Sabah Türkiyədə referendum keçiriləcək

Hüquq-mühafizə orqanları 24 saat xidmət başındadır ki, bir hadisə baş verməsin


Türkiyədə aprelin 16-da referendum keçiriləcək. Ümumxalq səsverməsində 51 milyon seçicinin iştirakı gözlənilir. Qardaş ölkənin taleyini müəyyənləşdirəcək referendum dünyanın diqqət mərkəzindədir. Hazırkı situasiya referendumun gərgin keçəcəyindən xəbər verir.

Müxalif Milliyətçi Hərəkat Partiyası hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyir. Cümhuriyyət Xalq Partiyası və kürd yönümlü Xalqların Demokratik Partiyası isə referenduma qarşı çıxır. Son rəy sorğularına əsasən Türkiyə konstitusiyasına edilən dəyişikliyə seçicilərin 51.5 faizi "hə”, 48.5 faizi isə "yox” deyir. Ancaq hazırda Türkiyə hökumətini narahat edən ən mühüm məsələ referendum günü baş verə biləcək terror hadisələrinin qarşısını almaqdır. Kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlara görə, 16 aprel tarixində İŞİD və PKK müəyyən yerlərdə terror aktları törətməyi planlaşıdırır. Ötən gün Türkiyənin Mersin şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 9 nəfər İŞİD üzvünün də referendum günü ölkəni qana boyamaq üçün hazırlaşdıqları ortaya çıxıb. İstanbulda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində də beş nəfər həbs edilib. Araşdırma zamanı məlum olub ki, həbs edilən şəxslər aprelin 16-da terror aktları törətməyi planlaşdırıblar. İŞİD-çilərdən silah-sursat aşkar edilərək götürülüb.

Terror təhlükəsi ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, referendumun əleyhinə çıxan bütün güc mərkəzləri fəaliyyətə keçib. Bu savaş informasiya savaşından tutmuş terror hadisələrinə qədər özünə büruzə verir: 

"Aprelin 16-na kimi, hətta referendum günü Türkiyədə hər cür dəhşətli hadisənin, faciəli olayın yaşanması mümkündür. Ölkənin hüquq-mühafizə orqanları nə qədər dəqiq işləsələr də, ən azından kamikadze formasında terror törətmək reallaşa bilər. Son günlər Rusiya tərəfi Türkiyəyə təyyarə reyslərini təxirə salıb. Türkiyə rəhbərliyi ilə yanaşı, qonşu Rusiya da yaxşı anlayır ki, 16 aprel referendumunu istəməyən beynəlxalq güclər hər cür məkirli plana əl ata bilərlər. Xüsusən, güclü Türkiyə görmək istəməyən xain qüvvələr istənilən an terrorçurlardan maşa kimi istifadə edirlər. Onlar qardaş ölkənin qarışmasında maraqlıdırlar. Terrorla yanaşı, Türkiyə dövlət başçısına sui-qəsd ehtimalı da böyükdür. Fikir verirsizsə, bir aydan çoxdur ki, Ərdoğan heç bir xarici ölkəyə səfər etmir. Hüquq-mühafizə orqanları 24 saat növbəli şəkildə xidmət başındadırlar. Qabaqlayıcı həbslərlə, ayıq-sayıqlıqla terror hadisələrinin qarşısını almağa çalışırlar. İnşallah, hər cür təhdid əvvəlcədən aşkara çıxar və Türkiyəmiz terror bəlasından qurtular”.

İsmayıl