İndi İvanişvili danışmalıdır, onun həbsdən buraxdığı adam İstanbul terrorunda günahlandırılır
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili öz feysbuk səhifəsində İstanbul terroruna görə Gürcüstan hökumətini ittiham edib.
Onun sözlərinə görə, Türkiyənin İstanbul şəhərində yerləşən "Atatürk” Hava Limanında baş verən terrorda şübhəli bilinən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyəti həbsdən buraxıb:
"Atatürk” Hava Limanında hücumda şübhəli bilinən, əslən Çeçenistandan olan Çatayev bir neçə ay Gürcüstanda həbsdə olub. Mən Gürcüstanda hakimiyyətdə olanda hazırda Odessa polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhbərliyi ilə keçirilən antiterror əməliyyatı zamanı Əhməd Çatayev həbs edilmişdi. Həmin əməliyyat zamanı bizim təhlükəsizlik qüvvələrimizin 3 əməkdaşı da dünyasını dəyişmişdi. 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişərkən, rəhbər vəzifəsinə rusiyalı oliqarx Bidzina İvanişvili keçəndə, yeni hökumət bir çoxları kimi onu da siyasi məhbus hesab etdiyi üçün azadlığa buraxmışdı. Mən o zaman hələ də prezident idim və onun azadlığa buraxılmasına etiraz etdim. Lakin prokurorluq bu etirazı ləğv etdi. İndi o, çoxlu günahsızın ölümünə səbəb oldu”.
Oktyabr ayında Gürcüstanda parlament seçkilərinin keçiriləcəyini xatırladan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əsas rəqabətin Saakaşvilinin "Vahid Milli Hərəkat” Partiyası ilə Bidzina İvanişvilinin liderlik etdiyi "Gürcü arzusu” siyasi koalisiyası arasında gedəcəyi ehtimal olunur. Hətta Saakaşvilinin partiyasının qalib gələcəyi halda onun geri dönmə ehtimalı da var. Bu mənada Saakaşvilinin İvanişvili ilə rəqabət aparması və onun nöqsanlarını qabartması normaldır: "Amma konkret bu məsələnin rəqabət məqsədi ilə gündəmə gətirilmədiyini düşünürəm. Əgər deyilənlər həqiqətdirsə, bu çox ciddi məsələdir. Hesab edirəm ki, İvanişvili məsələyə aydınlıq gətirməlidir. Hətta Saakaşvilinin bu ittihamı ciddi xarakter alsa, Türkiyə də Gürcüstan hökumətindən məsələnin araşdırılmasını tələb edə bilər. Əfv olunan bir şəxsin sonradan terrorçu təşkilatlara qoşularaq bu qədər insanın ölümünə səbəb olan bir əməliyyatda iştirak etməsi sıradan bir məsələ deyil. Üstəlik də, Saakaşvilinin dövründə bu adam antiterror əməliyyatı zamanı həbs olunub. Qısa bir vaxtda bu adamın islah olunması mümkün görünmədiyi üçün İvanişvili onun hansı səbəblərdən azadlığa buraxılmasına aydınlıq gətirməlidir”.
Şəymən