüşvət verən yoxdur, əgər versələr, alan olar”. Onları heyrətləndirən odur ki, burada mənə dəfələrlə rüşvət təklif etdikləri halda yaxın durmamışam. İstəsəydim, İsmayıllıda oturub rüşvətlə dolanardım, amma heç vaxt bir qəpik də almamışam. Sözümün canı odur ki, məmurlar özləri rüşvətə şərait yaratmamalıdır. Deyək ki, xalqın maarifçiliyi çatmır və kimsə hansısa məmura rüşvət təklif edir. Belə olan halda məmur qətiyyən qəbul etməməlidir. Yəni maarifçiliklə bərabər sosial sistemin də rolu böyükdür. Sistemi elə qurmalıyıq ki, heç kim nə rüşvət almağa, nə də verməyə cürət etsin. Xalq və məmur qarşılıqlı şəkildə biri-birinə nəzarət etməlidir”.

İsmayıl