Gürcüstan cəmiyyəti yeni tarix yaza bilər
Əgər Qriqol Vaşadze seçilərsə, xalqın dəstəyinə arxalanıb, İvanişvili sistemini siyasi səhnədən uzaqlaşdıracaq
Qonşu Gürcüstanda prezident seçkilərinin ikinci turu 28 noyabrda keçiriləcək. Prezidentliyə namizədlər - Salome Zurabişvili və Qriqol Vaşadze arasında gedən gərgin təbliğat kampaniyası sona çatmaq üzrədir. Keçirilən rəy sorğularına görə, prezident seçkisinin ikinci mərhələsində müxalif cinahın namizədi Qriqol Vaşadze hakim "Gürcü Arzusu”nun dəstəklədiyi Zurabişvilini üstələyə bilər. "Edison Risöç” şirkətinin apardığı tədqiqatın nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 37 faizi Vaşadzeyə, 35 faizi isə Zurabişviliyə səs verməyə hazır olduqlarını bildiriblər. Bitərəf şəxslərin səsləri isə namizədlər arasında bölünüb. Bu nəticəyə əsasən, 52 faiz seçicilərin Vaşadzeyə, 48 faizin isə Zurabişviliyə səs verəcəkləri bəlli olub. Ancaq ekspertlərə görə, rəy sorğuları həqiqi seçki nəticəsini əks etdirmir. Bir gün sonra baş tutacaq seçkidə ilkin nəticələr kökündən dəyişə bilər.
Gürcüstandakı prezident seçkisi öncəsi gedən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, seçkilərin ikinci turunda Saakaşvilinin yaxın silahdaşı, müxalifətin əsas namizədi Qriqol Vaşadzenin qalib gəlmə şansı yüksəkdir. Qərb ölkələri də məhz Vaşadzeni dəstəkləyir:
"Mixail Saakaşvili Qərbdə dəstək verdiyi siyasi bloka və namizəd Vaşadzenin lobbiçiliyini həyata keçirməkdədir. Hakimiyyətin namizədi olan Salomi Zurabişvilinin qalib gəlməsi yalnız hakimiyyətin inzibati resurslardan istifadə edərək saxtakarlığa getməsi ilə mümkündür. Gürcüstan xalqı birmənalı şəkildə oliqarx İvanişvili sistemindən narazıdır. Onlar əminliklə deyirlər ki, formalaşan gürcü hökuməti formaldır. Əsas siyasi hakimiyyəti İvanişvili idarə edir. O da reketçiliyə üstünlük verir. Gürcüstanda bu illər ərzində İvanişvili xalqın sosial rifahının yüksəldilməsi, siyasi islahatların dərinləşməsi üçün yetərincə işlər görmədi. Xalq bunun fərqində olduğu üçün Saakaşvili siyasi sisteminin qurulmasını istəyir. Bir Gürcüstan vətəndaşı deyir ki, "Saakaşviliyə qədər Gürcüstan dövləti yox idi. Saakaşvili dövləti yaratdı, demokratiyanı gətirdi, İvanişvili gəlişi ilə dövlətin sütunlarını, demokratiyanı dağıtmaqla məşğuldur, heç birimizin təhlükəsizliyinə zəmanətimiz yoxdur”.
Analitik bildirib ki, prezident seçkiləri Gürcüstanın siyasi həyatında önəmli seçki olacaq:
"Bu seçki, Gürcüstan tarixində iki siyasi gücün revanş savaşı olacaq. Rusiya İvanişvili sisteminin hakimiyyətdə qalmasına maraqlıdır. Əgər Qriqol Vaşadze seçilərsə, xalqın dəstəyinə arxalanıb, İvanişvili sistemini siyasi səhnədən uzaqlaşdıracaq. Növbədənkənar parlament seçkilərinə gedərək, ölkədə yeni hakimiyyət formalaşdıracaq. Təbii ki, bundan sonra Saakaşvili yenidən Gürcüstana dönə bilər. Gürcüstan azərbaycanlıları əvvəlki seçkilərdən fərqli olaraq indiki seçkilərdə daha da fəaldırlar. Onlar Saakaşvilinin yenidən hakimiyyətə gəlməsinin arzusundadır.
Seçkilərin birinci turunda da azərbaycanlılar müxalifətin əsas namizədi Vaşadzeyə səs verdilər. Bundan sonra Gürcüstan azərbaycanlıları siyasi cəhətdən toparlanmalı, Gürcüstanın siyasi həyatında mühüm və söz sahibinə çevriləcək bir toplum olmalıdır. Əgər siyasi cəhətdən azərbaycanlılar fəal olsalar, rəsmi Tiflisin diskriminasiya siyasətinin qarşısını ala bilərlər”.
İsmayıl