Saakaşvilinin Ukrayna islahatı...

“Bu əməliyyatlar ancaq bir sistem halında özünü doğrulda bilər”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bir müddətdir ki, Ukrayna dövlət başçısı Petro Poroşenkonun əmri ilə bu ölkənin Odessa vilayətinin qubernatoru təyin olunub. Gürcü siyasətçi sözügedən posta gətirilən andan həmin vilayətdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə başlayıb.
Vilayət rəhbərliyinin toplantısında qanunsuzluğa, quldurluğa qarşı müharibə elan etdiyini vurğulayan Saakaşvili deyib ki, xalqın bundan sonra qarət edilməsinə, aşağılanmasına imkan verməyəcək: "İş yerləri yaratmaq istəyən investorları sıxışdırmaq, onları qorxutmaq kimi yaramaz əməlləri unudun!”.
Təbii ki, gürcü əsilli bir diplomatın Ukraynadakı proseslərə əl qatmasını əksər Ukrayna vətəndaşı təqdir edir. Buna rəğmən oradakı bəzi dairə və qüvvələr keçmiş prezidentin fəaliyyətini ciddiyə almır. Belə məmurlardan biri olan prokurorun müavini Tatyana Qornostayevanı reketdə, qanunsuzluqda suçlayıb və ona son xəbərdarlığını edərək "Ya qanunlara riayət edəcəksiniz, ya da həbsxanaya gedəcəksiniz”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, Saakaşvilinin qubernator təyin edildikdən sonra Odessada həyata keçirdiyi islahatların özünü doğruldub-doğrultmayacağı ilk növbədə Ukrayna hakimiyyətinin ölkə miqyasında aparacağı siyasətdən asılıdır: "Ukrayna siyasi hakimiyyətində anti-korrupsiya meyilləri olmasa, rüşvətxorlara qarşı dövlət səviyyəsində mübarizə aparılmasa, bir tək Odessa vilayətində bu mübarizəni həyata keçirmək mümkün olmayacaq. Bu əməliyyatlar ancaq bir sistem halında özünü doğrulda bilər. Odur ki, Saakaşvilinin uğuru Ukrayna mərkəzi hakimiyyətinin siyasətindən asılı olacaq. Düzdür, yerli səviyyədə müəyyən uğurlara nail olmaq olar, hansı ki, burada söhbət o qədər də böyük uğurlardan getmir”.
Politoloqun sözlərinə görə, apardığı islahatlarda Saakaşvilinin öz kadrlarından istifadə etməsinə müəyyən mənada neqativ yanaşmalar olsa da, bu onun fəaliyyətində elə bir narahatlıq doğurmayacaq: "Çünki Saakaşvilinin bunu Ukrayna hökuməti ilə razılaşdırmadığını düşünmürəm. Çox güman ki, gürcü kadrların Odessada vəzifəyə gətirilməsi əvvəlcədən razılaşdırılıb”.
Şəymən