“Saakaşvilinin partiyasının seçkidən qalib çıxmaq ehtimalı böyükdür”

“Səbəbi odur ki, “Gürcü Arzusu” hakimiyyətdə olduğu 4 il ərzində seçki ərəfəsində verdiyi vədlərin heç birinə əməl etmədi”


Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin təbliğat kampaniyası bitmək üzrədir. Seçkiyə az vaxt qalmış "Vahid Milli Hərəkat” Partiyası Tbilisidə yekun aksiya keçirib. Tədbirdə partiyanın lideri David Bakradze çıxış edib. O, çıxışında insanları oktyabrın 8-də keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.

Tədbirdə sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı, Zuqdidi bölgəsindən parlament seçkilərində deputatlığa namizəd irəli sürülən Sandra Rulofs və digər partiya üzvləri də çıxış ediblər. Sandra Rulofs çıxışında Mixail Saakaşvilinin Gürcüstana gəlişindən söhbət açıb. Onun sözlərinə görə, VMH partiyası yenə hakimiyyətə qayıdacaq: "Biz inkişaf prosesinə qayıdacaq və Gürcüstanı gücləndirəcəyik”. Aksiyada Saakaşvilinin video-müraciəti də səsləndirilib. O, oktyabrın 8-də baş tutacaq parlament seçkilərini tarixi gün adlandırıb və seçkilərdə qələbə qazanacaqlarına ümid etdiyini qeyd edib. Çıxışlar başa çatdıqdan sonra aksiya iştirakçıları Gürcüstan parlamentinin Tiflisdəki binasınadək yürüş ediblər. Qonşu ölkədə yaşayan soydaşlarımız da seçki prosesinin aktiv iştirakçılarıdır. Gürcüstandakı seçki həyəcanı ilə bağlı "Şərq”ə danışan Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov "Vahid Milli Hərəkat” Partiyasının seçkidən qələbə ilə çıxacağını deyib: "Parlament seçkisində 4 azərbaycanlı namizəd mübarizə aparır. Onlar indiki deputat Azər Süleymanov, Əhməd İmanquliyev və iki gənc namizəd - Samirə İsmayılova ilə Ramin Bayramovdur.

İki namizəd qələbəyə çox yaxın görünür. Onlar yerli dili yaxşı bilirlər. Samirə İsmayılova gürcü dilində mükəmməl danışır. O, Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının sədridir. Bolnisi 33-cü seçki dairəsindən namizədliyini majoritar qaydada irəli sürüb. Ramin Bayramov da bacarıqlı, savadlı gəncdir. O da "Vahid Milli Hərəkat” Partiyasının Qardabani şöbəsinin rəhbəri kimi majoritar qaydada deputatlığa namizədliyini verib. R.Bayramovun da seçkidən qalib çıxmaq şansı var. İki gəncin tərəfdarları kifayət qədər çoxdur. Azər Süleymanov isə artıq neçə ildir parlamentin deputatıdır. Əhməd İmanquliyev də "Milli Hərəkat” Partiyasından öz namizədliyini irəli sürüb. Ümid edirəm ki, gənclərin dəstəyi ilə müxalifət partiyası seçkidə yüksək səs toplayacaq”. Ə.Əsgərov bildirib ki, azərbaycanlıların yaşadığı Marneulidə "Milli Hərəkat” Partiyası öndə gedir: "Saakaşvilinin partiyasının seçkidən qalib çıxmaq ehtimalı böyükdür. Niyə Gürcüstanda yaşayan azərbaycanlılar müxalifət partiyasını dəstəkləyirlər? Səbəbi odur ki, "Gürcü Arzusu” hakimiyyətdə olduğu 4 il ərzində seçki ərəfəsində verdiyi vədlərin heç birinə əməl etmədi. Regiona investisiya qoymadı, yeni iş yerləri açmadı, kənd təsərrüfatının inkişafı üçün çalışmadı. Hakim partiyanın bölgədə gördüyü iş çoxlu banklar yaratmaq oldu. Bunun da səbəbi region əhalisini banklardan asılı vəziyyətə salmaq idi. Ona görə də camaat "Milli Hərəkat” Partiyasına meyl etməyə başladı”.

İsmayıl